Osakada G20 ölkələri liderlərinin sammiti başlayıb
İyunun 28-də Osakada G20 ölkələrinin dövlət və hökumət başçılarının sammiti rəsmi olaraq işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın sədrlik edəcəyi sammitin işində “Böyük iyirmiliyə” daxil olan ABŞ, Avropa İttifaqı, Argentina, Avstraliya, Almaniya, Böyük Britaniya, Kanada, Koreya Respublikası, Çin, Fransa, İndoneziya, İtaliya, Hindistan, Meksika, Cənubi Afrika Respublikası, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə və Yaponiya ilə yanaşı, İspaniya, Sinqapur, Tailand, Misir, Seneqal, Çili, Vyetnam, Niderland, həmçinin BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Əmək Təşkilatı və digər beynəlxalq qurumlar da iştirak edirlər.
Sammitin əsas məqsədi rəqib tərəflər arasında mövcud ziddiyyətlərə baxmayaraq, gündəlikdə duran məsələlər ətrafında konsensusa gəlməkdir.
Dünya liderlərinin əksəriyyəti artıq Osakadadırlar. Rusiya Prezidenti Vladimir Putinin və Almaniyanın Kansleri Angela Merkelin təyyarələri cümə günü səhər Osaka aeroportuna eniş edib.
Sammit çərçivəsində dörd sessiyanın keçirilməsi planlaşdırılır. Sessiyalarda müzakirə ediləcək əsas mövzular isə dünya iqtisadiyyatı, rəqəmsal innovasiyalara, qadınların hüquq və imkanlarının genişləndirilməsi, həmçinin ətraf mühit məsələlərini əhatə edir.
Gözlənilir ki, ABŞ Prezidenti Donald Trampın məsələyə yanaşmasını dəyişməsi ilə əlaqədar ticarət mövzusu müzakirələr zamanı əsas yer tutacaq. D.Trampın ikitərəfli sövdələşmələrə üstünlük verməsi və digər ölkələrin ABŞ-dan istifadə etməsi barədə mövqeyi beynəlxalq ticarət normalarında ciddi fəsadlara səbəb olub. Bildirilir ki, ABŞ ilə Çin arasında davam edən ticarət sövdələşməsi ilə bağlı gərginliyin dünya iqtisadiyyatına təsirini azaltmaq üçün G20 liderləri vahid cəbhə yaratmalıdırlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət