Slimfit
  1. MARAQLI

Paltarımızı yumaqdan imtina etməliyikmi?

Paltarımızı yumaqdan imtina etməliyikmi?
Sakura

Paltarımızı yumaqdan imtina etməliyikmi?

"Belə bir yazılmamış qayda var: nəyisə yumağa ehtiyac yoxdursa, onu yumayın", - moda dizayneri Stella McCartney bunu Observer nəşrinə müsahibəsində deyib.

O, əlavə edib ki, bu məsləhəti Londondakı nüfuzlu Savile Row sifarişli paltar tikişi şirkətində işləyərkən eşidib.

Onun sözlərinə görə, paltarı yumaq əvəzinə məsləhət görülür ki, "çirk quruduqdan sonra, paltar quru çirkdən fırçalanaraq təmizlənsin".

Ola bilsin ki, bu, müsahibənin sonunda deyilmiş ötəri fikir olub, lakin oxucuları təsirləndirib - onların çoxu paltaryuyan maşından həftədə bir neçə dəfə istifadə edir.

Görəsən, o haqlıdırmı? Paltarı yumamaq daha yaxşıdırmı?

Planeti öldürən mikrolif

Bu, ilk dəfə deyil ki, McCartney paltarları yumamağı məsləhət görür.

Əslində, o, uzun müddətdir ki, paltaryuyan maşınlardan istifadə etməməyə çağırıb.

Onun fikrincə, bunun həm paltarların uzunömürlülüyünə, həm də təbiətə müsbət təsiri olur.

"Plastic Soup" fondundan Diáz Sánchez bununla razılaşır.

Xüsusilə də, onun qənaətincə, bu, dəbdəbəli dükanlardan alınan bahalı paltarlara aiddir, çünki onların tərkibində poliester və akril kimi sintetik materialların miqdarı daha çox olur.

"Hər dəfə paltar yuduğumuz zaman orta hesabla doqquz milyon [plastik] mikrolif ətraf mühitə atılır, - o, BBC-yə bildirib. - Paltarın necə yuyulmasının, paltarın nədən hazırlanmasının buna təsiri olur - lakin ümumilikdə götürəndə, nə qədər çox paltar yuyulursa, o qədər də çox mikrolif tullanır."

O məsləhət görür ki, paltarı paltaryuyan maşında yuyanda aşağı temperaturlu rejim seçilsin və maye yuyucu vasitədən istifadə olunsun.

"Toz yuyucu vasitələr paltaryuyan maşında [yuyulma prosesi zamanı] parçalar arasında sürtünmə yaradır, nəticədə daha çox mikrolif çıxır, maye yuyucu vasitə isə sürtünmə yaratmır. Ümumiyyətlə, daha az sürtünmə daha az mikrolifin tullanması ilə nəticələnir".

Elə bu səbəbdən də o, paltaryuyan maşına həddən çox paltar yükləməyi məsləhət görmür - paltar nə qədər az olarsa, sürtünmə də bir o qədər azalar.

Paltarın qayğısına qalmaq sənəti

Lakin söhbət yalnız mikroliflərdən getmir. Paltarın tez-tez yuyulması onun ömrünü kəskin sürətdə azaldır, onun atılmasına və yenisinin alınmasına səbəb olur.

Westminster universitetinin moda dizaynı kursunun rəhbəri Andrew Groves BBC-yə deyib ki, paltaryuyan maşınında sürtünmə ləkələri təmizləyir, lakin eyni zamanda paltarın görünüşünü korlayır və rəngini aparır.

"Mənim qarderobumda yaşı onillərlə ölçülən paltarlar var, onlar təptəzə kimi görünürlər, çünki mən paltarın qayğısına qalmağın yolunu bilirəm", - o deyir.

Bu qayda xüsusilə qadın alt paltarına aiddir.

McCartney Observer-ə bildirib ki, o, "büstqalterini hər gün yumaz".

Dizayner Naomi De Haan onun fikriylə razılaşır.

O, qadınlara büstqalterlərini təxminən beş dəfə geydikdən sonra ilıq suda yumşaq şampunla əllə yumağı məsləhət görür.

İdman büstqalterlərinə gəldikdə isə Naomi onları daha tez-tez yumağı tövsiyə edir.

"Büstqalter maşında yuyulanda öz formasını itirə bilər. ipək kimi nazik parçalardan tikilmiş yerləri dağıla, rəngi sola bilər", - o deyir.

Lakin əgər paltaryuyan maşından mütləq istifadə olunmalıdırsa, onda alt paltarın bütün düymə-qarmaqlarını açın, alt paltar üçün nəzərdə tutulan xüsusi dəlikli torbaya yerləşdirin, yuyanda çox isti sudan istifadə etməyin, qurudanda isə yastı səthin üstünə sərib və ya ipdən asıb qurudun.

Əsası isə odur ki, onu paltaryuyan maşınında qurutmayın.

Cins şalvarınıza dəyməyin

Ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən Wrap xeyriyyə təşkilatının "Paltarınızı sevin" kampaniyasının rəhbəri Sarah Clayton cins şalvarları yumaq əvəzinə havaya verməyi təklif edir.

"Şalvara ləkə düşürsə, şalvarı bütövlükdə yumaqdansa, məhz həmin ləkəni təmizləyin", - o deyir.

Cins şalvarını yumamaq təklifi təəccüblü görünə bilər, lakin cins şalvarlarından başı çıxan bir nəfər - Levi's şirkətinin direktoru Chip Bergh - and içir ki, bu mümkündür.

2014-cü ilin mayında Chip Bergh-in fərəh hissiylə cins şalvarını heç vaxt yumadığını deməsi təəccüblə qarşılanmışdı.

O zamandan bəri az qala artıq beş il keçib.

Bu yaxınlarda, mart ayında Chip Bergh yenidən bu mövzuya qayıdaraq CNN-ə bildirib ki, cins şalvarını artıq 10 ildir ki geyir, amma indiyədək hələ də yumayıb.

Professor Groves Chip Bergh-in fikirlərini bölüşür və mikrobları öldürmək üçün cins şalvarı soyuducuda saxlamağı məsləhət görür.

"Tanıdığım adamların çoxu cins şalvarlarını heç vaxt yumurlar. Bu bir az təəccüblü görünə bilər, çünki onlar həmin şalvarı hər gün geyinirlər, - o deyir. - Lakin onlar bu yolla cins şalvarının rəngini solmaqdan qoruyurlar".

O, ümid edir ki, insanlar bu cür yanaşmanı digər paltarlara da sərgiləyəcəklər - təkcə cins şalvarlara yox.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR