Slimfit
  1. SİYASƏT

“Paşinyan hakimiyyətini çıxılmaz vəziyyət gözləyir”

“Paşinyan hakimiyyətini çıxılmaz vəziyyət gözləyir”
Sakura

“Paşinyan hakimiyyətini çıxılmaz vəziyyət gözləyir”

Ermənistan arasında çəmbər daralır: İrəvanın yeni sahiblərinin ümid etdiyi Qərb işğal siyasətinə qarşı çıxır; Rusiya Paşinyan hakimiyyətini sıxmaqda davam edir; ermənilər çıxış yolu kimi ABŞ-ın sanksiyaları altında əzilən İrana üz tutur;

Regiona səfər edən Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Bakıda Prezident İlham Əliyevlə görüşdə Dağlıq Qarabağ münaqişəsi haqqında danışarkən, “Aİ Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir” deyə bəyan etdi. İrəvanda Paşinyanla media qarşısına çıxan Tusk Ermənistanın irəli sürdüyü “öz müqəddəratını təyin etmə” tezisinə toxunmadı və beləliklə, Avropa İttifaqının Qarabağ münaqişəsinə yanaşmasını rəsmi şəkildə ortaya qoydu.

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aktivliyini artırır və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini özündə ehtiva edən təkliflər irəli sürür. XİN rəhbərlərinin sonuncu Vaşinqton görüşündə işğalçının danışıqları uzatmaq planları puç oldu. Təsadüfi deyil ki, ABŞ-da erməni lobbisi həyəcan təbili çalır və status-kvonu saxlamaq üçün “atəşkəsə nəzarət mexanizmi”ni gündəmə gətirir, hərçənd, Tramp Administrasiyasının mövqeyi və ABŞ-ın geosiyasi planları erməni lobbisinin bu oyunlarının baş tutmayacağını deməyə əsas verir. Xüsusilə Vaşinqtonun Bakıya verdiyi önəm, regionla bağlı strategiyada Azərbaycanın əhəmiyyəti və Prezident İlham Əliyevin siyasi manevrləri işğalçının okeanın o tayından gözlədiyi ümidlərin nəticə verməyəcəyini deməyə əsas verir.

Və Ermənistanın tarix boyu bel bağladığı Rusiya artıq “silahlarını” İrəvana tuşlayıb. Bu ilin 1 yanvar tarixindən etibarən Rusiya Ermənistana min kubmetr qazı 150 dollara yox, 165 dollara satmağa başladı. “Jamanak” qəzetinin məlumatına görə, 2020-ci ilin yanvarından başlayaraq, Moskva qazın qiymətini 200 dollara qaldıracaq. Rəsmi İrəvan bunu təsdiqləməsə də, təkzib də etmədi. Ermənistanın ictimai xidmətlərin nizama salınması komissiyasının (KROU) sədri Hereqin Baqramyan bildirib ki, “danışıqlar davam edir, hər şey 2020-ci ildə vəziyyətin necə olacağından asılıdır”. Ermənistan mediası hakimiyyətin artıq qazı 200 dollara almaq üçün hazırlıq gördüyünü, paralel olaraq, alternativlər axtardığını yazır.

Rusiyanın bu gedişi Ermənistan üçün ağır günlər vəd edir. Çünki 2 milyard kubmetr olan daxili istehlakın 100 faizi idxal hesabına təmin edilir və 200 dollarlıq qiymətlə bunu təmin etmək mümkün deyil.

Ermənistan ya soyuqdan donmalı, ya da Rusiyanın yeni şərtləri ilə razılaşmalıdır: Qərbyönümlü siyasətdən imtina, keçmiş prezident Robert Koçaryanın və onun ətrafındakı komandanın toxunulmazlığının təmin edilməsi və böyük ehtimalla Dağlıq Qarabağ münaqişəsində Moskvanın irəli sürdüyü təkliflərlə razılaşmaq.

Rusiyanın “qaz dəyənəyi”ni Paşinyanın başının üstündə yellədiyini yazan erməni şərhçi Tevos Arşakyan da iddia edir ki, “Moskva bu təzyiqlərlə öz istəklərini Ermənistana qəbul etdirməyi planlaşdırır və bu istəklərdən biri də Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasıdır”.

Paşinyan hakimiyyətini faktiki olaraq çıxılmaz vəziyyət gözləyir.

– Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər iki cəbhənin – ABŞ və Rusiyanın təklifləri ərazilərin azad edilməsini nəzərdə tutur. Bundan imtina etmək Azərbaycan Ordusunun öz torpaqlarımızda anti-terror əməliyyatlarına başlamasına beynəlxalq səviyyədə zəmin yaradacaq;

– Rusiyanın istəyinə uyğun olaraq “Qərbdən imtina” Nikol üçün sələfi Sarkisyanın vəziyyətinə düşmək deməkdir. Bununla yanaşı, onun hakimiyyətinə gəlişinə vəsilə olan erməni diasporu/lobbisi üz döndərə və dəstəyi kəsə bilər;

– Koçaryanın timsalında “Qarabağ klanı”na toxunulmazlıq vermək özünün siyasi hakimiyyətinə qarşı könüllü “bomba” hazırlamaqdır.

Nikol Paşinyan gözlənilən təhlükələrə qarşı önləyici tədbirlər hazırlayır və bu tədbirlər olduqca gülüncdür.

Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan iyulun 9-da bildirdi ki, İrəvan Tehranla müxtəlif məhsullar qarşılığında qaz almağı müzakirə edir. İyulun 10-da isə Nikol Paşinyan İran prezidenti Nikol Paşinyanla telefon danışığı aparıb. Ermənistan mediası tərəflər arasında qaz məsələsinin müzakirə olunduğunu yazır.

Ermənistan Rusiyanın qazın qiymətini artırmaq istəyinə qarşı İranı alternativ mənbə olaraq görür. Tehran Ermənistan bazarında bu və ya digər formada təmsil olunmaq regional planları fonunda maraqlıdır, xüsusilə ABŞ sanksiyaları Ermənistanın İran üçün “çirkli zona” rolunu oynaması perspektivi var. İran bundan əvvəlki sanksiyalar dövründə də Ermənistandan “çıxış” kimi istifadə edirdi. Lakin ABŞ-ın bu dəfə daha ağır sanksiyalar tətbiq etmək və buna paralel olaraq, Tehrana qarşı müharibəyə hazırlaşması “İran dəhlizinin” Ermənistan üçün əvvəlki effekti verməyəcəyini, əksinə, Paşinyan hakimiyyətini Vaşinqtonun sanksiyaları altına düşməsinə səbəb olacağını deməyə əsas verir.

Göründüyü kimi, Ermənistan ətrafında çəmbər daralır və bu, işğalçı ölkə üçün Azərbaycan torpaqlarını əlində saxlamağın getdikcə daha çətin olduğunu göstərir. Bu situasiyada Ermənistanın yeganə yolu işğala son qoymaq və regional layihələrdə iştirak etməkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR