Slimfit
  1. ƏDƏBİYYAT

Onun bir mənzili vardı..

Onun bir mənzili vardı..
Sakura
:8

"Qaçhaqaçda hamı maşınlara minən zaman, qızcığaz “mən qayıdana qədər evimə girib şəkillərimi, oyuncaqlarımı,…

Onun kiçik bir mənzili vardı. Həyətdə, evdən bir az kənarda. İndi istfadə olunmayan bir otaqlı həyət evi. Qabaqlar bura evin köhnə, lazımsız əşyaları, dolu və boş bankaları yığardılar. Daha sonra içi boşaldılmış və istfadə edilməyən bir məkana çevrilmişdi. O öz əşyalarını, doğum günündə aldığı hədiyyələri bura yığıb yalnız özünə aid bir evə çevirmişdi. Anasından güc bəla ilə köhnə bir xalça da alıb atmışdı ayağının altına. Əllə çəkdiyi  şəkillərini divara asmış və hər dəfə öz qonaqları gələndə onlara göstərərdi. Təklikdən, qaranlıqdan qorxmasaydı, gecələr də burada qalardı, amma anasından ayrı yata bilmirdi. Açarını da özü ilə gəzdirər, məktəbdə uşqlara “ öz evimin açarıdır” deyib böyüklənərdi kiçik qızcığaz. Məktəbdə də hamı bilirdi ki, onun bir otaqlı mənzili var. Hərdən sinif yoldaşları ilə bu evə gələr, dərs oxuyardılar, onlara acıqlanardı evinin səliqəsini pozan olanda. Otağının düzənini pozanları bağışlaya bilmir, qapını içəridən kilidləyib, içəridə tək tənha oturur, həyətə açılan pəncərənin bağlı şüşəsi arxasından çölə nəzər edər, heç kimi danışdırmazdı.

***

İndi yenə qapısını bərk-bərk kilidləmiş, uzanmışdı yataqxananın bir otaqılı mənzilində, hamıdan incik, küskün, kənddəki bir otaqlı mənzilini xatırlayıb iri qara gözlərindən yaş süzülürdü. Gör neçə il keçib, 20 ildən artıq bir müddət. Yəqin düşmən tapdağı altında qalmış, yalnız ona aid olan mənzili indi daha yoxdur, ya yandırılmış ya da sökülmüşdü. Qaçhaqaçda hamı maşınlara minən zaman, qızcığaz “mən qayıdana qədər evimə girib şəkillərimi, oyuncaqlarımı, evimdə mənə aid olan hər şeyimi götürməsinlər” deyib tez mənzilinin açıq qalmış qapısını bağlamış və açarı da özü ilə gətirmişdi.

Amma əsas odur ki, mənzili var, tək ona aid olan, divarında özü çəkdiyi şəkillər olmasa da müxtəlif məkanlarda  çəkdirib çərçivəyə saldırdığı şəkillər asılmış mənzili var. İndi artıq böyüyüb. İndi bu tənha, qaranlıq otaqda daha qorxmurdu, artıq anasız da tək yata bilirdi. Onsuz anası da həyatda yox idi bu böyümüş kiçik qızcığazın. Yenə hamıdan küsmüş, tək tənha evinə sığınmışdı. Hərdən rəfiqəsinin iki kiçik qızcığazının qapı arxasında səsini eşidəndə qapını açıb onlarla söhbətləşər, deyib gülərdi, bayramlarda evini bəzəməkdə, divardakı şəkillərini tozdan təmizləməkdə böyümüş qızcığaza kömək edərdilər bu iki kiçik qızcığazlar.

***

İndi yenə qapısını möhkəmcə kilidləmiş uzanmışdı ancaq ona aid olan, bir başqa yerdə, kiçik qaranlıq mənzilində, özü də yenə tək tənha, axı artıq öyrəşmişdi tənhalığa. Ziyaratdə çəkdirdiyi şəkilini də asmışdılar mənzilinin divarından. Fərq təkcə bu idi ki, bir az səxavətli olmuşdu, daha gizlətmirdi şəkillərini, nə inki qonaq gələnlər, elə yoldan ötüb keçənlər də gözucu baxıb keçirdilər. Evdən çıxarkən qapısını kilidləyib köçmüşdü bu kiçik, qaranlıq, tənha və yalnız ona adi olan otağa. İndi o evi də kənddəki evi kimi yox idi, ya sökülmüşdü, ya da satılmışdı. Yenə qulağı səsdə, gəlib gedənlərin addım səsindən tanıyrıdı.

Hərdən rəfiqəsinin iki kiçik qızcığazının qapı arxasında səsi gələndə onlarla söhbətləşər, deyib gülər, bayramlarda evinin divarlarını bayırdan zər-zinətlə bəzəyərdilər. Hamını soruşardı bu iki kiçik qızcığazdan. Ancaq daşlaşmış qapı arxasından, qapını aça bilməzdi daha, çünki bu kiçik, qaranlıq və soyuq  SON mənzil ancaq və ancaq ona aid idi, ancaq ona, o böyümüş “kiçik qızcığaza”.

( Dəyərli dostumuz mərhum Aynurə Məmmədovaya ithaf olunur)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR