Özünüməşğulluğa cəlb olunmuş şəxsdən alınan əmlak satılaraq pulu Dövlət Məşğulluq Xidmətinə köçürüləcək
Nazirlər Kabineti “Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”nı təsdiq edib.
"Report"un məlumatına görə, bununla bağlı qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakın digər özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi mümkün olmadıqda, həmin əmlakın açıq hərraclarda satılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən satıcıya müraciət ediləcək və müqavilə bağlanılacaq.
Eyni zamanda satıcı hərracın keçirilməsi üçün satışa çıxarılan əmlakın yerləşdiyi ərazi üzrə Xidmətin şəhər, rayon məşğulluq orqanlarının (1 nəfər), İqtisadiyyat Nazirliyinin regional bölməsinin və Maliyyə Nazirliyinin rayon (şəhər) maliyyə şöbəsinin (hər birindən 1 nəfər), Satıcının (1 nəfər) və yerli özünüidarəetmə orqanının (1 nəfər) nümayəndələrindən ibarət 5 nəfərlik tərkibdə komissiya yaradacaq.
Sənəddə qeyd olunub ki, əmlakın satışından daxil olan vəsaitlər həmin əmlakın saxlanılması, satışı, qiymətləndirilməsi və ekspertizadan keçirilməsi ilə bağlı xərclər çıxılmaqla, 3 (üç) iş günü müddətində DMX-nin hesabına köçürüləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət