Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi sentyabrın 3-dək aparılacaq
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi sentyabrın 3-dək aparılacaq.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ixtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçib www.eservices.dim.gov.az/erizetex/ixtisas2 internet ünvanındakı “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidir.
Orta ixtisas təhsili müəssisələrinə qəbul olunub (I mərhələdə) qeydiyyatdan keçməyən abituriyentlər (1941 nəfər) də boş qalan plan yerlərinin müsabiqəsində iştirak edə bilərlər.
Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.
Qeyd olunan vaxtadək elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
Xatırladaq ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu martın 1-dən 27-dək və iyulun 6‑dan avqustun 6-dək aparılıb. Bu müddətdə qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün tələb edilən müsabiqə şərtlərini ödəyən abituriyentlərə də icazə verilir ki, sentyabrın 3‑dək “ekabinet.dim.gov.az” internet səhifəsində “Şəxsi kabinet” yaradıb "Abituriyentin elektron ərizəsi" formasını təsdiqlədikdən sonra orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimində iştirak edə etsinlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət