Slimfit
  1. AZƏRBAYCANLI

Nobel mükafatına iddialı tələbəmiz: “Bunu dünyada ilk mən alındırsam, Nobel mükafatını qazana bilərəm”

Nobel mükafatına iddialı tələbəmiz: “Bunu dünyada  ilk mən alındırsam, Nobel mükafatını qazana bilərəm”
Sakura

Nobel mükafatına iddialı tələbəmiz: “Bunu dünyada ilk mən alındırsam, Nobel mükafatını qazana bilərəm”

Toğrul Qurbanov: “AFFA milyonlarla dollar xərcləyib, əcnəbiləri milliləşdirir. Amma anlamır ki, beyinsiz futbol olmur”.

AzEdu.az “Univermayak” layihəsini davam etdirir.

Layihə çərçivəsində növbəti qonağımız İtaliyanın Milan Dövlət Universitetində təhsil alan həmyerlimiz Toğrul Qurbanovdur.

İtaliyada təhsil alan tələbəmizin öz dilindən DOSYE: Mən, Toğrul Qurbanov 1997-ci ildə Bakı şəhərində anadan olmuşam. İlk təhsilimi 190 saylı orta məktəbdə almışam. Daha sonra orta təhsilimi Akademik Zərifə Əliyeva adına liseydə davam etdirmişəm. Burada 1 il təhsil aldıqdan sonra 150 saylı orta məktəbdə X-XI sinifləri oxumuşam. Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kimya mühəndisliyi ixtisasına daxil olmuşam. Hazırda isə İtaliyanın Milan Dövlət Universitetində sənaye kimyası mühəndisliyi ixtisası üzrə magistr dərəcəsində təhsil alıram.

Təqdimata ƏLAVƏ: Toğrul Qurbanov təhsilin bakalavr dərəcəsini bitirdikdən sonra  həm Moskva Dövlət Universiteti, həm də ADNSU-ya  MBA ixtisası üzrə qəbulu qazanıb. Həmçinin, həm Almaniyanın Dortmund Texnologiya Universitetinin,  həm də ən İtaliyanın  Milan Dövlət Universitetinə qəbul olma şansı olub.

 

-Toğrul, səni İtaliyada  təhsil almağa cəlb edən amillər nələrdir? Ümumiyyətlə, İtaliya təhsil sisteminin bəyənib-bəyənmədiyin tərəfləri hansılardı?

-İtaliya təhsil sisteminin bəyəndiyim tərəfləri çoxdur. Hazırda Azərbaycanda tətbiq olunan “Boloniya sistemi”  ilk dəfə İtaliyanın Boloniya Universitetində yaranıb. Boloniya sisteminin əsas müddəalarından biri də tələbələrə kreditlərə uyğun olaraq seçəcəyi fənlərin siyahısı verilir. Bundan əlavə müxtəlif fənnin müəllimləri tələbələri fabriklərə apararaq hər bir texnoloji prosesi ətraflı şəkildə izah edir. Həmçinin, müəllimlər  nəzəriyyənin həqiqi praktikadan nə qədər fərqləndiyini əyani formada göstərirlər. Azərbaycan universitetlərində isə bu kimi proseslər mövcud deyil.

İtaliya universitetlərində bütün imtahanlar şifahidir. Həmçinin, imtahanlarda müəllimlər istədikləri sualı soruşa bilərlər. Amma Azərbaycanda hər şeyin rahatına öyrəşmişik. İtaliyada dərs deyən müəllimimdən ilk dəfə imtahan sualını istəyəndə gülmüşdü. Axı nə biləydim ki, Boloniya sisteminin orijinalı tamam ayrı şeydir…

-Təhsilinin ilk günlərdə yəqin ki, çox çətinliklər yaşamısan. Bu zaman kimlərdən dəstək görmüsən?

-Bəli… çox çətinliklərim olub.  Hətta bəzən o qədər çətin gəlirdi ki, əsəbdən saatlarla ağlayırdım. Çünki daim qarşıma qoyduğum ən çətin məqsədlərə belə nail olmuşam. Amma bu tamamilə ayrı başqa səviyyə idi. Kimya fənni onsuzda çox çətindir. Həmçinin, Almaniya Hollandiya və İtaliyada  kimya sahəsinə daha çox diqqət ayrılır. Çünki bu kimi ölkələrdə yalnız kimyaçı olmaq tələb olunmur. Həmçinin, İtaliyadakı tələbələr bütün sənayeni idarə etməyi bacarmalıdırlar. Məhz ona görə də İtaliyada oxumaq çox çətindir. Amma çətin zamanlarımda ailəm və dostlarım xüsusilə də atam mənə çox dəstək oldu.  Atam sona qədər mənə inandı.  Dostlarımın 90%-i uğurlu simalar olduğu üçün onlarla söhbətim zamanı çətinliklər yaşadığımı  çox da büruzə vermirdim. Amma istənilən halda dostlarım da dəstək olurdular.

-Toğrul, həm orta məktəb həm də liseydə təhsil almısan. Maraqlıdır, liseylə orta məktəbi müqayisə etdikdə hansı fərqləri müşahidə edirsən?

-Liseydə bəlkə də müəllimlərin maaşı daha yüksək olduğundan onlar işlərinə daha məsuliyyətlə yanaşırlar. Amma bütün hallarda belə olduğunu deməzdim. Çünki məktəblərdə elə müəllim və şagirdlər var ki, liseydəkilərdən dəfələrlə  məsuliyyətlidirlər. Həmçinin, bəzi məktəb şagirdləri var ki, respublika səviyyəsində yüksək nəticə göstərirlər. Məsələn, Xaçmazda orta məktəbi bitirən dostum Jalə Rəcəbova DİM qəbul imtahanından 700 bal toplayıb.

-İtalyanların hansı adətinə, vərdişinə öyrəşə bilmirsən?

-İtalyanlar millət kimi çox rasistdirlər. Amma almanlar daha sentimentaldır. İtaliyan ingilis dilini bilsə də əcnəbilərlə ingiliscə danışmır. Həmçinin, italyanlar əcnəbilərə, “yad” birisini olduqlarını dəfələrlə vurğulayırlar.  Ümumiyyətlə, italyanlar əcnəbilərə daim soyuq münasibət bəsləyirlər. Amma Almaniyada dostumgilə qonaq getdiyim müddətdə almanlardan daha isti münasibət gördüm. Həmçinin, almanlara əcnəbilər yaxınlaşdıqda onlar ingiliscə danışırlar. Amma italyanlar isə belə deyil. Azərbaycanda isə hamı elə bilir ki, tam əksinədir. Çox zaman almanları faşist və soyuqqanlı, italyanları isə istiqanlı adlandırırlar. Amma praktika isə nəzəriyyənin tam əksini sübut edir.

-Bəs, İtaliyada təhsil aldığın üçün peşmansan?

-Heç vaxt... Çünki İtaliya mənə kimyanı öyrətdi. Sokratın bir ifadəsi var: Onu bilirəm ki, heç nəyi bilmirəm… Buradakı professorlar o sözü özümə deməyi məcbur etdi. Milan Dövlət Universitetindəki müəllimlərimi çox sevirəm. Çünki onlar  həqiqətən kimyanın nə qədər çətinliyini və uğur qazanmaq üçün nələrdən keçməli olduğumu öyrətdilər.

-Universitetə qəbul olmaq üçün hansı prosedurlardan keçdin?

-Milan Dövlət Universitetində qəbul olmaq üçün İELTS imtahan nəticəsi, yüksək akademik göstəricilər vəməsləhət məktubu lazımdır. İtaliya universitetinə  qəbul prosesi çətin deyil. Amma İtaliya universitetlərində oxumaq çox çətindir.

-Orta məktəb dərsliklərimizdəki problemlər demək olar ki, hər gün sosial şəbəkələrdə müzakirə edilir. Maraqlıdır sənin məsələyə münasibətin necədir?

-Orta məktəb dərsliklərində mövcud olan həddindən artıq lazımsız informasiyalar şagirdlərin beynini neqativ yöndə yorur.  İllər öncə X sinfin Kimya dərsliyində olan səhvlər hazırda da mövcuddur. Maraqlıdır, bəs  professor, redaktor, rəyçilər hara baxır?!Şagird səhv məlumatı oxuyub doğru olduğuna inanır. Dərsliklərdə mövcud olan “Adsorbsiya” və “Absorbsiya” anlayışlarını tamamilə səhv öyrədirlər. Dərsliklərimizdə Absorbsiyanı bir maye faza tərəfindən mənimsənilməsini yazırlar. Amma əslində absorbsiya tamamilə ayrı şeydir.

  2012-2013-cü ildən bəri  orta məktəb dərsliklərimizdə müsbətə doğru heçnə dəyişməyib.Həmçinin, I və II siniflər üçün məntiq fənnini də əlavə ediblər. Maraqlıdır, əlifba keçməyən şagird məntiqi necə dərk edə bilər?

-Azərbaycan təhsilinin inkişafı üçün hansı təkliflərin var?

-İlk növbədə xarici ölkələrdə təhsil alan savadlı kadrlarımız ölkəyə qaytarılıb yüksək məvacibli işlə təmin olunmalıdır.Çünki, hər sektorda savadlı və təcrübəli gənclik uğurun əsasıdır. Həmçinin, orta məktəb dərslikləri yenidən yazılmalı və buna nəzarət edəcək savadlı komissiya olmalıdır. Eyni zamanda ikidən  artıq xarici dil orta məktəblərdə tədris olunmalıdır.

Onu da bildirim ki, MİQ müsabiqəsindən keçən müəllim namizədlərin orta aylıq əmək haqqısı ən azı 444 AZN civarında olmalıdır. Çünki müəllim və həkimlər bütün dünyada ən yüksək məvacib alan insanlardandır.

Universitetlərimizdə test üsulu və yazılı imtahanlar ləğv olunmalıdır. Çünki, demək olar ki, dünya ölkələrin universitetlərində şifahi imtahanlara keçid edilib. Ümumiyyətlə, test sistemi tələbələri əzbərə öyrədərək evini yıxır.

 -İtaliyada ən çox nəyə görə darıxırsan?

-Ən çox Bakı üçün darıxıram. Bəzi məşhur şəxslər o cümlədən şahmatçılar var idi ki, Bakı onlara çox şeyi vermişdi. Amma daha sonra həmin şəxslər Bakının sadəcə sıradan bir şəhər olduğunu vurğuladılar. Məşhur şahmatçı Qari Kasparovu nəzərdə tuturam.  Mən isə harada olmağımdan asılı olmayaraq həmişə Bakı üçün darıxıram.

-İtalyan və Azərbaycan valideynlərini müqayisə etmisənmi? Maraqlıdır, iki ölkənin valideynlərini müqayisə etdikdə hansı fərqləri görürsən?

-İtalyanlarla müqayisədə azərbaycanlılarda ailə bağları daha güclüdür. Məsələn, italiyalı valideyn 21 yaşlı övladının  harada olmağından asılı olmayaraq gün ərzində bir dəfə zəng edər və ya etməz…Amma azərbaycanlı valideynlər övladına gün ərzində 5 dəfə zəng edirlər. Azərbaycanda valideynlərin 5-ci zənginə cavab vermirsənsə, az qala “İnterpol” a axtarış elan edirlər. (gülür). İtalyan valideynləri övladlarının sərbəst qərar və seçimlərinə imkan yaradırlar. Onlar övladlarının qərarlarına hörmətlə yanaşırlar. Heç bir italyan ailəsində hansısa atanın qızını zorla kiminsə oğluna ərə verdiyini görə bilmərsən. Amma təəssüf ki, Azərbaycanda bəzi valideynlər "mən kimi dedim, o" taktikası ilə övladlarının şəxsi həyatlarına qarışırlar. İtalyan valideynləri balacalıqdan övladlarını daha sərbəst böyüdürlər. 

-Qeyd etdinki, italyan valideynləri övladlarının qərarına hörmətlə yanaşırlar.  Azərbaycan valideynləri övladının qərarına hörmətsizlik edir ki,?

-Xeyr… Sadəcə hər ailədə belə deyil. Azərbaycan valideynlərinin əksəriyyəti övladlarının gələcəkdə kim olacaqlarını onların yerinə qərar verirlər. Bununla da valideynlər övladlarının içindəki sərbəstliyi öldürürlər. Bir çox dostlarımın atası həkim olduğu üçün məcbur edir ki, övladı da həmin ixtisasa yiyələnsin. Amma bəlkə də övladı rəssam və ya fizik olmaq istəyir. Ümumiyyətlə, mən bunu hörmətsizlik kimi qəbul edirəm. Valideynlərin övladlarına daim müdaxilə etməsi böyük fəlakətə gətirib çıxarır.  Sizcə, buhörmətsizlik deyil,bəs nədir?

 -Toğrul İtaliyada ölkəmizi layiqincə təmsil etmək üçün nələr edirsən?

-“MİPOL 2019” dünya polimer konfransında illik tələbələrin məqalələri çap olunur. Çox əziyyət çəkdim ki, poliolefinlərin fəza quruluşunu nəzərə alaraq onların hərəkətinə aid apardığım tədqiqatlar nəticəsində ərsəyə gələn məqaləm o jurnala düşsün. Şükürlər olsun ki, “Mipol 2019” da məqaləm dərc olundu. Bununla da “MİPOL 2019” jurnalında məqaləsi olan yeganə Azərbaycanlı tələbəyəm. Buna görə professor Ranuççiyə dərin təşəkkürümü bildirirəm.

Qeyd edim ki, ildə bir dəfə keçirilən “MİPOL”  dünyanın ən böyük Polimer konfransı hesab olunur. Orada doktor və ya alimlər öz yeni kəşf və tətqiqatlarını təqdim edirlər. Bundan əlavə Romada təhsil alan dostumla dünyada həlli tapılmayam millenium məsələlərinin həll olmasının alqoritmi üzərində müzakirə aparırıq. Bunu yaxın 10 ildə alındıra bilsək “Enriko Fermi” mükafatına layiq görülə bilərik. 6-7 il sonra isə okean suyunda zamanla tam həll ola biləcək polimerlərin hazırlanması üzərində tətqiqatlar aparmağı planlayıram. Dünyada I olaraq mən alındıra bilsəm, Nobel mükafatı qazana bilərəm.

-Daha çox müşahidə edirik ki, Nobel mükafatını xristian dininə mənsub şəxslər  qazanır. Səncə, bunun səbəbi nədir?

-Dinin buna heç bir təsiri yoxdur. Əgər təsiri olsa idi dünyada ən gənc Nobel mükafatçısı Malala Yousifsai olmazdı. Sadəcə, hər bir kəşfin elmi əsaslı isbatı olmalıdır. Bir çox hallarda İslam alimləri nəyisə kəşf edirlər. Amma elmi hissəyə gəldikdə isə tam dəlillə kəşflərini sübut edə bilmirlər. Digər tərəfdən islam dünyasının əsas problemi elmdən daha çox dinə yönəlmələridir. Demirəm, din vacib deyil. Sadəcə din vasitəsilə insanları savadsız saxlamaq doğru deyil. Çünki savadsız gəncliklə nə  Nobel, nə dəAbel mükafatı almaq olar. Mənə görə islam dünyasında  ən vacib qadın fiquru Məryəm Mirzəxanidir.  Çünki savadsız şəriət qanunları və təzyiq altında idarə olunan İrandan Məryəm Mirzəxani kimi riyaziyyatçı və alim olmaq hər kişinin işi deyil. Sözümün canı odur ki, fikrimcə, Nobelə dindən daha çox siyasət müdaxilə edir.

-İtaliyada bir tələbənin normal yaşayışı üçün aylıq nə qədər məbləğ tələb olunur?

-İtaliyanın Roma və ya Venesiya şəhərində normal yaşayış üçün aylıq 350-400 avro tələb olunur. Amma Milan şəhəri isə çox bahadır. Aylıq kommunal xərclərim isə 450 avrodur. Həmçinin, həftəlik ən azı 100 avro bazarlıq xərclərim olur. Amma ümumilikdə aylıq xərcim  850 avrodur.Milanı bahalı edən isə İtaliyanın əsas sənaye şəhəri olmasıdır.

-İtaliyada tələbələrə iş izni verilir? Ümumiyyətlə oradakı tələbələr əsasən hansı işlərdə çalışırlar?

-İtaliyada tələbələrdə həftədə 40 saat iş izni verilir.Amma İtaliyanın Milan şəhərində işləyən tələbəni tanımıram.Ümumiyyətlə,  burada italyan dilini bilməyən tələbələri heç dönərçi işinə götürmürlər. 

-Bəs italyan müəllimlərində gördüyün hansı cəhətləri Azərbaycan müəllimlərində də olmağı istəmisən?

-Azərbaycan müəllimlərində ən çox görmək istədiyim cəhət tələbələri ilə dost olmaqlarıdır. Onu da qeyd edim ki, bizdə bu proses müəllimdən-müəllimə dəyişir. Əlavə olaraq bildirim ki, bu barədə bir qədər bəxtim gətirib. Çünki bakalavr dərəcəsində təhsil aldığım müddətdə bəzi müəllimlərim var ki, bu günə qədər onlarla əlaqədəyəm.

-“Avroviziya-2019” mahnı müsabiqəsində təmsilçimiz Çingiz Mustafayev 7-ci yeri tutdu. Azərbaycan tələbələrinin əksəriyyəti bu mahnı müsabiqəsini böyük həyəcanla gözləyirdi. Maraqlıdır, İtaliya tələbələri bu kimi mahnı müsabiqələrinə münasibəti necədir?

-“Avroviziya-2019” mahnı müsabiqəsi italyan tələbələr üçün də maraqlı idi. Onlar öz təmsilçilərini dəstəkləyirdilər. Amma Çingizin ifasını da bəyənirdilər. Lakin sonda Hollandiya qalib olduqda məyus oldular. Sözsüz ki, İtalyanlara “San Remo” festivalı  Avroviziya mahnı müsabiqəsindən daha maraqlıdır. İtalyan dostlarım mənə dedilər ki, Çingiz Mustafayev  bu mahnı ilə İtaliyanı təmsil etsəydi  100% 3-lüyə düşmüşdü.Yəni Avroviziya mahnı müsabiqəsinin siyasət ilə əlaqəsi olduğu dəqiqdir.

-Ekspertlərinə fikrinə görə, xaricdə təhsil alan gənclərimizin sayında oğlanlar daha çox üstünlük təşkil edir. Səncə bunun səbəbi nədir?

-Fikrimcə, buna səbəb mentalitet və ailə savadsızlığıdır. Düşünürəm ki, Azərbaycan qadını kişilərdən daha  savadlıdır. 

-Bəzi gənclər Azərbaycanda fəaliyyət göstərən özəl universitetlərdə təhsil almaq  istəmirlər. Bəs səncə bu nə ilə əlaqəlidir?

-Özəl universitetlərimizdə təhsil nəinki bərbad hətta bağlanma təhlükəsi ilə üz-üzədir.

-Bəs, Toğrulun üçlüyünə ən yaxşı və ən zəif Azərbaycan universitetləri hansıdır?

-Azərbaycanın ən güclü ali təhsil müəsissələri Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetidir. Həmçinin,ən zəif Azərbaycan ali təhsil müəssisələri isə  Kooperasiya Universiteti,Sumqayıt Dövlət Universiteti, Odlar Yurdu Universitetidir. Azərbaycanın özəl ali məktəblərindən  olan Bakı Avrasiya Universiteti, Azərbaycan Universiteti, Xəzər Universitetində isə təhsil keyfiyyəti orta səviyyədədir.  Çünki Bakı Avrasiya Universitetində Alman dili ixtisasında təhsil alan dostum var ki, alman dilini yaxşı səviyyədə bilir.

  -Toğrul səncə Azərbaycanın  beynəlxalq dərəcədəki təhsil uğurları hansı səviyyədədir?

-Təəssüf ki, tənbəlik…   Son illərdə isə ən azından gənclərin özləri çox böyük işlər görürlər. Məsələn, Reyhan Camalova yağışdan enerji aldı. Belə şəxslərə ölkə maliyyə və təqaüd ayırmalıdır. AFFA milyonlarla dollar xərcləyir əcnəbiləri milliləşdirir. Amma anlamır ki, beyinsiz futbol olmur. Beynəlxalq uğurlara imza atmaq üçün hamımız daha çox çalışmalıyıq.

-İtaliya səndə nələri dəyişdi?

-İtaliya həyata baxış bucağımı, insanlara münasibətimi, düşüncə tərzimi dəyişdi .

-Təhsil aldıqdan sonra Azərbaycana qayıtmağı düşünürsən?

-Əslində çox çətin sualdır. Çünki açıq danışaq hər əziyyətin qiyməti var. Bu qiymət dəyərindən 20% maksimum aşağı ola bilər. İtaliyada orta statistik mühəndisin maaşı başlanğıcda 3800 avrodur. Yəni bu da təqribi 7000 AZN edir. Şirkət rəhbərlərimiz öz vətəndaşlarımızın qiymətini bilmir. Amma İtaliyada əcnəbilər nə qədər savadlı olsalar da öz vətəndaşlarını işə götürərlər. 

Siz elə bilirsiniz ki,  İtaliya əbəs yerə tələbəsinə aylıq 450 avro təqaüd verir? Çünki, italyan güclü mühəndisi ömrü boyu xaricə buraxmaz. Bizdə isə hələ də "Tülpan piramidası" davam edir. Düzələn də deyilik…

Azad sahibkarlıq olmayan yerdəasılı sənayeyə sahib olacaqsan. Bizdə isə bəzi deputat və məmurlar azad sahibkarlığı sıfır səviyyəsinə çatdırıblar. Elə buna görə də şirkətlərin hamısı xammalları xaricdən alır.

 -Son olaraq, əlavə etmək istədiklərin...

-Xaricdə təhsil almaq istəyənlər tövsiyəm odur ki, özünüzə güvənin. Həmçinin, çox çalışın. Heç vaxt uğursuzluqdan sınmayın. Daim fərd olaraq özünüzü lokomativ kimi düşünün. Geridə qalan vaqonları dartmaq sizin borcunuzdur. Qatar isə  bir reys üzrə hərəkət edir. Hərəmiz dartdığımız vaqonları öz reysimizin təyinat nöqtəsinə çatdırmalıyıq.

Son olaraq, valideynlərə bildirmək istərdim ki, heç nədən qorxmayaraq qız övladlarınızı  xaricdə oxudun. Çünki xaricdə adamı yemirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR