Ordu üçün toplanan vəsaitin məbləği açıqlandı
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, cari il oktyabrın 1-dək fonda 103.271.100,18 AZN, 213.577,88 ABŞ dolları, 17.566 avro və 5000,0 rubl vəsait daxil olub.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.
Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.
Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət