Ölkənin ilk ödənişli yolunda nə baş verir?
Azərbaycanın ilk ödənişli yolu kimi inşa edilən Bakı-Ələt-Astara-İran sərhədi yolundan istifadə edən yük avtomobillərinin sayı artıb. Minik avtomobili sürücüləri yük avtomobili sürücülərinin maşını həddən artıq yüksək sürətlə idarə etdiyini, bunun təhlükə yaratdığını bildiriblər. Yoldan istifadənin hələ ödənişsiz əsaslarla həyata keçirildiyini deyən sürücülər hesab edir ki, əgər yol ödənişli olsa, yük avtomobillərinin hərəkəti nisbətən azalar.
Mövzu ilə bağlı Axar.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, Ələt-Astara yolu ümumi istifadədə olan yoldur:
“Sözügedən yolda heç bir nəqliyyat vasitəsinin hərəkətinə qadağa yoxdur. Bu istiqamətdə yükdaşımada normanı aşma yoxdur. Olsa belə, çoxluq təşkil etmir. Ona görə də avtomobil sürücülərinin narahatlığına heç bir əsas yoxdur”.
Mövzunu şərh edən yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, sözügedən yolda son günlər yük avtomobillərinin hərəkəti həqiqətən də artıb:
“Yük avtomobilləri adətən tutumundan artıq yükləndikdə yola zərər verir və sıradan çıxarır. Buna nəzarət etmək lazımdır ki, yük avtomobilləri normadan artıq yüklənmiş halda həmin yoldan istifadə etməsin. Sözügedən yol kifayət qədər keyfiyyətlidir. Yük maşınları asanlıqla o yolu sıradan çıxara bilməz. Ancaq təbii ki, nəzarət edilməlidir”.
E.Muradlı vurğulayıb ki, yük avtomobili sürücüləri maşını həddən artıq yükləməməyə xüsusi diqqət yetirməlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət