Slimfit
  1. HƏRB

Pakistanlı general: 'Ordu Azərbaycanın inkişafında heyrətamiz səylər göstərir'

Pakistanlı general: 'Ordu Azərbaycanın inkişafında heyrətamiz səylər göstərir'
Sakura

Pakistanlı general: 'Ordu Azərbaycanın inkişafında heyrətamiz səylər göstərir'

Azərbaycan Pakistandakı səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Qlobal və Strateji Araşdırmalar Mərkəzi (CGSS) ilə birgə Azərbaycan Silahlı Qüvvələrinin (SQ) formalaşmasının 102-ci ildönümünə həsr olunan “Azərbaycan-Pakistan müdafiə əməkdaşlığı: Uğurlar və Fürsətlər” adlı beynəlxalq vebinar təşkil edib.

Ens.az xəbər verir ki,Səfirlikdən "Report"a verilən məlumata görə, vebinarda Pakistanın Milli Təhlükəsizlik üzrə sabiq məsləhətçisi, ehtiyatda olan general-leytenant Nasir Xan Cancua; CGSS-in prezidenti, ehtiyatda olan general-mayor Seyid Xalid Əmir Cəfri, Pakistanın Azərbaycandakı hərbi attaşesi, polkovnik Nadim Çoudri, CGSS-in icraçı direktoru Xalid Teymur Əkrəm, Azərbaycan və Pakistan hərbçiləri, ekspertlər, eyni zamanda müxtəlif ölkələrin Pakistandakı hərbi attaşeləri iştirak edib.

Vebinarın açılış nitqini söyləyən CGSS-in icraçı direktoru Xalid Teymur Əkrəm Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdırıb, iki ölkə arasındakı mövcud yaxın münasibətlərdən söz açıb və ikitərəfli hərbi əməkdaşlığın qısa tarixçəsinə toxunub.

Daha sonra çıxış edən CGSS-in prezidenti, ehtiyatda olan general-mayor Seyid Xalid Əmir Cəfri Pakistanla Azərbaycan arasındakı tarixi əlaqələrdən bəhs edib, hər iki ölkənin Dağlıq Qarabağ və Kəşmir məsələlərində bir-birinə dəstək verdiklərini, eyni zamanda müdafiə sahəsində münasibətlərin geniş olduğunu vurğulayıb. O, 2015-ci ildə Pakistan Prezidentinin ölkəmizə səfəri, 2019-cu ildə Azərbaycanın Müdafiə nazirinin Pakistana səfəri zamanı, həmçinin hərbi sahədə fəaliyyət göstərən işçi qrupunun iclaslarında müdafiə texnologiyası, hərbi-texniki əməkdaşlıq, zabitlərin kurslarda iştirakı və digər bu kimi məsələlərin müzakirə olunduğunu bildirib.

Vebinarda çıxış edən Azərbaycan Silahlı Qüvvələrinin Pakistandakı hərbi attaşesi polkovnik Mehman Novruzov Silahlı Qüvvələrin yaranma tarixi və inkişaf yolundan danışıb. O, Azərbaycanın Xalq Cümhuriyyəti dövründə olduğu kimi, müstəqilliyin bərpasından sonra da Azərbaycanın erməni təcavüzü və terroru ilə üzləşdiyini, nəticədə 1988-93-cü illərdə əzəli torpaqlarımızın erməni işğalına məruz qaldığını qeyd edib. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə qəbul etməsinə baxmayaraq, bu qətnamələrin Ermənistan, eləcə də BMT TŞ-na daimi üzv olan ölkələr tərəfindən icra olunmadığını bildirən M.Novruzov Azərbaycan dövlətinin və xalqının Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və ətraf rayonlarının erməni terrorçuları tərəfindən mövcud işğalı faktı ilə heç vaxt barışmayacağını və Ali Baş Komandan – Prezident İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasətin nəticəsi olaraq işğal altında olan torpaqlarımızın azad ediləcəyi günün çox yaxında olduğunu vurğulayıb. O, müasir silahlarla silahlanmış, peşəkar və vətənpərvər kadrlara sahib Azərbaycan ordusunun 138 dünya ölkələrinin silahlı qüvvələrinin qlobal reytinqi siyahısında 64-cü yerdə olduğunu, Azərbaycan ordusunun 2016-cı ilin aprel qələbəsi və 2018-ci ildə keçirilmiş uğurlu Naxçıvan əməliyyatı, eləcə də Azərbaycan ordusunun beynəlxalq hərbi əməkdaşlığı, o cümlədən Pakistanla hərbi əməkdaşlığı haqqında məlumat verərək iki ölkə arasında hərbi münasibətlərin dinamik inkişaf etdiyini qeyd edib. 

Daha sonra çıxış edən Pakistanın Azərbaycandakı hərbi attaşesi, polkovnik Nadim Çoudri də Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu, hər iki ölkənin İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzü və Cəmmu və Kəşmir üzrə Təmas Qruplarının üzvü olduğunu qeyd edib, ikitərəfli hərbi əməkdaşlığın əsasının 1994-cü ildə Pakistanın ölkəmizdə səfirlyinin fəaliyyətə başlaması ilə qoyulduğunu diqqətə çatdırıb.

O, ölkə prezidentlərinin qarşlıqlı həyata keçirdikləri rəsmi səfərləri xatırladaraq, 2015-ci ildə iki ölkə arasında Strateji əməkdaşlıq haqqında Bəyannamənin imzalanması ilə təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu söyləyib. N.Çoudri son üç ildə hərbi sahədə Pakistandan Azərbaycana 52, ölkəmizdən Pakistana isə 42 səfərin gerçəkləşdiyini bildirib, indiyə qədər 350-dən çox azərbaycanlı hərbçinin Pakistanda müxtəlif kurslarda iştirak etdiyini vurğulayıb. 

Azərbaycan Pakistandakı səfirliyinin adından iştirakçıları salamlayan səfir Əli Əlizadə çıxış edərək, Azərbaycan və Pakistanın iki qardaş xalqın iradəsini əks etdirən möhkəm dostluq və strateji tərəfdaşlıq münasibətlərinə malik olduqlarını bildirmiş, bu münasibətlərin ən əhəmiyyətli sahələrindən birinin müdafiə, təhlükəsizlik və hərbi sahələrdə mövcud olan əməkdaşlıq və strateji tərəfdaşlıq olduğunu vurğulamış və hər iki ölkənin rəhbərliyinin səyləri və müsbət yanaşmaları səbəbindən qeyd olunan sahələrdə yüksəlişin olduğunu qeyd etmişdir. Azərbaycanın Silahlı Qüvvələr günü münasibətilə ölkə xalqına, Ali Baş Komandana və SQ-nin şəxsi heyətinə təbriklərini çatdıran səfir Ə.Əlizadə, Azərbaycanın təcavüzkar Ermənistanla münaqişəsinin olmasına və ölkə ərazilərinin 20%-nin işğal altında olmasına baxmayaraq, Azərbaycan Respublikasının ordu quruculuğu sahəsində böyük işlər gördüyünü və ölkənin Ali Baş Komandanının rəhbərlik etdiyi Azərbaycan Ordusunun regionun ən güclü ordularından birinə çevrilərək, işğal olunmuş ərazilərimizi istənilən vaxt azad etmək iqtidarında olduğunu vurğulanıb.

Səfir həmçinin, Pakistan SQ-nin və ölkə rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyi dəstəyin və işğalçı erməni qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasının tələb etməsinin Azərbaycan Hökuməti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini söyləmiş və davam edən əməkdaşlığa görə Pakistan SQ-yə və ölkə rəhbərliyinə təşəkkür edib.

Vebinarın fəxri qonağı qismində çıxış edən Pakistanın Milli Təhlükəsizlik üzrə sabiq məsləhətçisi, ehtiyatda olan general-leytenant Nasir Xan Cancua bu gün Azərbaycan Silahlı Qüvvələrinin 102-ci ildönümünün Pakistanda qeyd olunmasının onun üçün çox əhəmiyyətli olduğunu vurğulayıb, Azərbaycan Ordusunun ölkənin inkişafı və çiçəklənməsi, xüsusən də ölkəmizin müdafiəsi sahəsində göstərdiyi səylərin heyrətamiz olduğunu söyləyib, vebinarda fəxri qonaq qismində iştirak etməkdən böyük qürur duyduğunu diqqətə çatdırıb.

O, Azərbaycanın rəhbərliyinə və xalqına böyük hörmət bəslədiklərini, Pakistanın Azərbaycanın müstəqilliyini tanıdıqdan dərhal sonra bu ölkəyə öz dəstəyini göstərdiyini, indiyə qədər Ermənistanı müstəqil dövlət kimi tanımadığını bildirib. N.X.Cancua 2012-ci ildə Pakistan Senatının Xarici əlaqələr üzrə komitəsinin Xocalı soyqırımını tanıyan və Azərbaycana dəstək ifadə edən qətnamə qəbul etdiyini də xatırladıb, Pakistanın ölkəmizə müxtəlif müdafiə sənayesi məhsulları, o cümlədən Super Muşşak təlim təyyarələrini və JF-17 qırıcılarını təklif etdiyini nəzərə çatdırıb, gələcəkdə də iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın davam edəcəyinə əminliyini ifadə edib. 

Çıxışının sonunda Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyini və şəxsi heyətini təbrik edən ehtiyatda olan general, ordumuza tezliklə işğal olunmuş ərazilərimizin düşməndən azad edilərək, ərazi bütövlüyümüzün bərpa olunmasını arzulayıb.

Vebinarda Azərbaycan SQ-yə aid hazırlanmış qısa video-material da nümayiş etdirilmiş, həmçinin iştirakçıların mövzu ilə bağlı fikir və təəssüratları da dinlənilmiş və sualları cavablandırılıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR