Slimfit
  1. ƏDƏBİYYAT

Nizami Gəncəvi - Sirlər xəzinəsi/On ikinci söhbət

Nizami Gəncəvi - Sirlər xəzinəsi/On ikinci söhbət
Sakura

Nizami Gəncəvi - Sirlər xəzinəsi/On ikinci söhbət

DÜNYA İLƏ VİDALAŞMAQ

Qalx ayağa, cahanla vidalaşıb köç daha,
Fitnə-fəsad yurdunda qala bilməz köç daha,
Köçməlisən yurdundan daha gözəl yurda sən,
At hücrəni, bir qapı aç üzünə burda sən.
Qəlbin ahla, gözlərin yaşla dolar bu yolda,
Könül aşın, göz yaşın sirdaş olar bu yolda.
Gözlərinin yaşını bu torpağa çiləsən,
Könül şahı comərddir, verər nəyi diləsən.
Dəvə kimi oynasan, yollar qucar köçəndə,
Tapdaq olsan fillərə, kollar qucar köçəndə.
Zərrə qədər halına hanı yanan dünyada?
Ülviyyətə qovuşar canı yanan dünyada.
Köçüb könül oxşayan arif kəslər haçandır,
Yalqızlıqdan ülviyyət səni səslər haçandır.
Xislətinlə çox da ki, çox zərifsən həyatda,
Yoxsa könül həmdəmin - tək, qəribsən həyatda.
Döndər qara torpaqda şəffaf suya qəlbini,
Bağla ülvi qayəyə, saf arzuya qəlbini.
Fənalığa uğrayıb talanınca varlığın,
Ayrılığın oduna qalanınca varlığın,
Qədəmini sidq ilə atmalısan mənzilə,
Atıb ağır yükünü çatmalısan mənzilə.
Dünya evi hədərdir, könül də bir məskənin,
Ucal uca göylərə, könüldədir məskənin.
Yuva sanma özünə can sıxan dar qəfəsi,
Ülvi eşqin yolunda parçala, yar qəfəsi.
Bu cızıqdan çıxmağa imkan hanı "mim" kimi,
Nicat verən deyildir, parçal tilsim kimi.
Şan-şan edən oxuyla yaralanma fələyin,
Sən özünü köləsi, qulu sanma fələyin.
Gündüz ilə gecənin gərdişindən uzaqlaş,
Öz əzəlki köləlik vərdişindən uzaqlaş.
Ehtiyatı unutma qədəm atsan haraya.
Qurtuluşa yol ara gedib çatsan haraya
Əməlinin qəlbini sıxmağını bir düşün.
Girməmişdən bir yerə çıxmağını bir düşün.
Atma xətər qoynuna görən gözlə özünü,
Yolundakı quyudan gözdə, gözlə özünü.
Seldə qalan bu qəsri çalış yara biləsən,
Fəlakətin əlindən can qurtara biləsən.
Zirək tülkü itlərdən daim qorxub qaçsa da,
Yuvasından çıxmağa iki deşik açsa da.
Qurtarmayıb ölümündən kələk onu yuvada,
Tüstüsüylə boğubdur fələk onu yuvada.
Uydun keyfə, şadlığa qəflətdə sən əzəldən.
Varlığını unutdun, qəflətdəsən əzəldən.
Əzəl günün hökmüdür bu darısqal dünyada:
Candan bezib gedənə deməz ki: "qal dünyada."
Yaradanın hökmünə əyməsən də boynunu,
Əyməlisən hamıtək bir gün sən də boynunu.
Yalnız qəlbin gözüylə seçməlisən bu yolu,
İki dünya yoludur, keçməlisən bu yolu.
Göydən yerə baxmadan, sürətli ol bu yolda.
Dönüb dala baxmadan, cürətli ol bu yolda.
Məslək eşqin - sovqatın, yaşa ülvi aləmdə,
Göz yaşların çeşmətək daşa ülvi aləmdə.
Can ləkəsiz gövhərdir, sədəfinə at onu,
Gil varlığı neylərsən, hədəfinə at onu.
Çox öldürüb sənintək munis kəsi bu fələk,
Səndən qolu güclünü, yenilməzi bu fələk.
Var gücünlə qolunu burmalısan düşmənin,
Kürəyini tez yerə vurmalısan düşmənin.
Onun elə hünəri, fəndi hanı qorxulu?
Nə qılıncı qorxulu, nə qalxanı qorxulu.
İlan deyil, ilantək qıvrılandır kəndiri,
Ülvi eşqin gücüylə qırılandır kəndiri.
Düşünmə ki, mümkünmü sındıra can şüşəni.
Bircə odlu ahınla sındırarsan şüşəni.
Comərd insan canında zər odunu söndürüb,
Şirin dillə düşmənin hər odunu söndürüb.
Öyün bilik çeşməsi nur saçan könüllə sən,
Günəş kimi, düşməni öldür nurla, güllə sən.

İKİ RƏQİB ALİMİN HEKAYƏTİ

İki alim yaşardı hikmət evi dünyada,
Höccət başdan aşardı hikmət evi dünyada.
Hər biri "mən", "mən" dedi, "sən", "sən" deyən olmadı,
Bu mənzilin sahibi "sənsən" deyən olmadı.
İki deyil yaradan, tanrı təkdir dünyada.
Bir baş varkən, ikinci nə gərəkdir dünyada?
İki Cəmşid bir yerdə dövran sürə bilərmi?
İki qılınc bir qına, söylə, girə bilərmi?
Bir-birinə qənimtək kələk qurdu alimlər,
"Hikmət evi mənimdir" deyib durdu alimlər.
Hikmət evi çevrildi kin-ədavət evinə,
Biri köçsün, ev dönsün bir ədalət evinə.
Canla, başla girişdi iki yağı köçməyə.
Hazırlaşdı hər biri toran çağı köçməyə.
Dedilər ki, bu evdən köçsək daha yaxşıdır,
İki şərbət düzəldib içsək daha yaxşıdır.
Bir görək ki, kim kimə yağıdan da betərdir,
Görək kimin şərbəti ağıdan da betərdir.
İki hikmət mülkündə qala bilək hünərlə,
Bir bədənə iki can ala bilək hünərlə.
Biri zəhər düzəltdi - beyni-başı yandıran,
Üfunəti, qoxusu qara daşı yandıran.
Verib dedi: "Nuş eylə, nəşə verən meydi bu,
Zəhər deyil, şərbətdən daha şirin şeydi bu."
Şirürəkli bildi ki, qatıb meyə ağını,
Alıb çəkdi başına şərbət deyə ağını.
Çimmək üçün qaynatdı nuşgiyanı əlüstü,
Tiryək kəsdi zəhəri, hər ziyanı əlüstü.
Pərvanətək yansa da yenə qanad açdı o,
Hər məclisə şam kimi öz nurunu saçdı o.
Gül bağından gül dərdi, yaman güldü düşmənə,
Zəhər deyil, qıydığı haman güldü düşmənə.
Qəniminə uzatdı qoxuduğu o gülü.
Püfləyərək bir əfsun oxuduğu o gülü.
Nifrətiylə yağıya o, yağıdan betərdi,
Gülündəki hər tikan o ağıdan betərdi.
Əfsunlu gül ruhunu sıxdı, sıxdı yağının,
Vahimədən, qorxudan canı çıxdı yağının.
Dərdə əlac tapan kəs gülən oldu həyatda,
Bircə güldən qorxan kəs ölən oldu həyatda.
Yer üzünün bağında bir gül hanı əzəldən,
Ləçəyinə hopmasın insan qanı əzəldən?!
Bu zəmanə bağının baharısan dünyada,
Qəm mülkünün sevimli nigarısan dünyada.
Ağzına qara daş bas ağız açan torpağın,
Dolduracaq ümmanı, söylə, haçan torpağın?!
Bu ümmanın qoynunda oldu gəmin puç daha,
Bu xarabat mülkündən, bu torpaqdan uç daha.
Nə Günəşi, nə Ayı hünərinlə say göydə,
Daldalansın kölgəndə Günəş göydə, Ay göydə.
Göy çadırda Ay göyün dilbəridir, dilbəri,
İbrahimin sevdiyi bir pəridir, bir pəri.
Gündüzünü gecəyə döndəribdi bu fələk,
Ülviyyətdən gör hara göndəribdi bu fələk.
Günəş qəlbin nur saçsın gündüzünə cahanda,
Həsrət qalma gecətək gün üzünə cahanda
Gözdən arzu gülabı çiləməyi unutma,
Qara gündə ağ günü diləməyi unutma
Halallıqla yaşayıb ucal gözdə dağ kimi
Son mənzildə tərəzi çəkər səni yağ kimi.
Məsləkinlə qolunda qüvvət duysan əyər sən,
Ədalət mizanını sanma tükcə əyərsən.
Heç bir hünər sahibi - comərd insan dünyada
Məsləkini dünyaya satmaz, inan, dünyada.
Sənin kimi dünyaya salmaz meyil Nizami.
Sən uysan da dünyaya, uyan deyil Nizami.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR