Pandemiyadan zərər görən bağça müdiri dövlət dəstəyindən danışdı
Koronavirus pandemiyasından bir çox sahibkar zərər görüb. Bunun qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramlarının icrası davam etdirilir.
Bu günə qədər 23 minə yaxın fərdi sahibkar artıq həmin maliyyə yardımından yararlanıb. Onların bank hesablarına təyin olunan məbləğin köçürülməsi təmin olunub.
Təhsil müəssisələrinin fəaliyyətinin müvəqqəti dayandırılması bir sıra özəl təhsil müəssisələrinin də işinə təsirsiz ötüşməyib. Elə Baku.Tv-nin çəkiliş apardığı uşaq bağçası da koronavirusdan zərər görən sahibkarlıq obyektlərindən biridir.
Mart ayının 3-dən etibarən bağça müvəqqəti olaraq fəaliyyətini dayandırıb. 15-ə yaxın əməkdaş isə məcburi məzuniyyətə göndərilib.
Bağçanın müdiri Könül Məmmədova bildirir ki, pandemiyadan zərər görən sahibkarlardan olduğu üçün o da dövlətə müraciət edib. Onun müraciətinə qısa müddətdə baxılaraq, müsbət cavab verilib.
Bu yardımdan yararlanan sahibkar xanım dövlət başçısının ölkədə sahibkarlara daim diqqət göstərdiyini deyir. K.Məmmədova dövlətin hər zaman olduğu kimi, bu çətin vəziyyətdə də onların yanında olmasına görə, ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 31 180 vergi ödəyicisindən müraciət daxil olub. Müraciətlərdən 30 minə yaxını araşdırılaraq təsdiqlənib.
Bu günə qədər 22 949 fərdi (mikro) sahibkarın bank hesabına 18 milyon 65 min manat vəsaitin köçürülməsi təmin olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət