Ombudsman tələbə yataqxanaları ilə bağlı məsələ qaldırdı
Noyabrın 7-də Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclasında 2020-ci ilin büdcə layihəsi ilə bağlı müzakirələr davam etdirilib.
Oxu.Az-ın məlumatına görə, Maliyyə naziri Samir Şərifov bildirib ki, hərbi qulluqçuların mənzillə təmin olunması, əhalinin güzəştli şəkildə mənzil əldə edilməsi, ipoteka kreditləri ilə dəstəklənən məsələlərə də maliyyənin ayrılması nəzərdə tutulub.
Bu tədbirlərin maliyyələşdirilməsi üçün 245 milyon manat vəsait ayrılacaq.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə deyib ki, rəhbəri olduğu qurum tərəfindən hazırlanan rəydə büdcə layihəsinin icrası ilə bağlı 30-a yaxın tövsiyə verilib.
Müzakirələr zamanı İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova da müxtəlif təkliflərlə çıxış edib.
Ombudsmanın fikrincə, ölkədə zorakılıq qurbanları olmuş qadınlar üçün regional mərkəzlər tikilməsinə, bununla bağlı sosial çarxlar, maarifləndirici proqramların hazırlanmasına ehtiyac var.
“Həmçinin, ölkədə mövcud olan psixiatriya mərkəzlərinin yenidən qurulması və yenilərinin tikilməsi, tələbə yataqxanalarının inşa olunması zərurəti yaranıb”, - deyə o əlavə edib.
Deputatlar sənədin Milli Məclisin plenar iclasına tövsiyə olunmasına müsbət münasibət bildiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət