Slimfit
  1. CƏMİYYƏT

Ölkəni su qiymətinə mənşəyi bilinməyən duru yağlar cənginə alıb - reportaj

Ölkəni su qiymətinə mənşəyi bilinməyən duru yağlar cənginə alıb - reportaj
Sakura

Ölkəni su qiymətinə mənşəyi bilinməyən duru yağlar cənginə alıb - reportaj

Əməkdaşımız paytaxt marketlərində ucuz qiymətə satılan, tərkibi şübhə doğuran duru yağları araşdırıb; Eyyub Hüseynov: “Vəziyyət ürəkaçan deyil...”

Azərbaycanın qida sənayesi bazarında vəziyyət heç də ürəkaçan deyil. Nəinki ürəkaçan, hətta dramatikdir söyləmək olar. İstehlakçılar onlara təklif olunan istərsə yağ, istərsə kolbasa-sosiska, istərsə digər məhsulların tərkibinin, mənşəyinin nə dərəcədə keyfiyyətli olduğuna əmin deyillər. Niyə?

Ona görə ki, bazarda müxtəlif naməlum istehsalçılar, firmalar “meydan sulayır” və əksəriyyəti xarici mal adı ilə vətəndaşlara sırınır. Bu günlərdə deputat Fazil Mustafa da Milli Məclisin büdcə müzakirələrində həyəcan təbili çalaraq qeyd etdi ki, ölkəyə gətirilən ərzaq məhsullarının bir qisminin tərkibi hələ də əsl xəstəlik mənbəyidir. Onun sözlərinə görə, söhbət əsasən süd məhsullarından, kərə yağından, şəkər tozundan gedir.

Deputatın kərə yağları ilə bağlı söylədikləri haqda daha əvvəl də yazmışdıq, marketlərdə kilosu 3-4 manata satılan, Rusiya məhsulu kimi təqdim edilən yağların olduğunu foto faktlarla göstərmişdik. Ötən həftəsonu isə məsələnin aktuallığını nəzərə alaraq mağazaların vitrinlərində bərq vuran duru yağlarla bağlı araşdırma apardıq.

Əvvəlcədən söyləyək ki, kərə yağı sektorundakı vəziyyətdən heç də fərqlənməyən duru yağ bazarında  problemin kökü bu məhsulların evlərimizdə daha çox istifadə edilməsidir. Gündəlik qida rasionumuzda duru yağların istifadəsi əsas yer tutur. Çünki demək olar ki, bütün yeməklər sulu yağlardan hazırlanır. Mağazalarda isə hansı adda istəsən, mənşəyi bilinməyən duru yağlar satışdadır. Məsələn, marketlərin birində iki litri 5 manat, 15 qəpiyə qoyulan “Palermo” adlı məhsul diqqətimizi çəkdi. Bu yağın ucuzluğu sözsüz ki, müştəriləri cəlb etməyə bilməz. Ancaq sual yaranır ki, keyfiyyəti necədir?

Axı hazırda bazarda ən çox satılan “Final” və ya “Möcüzə” yağlarının 1 litri 3, 50 - 4 manatadır. O halda 2 litrlik yağ nə üçün 5 manatadır?..

Marketlərin birində isə endirimə düşən duru yağın qiyməti qəribə gəldi. “Zarya” adlı həmin 1 litrlik duru yağ “skoç”lanaraq ikisi bir yerdə satılır və 4 manata təklif edilir. Guya bu məhsul hədiyyədir, hərçənd ki, satılmadığına, tələbat az olduğuna görə dəyər-dəyməz qiymətinə verilir.

Mağazalarda müşahidələrimiz zamanı marağımızı çəkən “Avedov” əmtəə nişanlı zeytun yağının litri 3 manat, 60 qəpik olmasıydı. Zeytun yağının 1 litri azı 8-10 manatdır.

Başqa bir duru yağa da diqqətinizi çəkməyi vacib bilirik. Marketdə gördüyümüz “Solneçniy veneç” yağının 1 litr, 800 qramı cəmisi 3 manat, 95 qəpikdir. Təbii ki, istehlakçılar üçün qiymət çox münasibdir. Lakin bu qiymətə yerli istehsal məhsullarının cəmi 1 litri satışdadır. Həmçinin vitrinlərdə son vaxtlar ən çox görünən “Sloboda” yağının satışı da “yağ kimi” gedir.

Araşdırma zamanı şahid olduq ki, Türkiyə istehsalı “Qidam” da 3.57 manata alıcılara təklif olunur. “Zolotnitsa” qarğıdalı yağı 3.75 manata, “Zolotoe Solnışko” 3.65 manatadır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a bildirdi ki, hələ 3 il qabaq “Kubanskaya semiçka” adlı bir duru yağ ekspertizadan keçiriblər: “Ekspertizanın bizə cavabı belə oldu ki, həmin məhsul ümumiyyətlə, günəbaxan yağı deyil. Məlum oldu ki, Rusiya şirkətləri Azərbaycandakı distrübütoru aldadırmış. Yəni bizim tərəf bilərəkdən bu məhsulları gətirməyib. Bu, bir misaldır və digər seqmentlərdə olduğu kimi, duru yağ bazarında da naməlum, çiyid yağlar var, vəziyyət ürəkaçan deyil. Ancaq Qida Təhlükəsizliyi Agentinliyinin onları araşdırmaq səlahiyyəti yoxdur. Bu qurum qidanın təhlükəsizliyinə nəzarət edir”.

E.Hüseynovun sözlərinə görə, ölkə prezidentinin il yarım əvvəl fərmanı olub və bu sahəni araşdıran agentlik yaranmalıydı, lakin təsis olunması yubanır: “Ona görə də bizim tərəfimizdən hərtərəfli araşdırma aparmaq, konkret adı çəkilən yağların keyfiyyəti haqda aydınlıq gətirmək çətin olur. Bu sahədə ciddi araşdırmalara ehtiyac var”.

Bu arada britaniyalı ekspertlər yeməklərin hazırlanmasında istifadə edilən bitki yağlarının ziyanlarını araşdırıb. Nəticələr isə faciəvidir. Demə, xolesterolu azaltdığı deyilən bitki yağları əksinə, piylənmə yaradır, ürək probleminə, ikinci dərəcəli şəkər və xərçəng xəstəliyinə səbəb olur. Araşdırma göstərib ki, günəbaxan, qarğıdalı və digər bitki yağlarını 20 dəqiqədən çox bişirəndə tərkibindəki zəhərli aldehidlər də 20 dəfə artır. Bu isə yüksək dərəcəli xərçəng riskinin olduğuna işarədir.

Odur ki, ekspertlər yemək bişirərkən duru yağ yox, kərə, ya da nehrə yağından istifadə etməyi məsləhət görür. Çünki süd mənşəli məhsullar bizi ürək xəstəliklərindən, ikinci dərəcəli şəkər xəstəliyindən qoruyur.

Bir başqa araşdırmanın nəticələrinə görə, qarğıdalı və günəbaxan yağları Omega-6 tərkiblidir və istiliyə davamlı deyil. İsidildikdə sağlamlığa zərərli “trans” yağa çevrilir. “Trans” yağlar da təbii keyfiyyətləri pozulmuş bitki yağlarıdır.

Qızartma yemək bişirərkən istifadə etdiyimiz günəbaxan və qarğıdalı yağı çox istiliyə məruz qaldıqda tərkibindəki Omega-6 təhlükəli maddəyə dönüşür, Omega-3 yağının bütün faydalarını yox edir. Tərkibi pozulan bütün yağlar başda xərçəng və ürək-damar xəstəlikləri olmaqla bir çox xroniki xəstəliyə səbəb olur. Kərə yağı, orqanik zeytun yağı isə “trans” formasında olmayan təbii sağlam yağlar sayılır. İstifadəsində heç bir problem yoxdur.

Bir müddət əvvəl “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gözəl bildirmişdi ki, marketlərdə satılan idxal qarğıdalı yağlarının bir çoxu qarışıq yağlardır: “Düzdür, bazarda Türkiyə və Rusiyadan idxal olunan qarğıdalı yağları ”Azərsun Holdinq"in istehsalı olan qarğıdalı yağlarından ucuz satılır. Bunun səbəbi ucuz satılan idxal yağların qarışıq yağlar olmasıdır.

O yağların çoxu təqliddirlər. Nə Türkiyənin qarğıdalı yağı var, nə Rusiyanın. İdxal qarğıdalı yağlarının tərkibinin 80%-i günəbaxan yağı, 20%-i qarğıdalı yağıdır. Siz həmin yağları marketdən alıb istədiyiniz laboratoriyada, o cümlədən bizim laboratoriyada analiz etdirə bilərsiniz. Əlimizdə sənədlər var. Biz bu barədə Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmişik".

Emil SALAMOĞLU,
Fotolar müəllifindir
“Yeni Müsavat”

 
Mənbə: Musavat.com
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR