
NBC: Tramp Kremlin etirazlarına görə Ukrayna üzrə baş danışıqçısını müzakirələrdən uzaqlaşdırıb
ABŞ prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq Moskvanın onu iştirakçılar arasında görmək istəməməsini bildirdikdən sonra müharibənin dayandırılması ilə bağlı yüksəksəviyyəli danışıqlardan uzaqlaşdırılıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “NBC News” Amerika administrasiyasının nümayəndəsinə və yüksəkvəzifəli Rusiya rəsmisinə istinadən bildirib.
Mənbələrin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Kelloqu həddindən artıq “ukraynayönümlü” hesab edib və bu səbəbdən Moskva onun danışıqlar prosesindən çıxarılması məsələsini qaldırıb.
“Kelloq keçmiş Amerika generalıdır, o, Ukraynaya həddindən artıq yaxındır. Bu, danışıqlar masasında görmək istədiyimiz şəxs deyil”, – Rusiya rəsmisi deyib. Tramp administrasiyasının nümayəndəsi Moskvanın Kelloqun iştirakına etiraz etdiyini təsdiqləyib. Lakin o, Ağ evin bu tələb barədə nə vaxt məlumatlandırıldığını dəqiqləşdirə bilməyib.
İstefada olan general-leytenant Kit Kelloq Səudiyyə Ərəbistanında keçirilmiş toplantılara qatılmayıb: biri Rusiya nümayəndələrinin iştirakı ilə, digəri isə Ukrayna nümayəndə heyəti ilə. Rəsmi olaraq danışıqlar prosesi hələ də onun səlahiyyətindədir.
Telekanalın Kelloqun ofisinə yönləndirdiyi müvafiq sorğu isə cavabsız qalıb.
Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ceyms Hyuitt isə qeyd edib ki, Kit Kelloq, xüsusilə Avropa müttəfiqləri ilə əlaqələndirmə məsələlərində “komandanın dəyərli üzvü” olaraq qalır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət