Slimfit
  1. DÜNYA

Övladına velosiped almayan xəsis milyarderin 100 milyard dollarlıq xeyriyyə işləri

Övladına velosiped almayan xəsis milyarderin 100 milyard dollarlıq xeyriyyə işləri
Sakura

“Böyük xərclərdən qorxmaq lazım deyil, kiçik gəlirlərdən qorxmaq lazımdır” - Con Rokfeller

“Böyük xərclərdən qorxmaq lazım deyil, kiçik gəlirlərdən qorxmaq lazımdır”
                                                                                                     Con Rokfeller

Onun həyatda iki böyük arzusu olub, 100 min dollara sahib olmaq və 100 yaşına qədər yaşamaq. Con Rokfeller birinci arzusuna qədərindən də çox çatıb, ikinci arzusu isə həyata keçməyib. 318 milyard dollara sahib olan Rokfeller 97 il yaşayıb.

Con Rokfeller 8 iyul 1839-cu ildə ABŞ-ın Nyu-York ştatının Riçford şəhərində anadan olub. Atası özünü “Botanik həkim” adlandıraraq naməlum mənşəyə mənsub olan müxtəlif cövhərlər sataraq pul qazanıb və vaxtının əsas hissəsini əyləncələrinə sərf edib. Tanıyanlar onu fırıldaqçı adlandırıblar. Elə bu səbəbdən də Conu anası və keşiş tərbiyə edib.

Amerikanın ilk milyarderi olan Con Rokfeller qazanc baxımından dünyanın bəlkə də ən şanslı insanı olub. O, yeddi yaşından pul qazanmağa başlayıb. Hind quşu saxlamaqla, qonşularının əkin-biçininə kömək etməklə uşaqlıqdan əli pulla oynayıb. Rokfeller uşaq yaşlarından fermada işlədiyindən orta təhsil də almayıb.

Alış-verişdən az-çox başı çıxan Con orda-burda pul qazanmaqla yanaşı üç aylıq mühasibatlıq kurslarına gedib. 16 yaşına çatanda özünə qarşı böyük inamı olan Rokfeller daha çox pul qazanmaq üçün əyalət mühitindən çıxmaq qərarına gəlib. Bir neçə həftə iş axtardıqdan sonra, nəhayət, onu “Xyuitt and Tatti” şirkətində mühasib köməkçisi vəzifəsinə götürüblər. Gənc Rokfeller şirkətdə qısa müddət ərzində öz iş məhsuldarlığını nümayiş etdirməyi bacarıb. Qaraqabaq, az danışan, ciddi görkəmli gələcək milyarderin iş rejimi də digərlərindən fərqli olub. Onun iş günü 6.30-da başlayıb, 22.30-da isə sona çatıb. Bütövlükdə özünü işə həsr edən Rokfeller nə içki içib, nə siqaret çəkib, nə də vaxtını əyləncələrə sərf edib. Olduqca qənaətcil olan Rokfeller pul xərcləməmək üçün xoşuna gəldiyi qızlarla yalnız kilsədə görüşüb.

Şirkətdə çalışarkən adi iş günlərinin birində Rokfeller iş stolunun arxasından qəfil qalxaraq qışqırmağa başlayıb: “Mən dünyanın ən zəngin insanı olacağam”. Ətrafdakı şirkət əməkdaşları bu qaradinməz oğlanın psixoloji problemi olduğunu düşünüblər.

Üç ildən sonra “Xyuitt and Tatti” şirkətinin icraçı direktoru vəzifəsindən azad ediləndə 19 yaşlı Con Rokfelleri bacarığına görə bu vəzifəyə təyin ediblər. Təyinat zamanı ona 600 dollar maaş veriləcəyini deyəndə Rokfeller bu vəzifədən imtina edib və öz keçmiş işindən də azad olumnası üçün ərizə yazıb. Əvvəlki icraçı direktorun 2000 dollar maaş aldığı halda ona təklif olunan daha az məbləğin, 600 dolların verilməsini o özünə qarşı haqsızlıq kimi qəbul edib.

Sonralar Con Rokfeller “Standart Oil Co” şirkətini yaradıb. 1878-ci ildə bu şirkət ABŞ neft sənayesini öz inhisarına alıb və enerji ticarətinin 95 faizinə nəzarət edib. 1882-ci ildə Con Rokfellerin başçılıq etdiyi bu şirkət daha bir layihəyə imza atıb və Amerika tarixində ilk dəfə olaraq trest yaranıb ki, bu trestə 37 şirkət daxil olub, ümumi kapitalı isə 70 milyon dollara çatıb. Trestin idarə heyətinə Con Rokfeller başçılıq edib.

O, təkcə neft sənayesindən böyük gəlir əldə etməklə kifayətlənməyib. Rokfeller həmçinin olduqca böyük narıngi və tütün plantasiyalarına sahib olub. O cümlədən ən iri yükdaşıma şirkətləri də onun büdcəsini ağılasığmaz məbləğlərlə zənginləşdirib.

Con Rokfeller pul qazanmağa başladığı gündən ömrünün sonuna qədər öz gəlirinin 10 faizini kilsələrə verib. Onun xeytiyyəçiliyi bununla bitməyib. O insanlara təmənnasız olaraq 500 milyon dollardan artıq pul paylayıb. Bu gün də Con Rokfellerin adını daşıyan xeyriyyə fondu milyarderin ənənələrini davam etdirir. Ümumilikdə Rokfellerin qazandığı 318 milyardın 100 milyardı xeyriyyə məqsədilə sərf olunub.

Şəxsi həyatında Rokfeller hədsiz qənaətcil olub. Zəngin həyat tərzini sevməyən milyarderin ən çox sevdiyi qidalar süd və şirin çörək olub.

Rokfellerin həyat yoldaşı da qənaətcillikdə ərindən geri qalmayıb. Ailədə uşaqlar böyüyəndə onlara velosiped almaq üçün valideynlər bir neçə saat qərara gələ bilməyiblər. Nəhayət, uzun-uzadı müzakirələrdən sonra valideynlər qərara gəliblər ki, iki uşağa bir velosiped alınsın və onlar velosipeddən növbə ilə istifadə etsinlər.

Con Rokfeller pul qazandığı bütün illər ərzində bir dəfə bədxərclik etdiyini ömrünün sonuna qədər təkrar-təkrar söyləyib. O, nişanlı olarkən gələcək həyat yoldaşına 118 dollara nişan üzüyü almasını ən böyük maliyyə səhvi sayıb.

Con Rokfellerin gərgin işgüzarlığı onun sağlamlığında böyük problemlər yaradıb. Uzun illər pul qazanmaq ona sağlamlığı ilə məşqul olmağı unutdurub. Bir dəfə güzgünün qarşısında dayanıb özünə baxanda narahatlıq keçirməyə başlayıb. Saçlarının tökülməsi, hətta qaşlarının seyrəlməsi, üzündə iz salmış qırışlar və bütövlükdə xəstə insan görkəmi onu məcbur edib ki, həkimə müraciət etsin. Müayinəsindən sonra həkimin narahat simasını hiss edən Rokfeller soruşub:

- Hiss edirəm ki, sağlamlığımla bağlı ciddi problemlərim var. Bu belədirmi?

Həkim onun dediklərini təsdiqləyib.

- Cənab Rokfeller, siz düzgün fikirləşirsiniz. Sağlamlıq durumunuz bir o qədər də ürəkaçan deyil.

- Mən indi nə etməliyəm?

- Sizin iki yolunuz var. Siz ya pul qazanmalısınız, ya da insan kimi yaşamalısınız.

Bu dialoqdan sonra Rokfellerin həyatında ciddi dəyişikliklər hiss olunub. O, öz sağlamlığına diqqət etməyə başlayıb və ən başlıcası isə ən iri xeyriyyə aksiyalarını da bu dövrdən sonra başlayıb.

Con Rokfeller 1937-ci ildə 97 yaşında ürək tutmasından vəfat edib.

Mənbə: Musavat.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR