Slimfit
  1. ƏDƏBİYYAT

Nizami Gəncəvi - Bu çəməndə qocalıqdan belim döndü kamana

Nizami Gəncəvi - Bu çəməndə qocalıqdan belim döndü kamana
Sakura

Nizami Gəncəvi - Bu çəməndə qocalıqdan belim döndü kamana

Bu çəməndə qocalıqdan belim döndü kamana,
Bundan sonra bu budaqdan yetişərmi bar mana? 

Ağaçımdan bir kimsəyə nə meyvə var, nə kölgə,
Yarpağımı, məhsulumu fələk verdi küləyə. 

Kaman kimi bükülərək məzar qazır fələklər,
Artıq mənə ağ tüklərim kafurdan xəbər verər. 

Ahunun ağ göbəyində qara rəngli müşk olur,
Mənim qara tüklərimsə bəyaz rəngə tutulur. 

Ağzımda iki düzüm dolu inci var ikən,
Fələk zülmü qırdı, tökdü, iz qalmadı incidən. 

Sandığımda gövhərlərin qalmadı bəxt ulduzu!
Umudsuzluq göylərində doğdu sabah ulduzu. 

Ömür başa çatdı deyə istəyirəm bayquştək,
Xərabədən yoxluq adlı dünyaya üz çevirmək. 

İsmət bağı meyvəlidir, bir budağam o bağa,
Bel büküldü, məğrur başım mail oldu torpağa. 

Ciyərimdən axan qanı saçmaqdadır bəbəyim,
Kaman kimi olmuşam ki, bulaşmasın ətəyim. 

Ağ tüklərdən qar yığıldı başım üstə qalandı,
Vücudum bir çardaq kimi yatmasın ah, amandı! 

Dağ başında qar olanda əridikcə axar su,
Gözlərimdən axan yaşın səbəbi də budur, bu. 

Zəiflikdən torpaq üstə kölgə kimi əsərəm,
Sürüsələr torpaq üzrə iz salarmı əsərim! 

Kimsə məni yada salmır, yəqin buna səbab var:
Bir zəif hal xatirlərdə, söylə, nə iz buraxar? 

Kaman kimi qamətim var, yersiz bilmə sən bunu,
Əcəl oxu qorxusundan qalxan etmişəm onu. 

Qanadlarım qırılmışdır inanımmı gücünə?
Necə uçum bu qanadla mən fəraqət bürcünə. 

Bu dünyanın bağçası da umudumun meyvəsi,
Sitəm ilə dağılmışdır, bir yandadır hərəsi. 

Ağac şümşad boylu oldu, çünki barı töküldü,
Mənim qəddim, meyvəsini tökən zaman büküldü. 

Yəqin ölüm qılıncının qorxusundan başım, bax
Öz çiynimə əyilərək, onu etmiş bir dayaq. 

Mən ki səfər yolçusuyam, hörmətim var, a dostlar,
Onun üçün gözlərimdən yanağıma yaş axar.

Astanadan keçəmmirəm, öylə zəif olmuşam,
Hüzn evinin bir küncündə özümə yurd salmışam.

Mən kəlmənin son hərfiyəm, səhifələr son yeri
Nə mənadan xəbərim var, nə cərridən xəbərim. 

Ayın, günün işığını parlatsalar üzümdə,
Ağ, qaranı seçə bilməz nur qalmamış gözümdə. 

Ömrüm keçdi, günahkarlıq qazanmışam dünyada,
Ona görə layiq oldum xəcalətli bir ada. 

Vahimədən əlim əsir, məclis qurub zamana,
Bu şadlıqda, deyin, necə nuş eyləyim peymana? 

Əcəl mənə qonaq gəlmiş, neyləyim ki, a dostlar,
Həyatımdan başqa şeyi qəbul etmir, inadkar! 

Dadlı həyat süfrəsindən gəlmir ağzım bir dada,
Şəkər belə, şərbət belə zəhər dadır ağzımda. 

Bu mənzildə vidalaşır artıq həyat mənimlə,
Əyilmişəm, qayda budur: öpüşənlər əyilə. 

İşdən düşdüm hər nəfəsdə qorxuram ki, dərd ola,
Bədən tamam parçalana, bir-birindən ayrıla. 

Hesab çəkən barmaq kimi yolda düşüb qalxıram,
Qəribədir; il sayıram, olmayıram bir aram. 

Gülşənin xoş xavası da zərər verir canıma,
Faydasızdır, İsa, Xızr gəlsə belə yanıma. 

Həsrət ilə bulud kimi su yağdırdım bu gün mən, 
Cavanlığım şimşək kimi gəlib keçdi gözümdən! 

Cavanlığı yolda saldım – nə gəzirsən? – soruşsa,
Belim əyri, cavanlığı axtarıram hər zaman. 

Kölgə kimi söykənirəm hər addımda divara,
Umud yoxdur bir də qalxam, nə etməli, nə çara? 

Rəngli şeylə aldadılan uşaq kimi nə erkən,
Aldadıcı fələk aldı cavanlığı əlimdən! 

Şadlıq mülkü eyş-işrətə insanları çağırır,
Qulağımdan çıxan ağ tük getmə deyə bağırır. 

Ruzi üçün düşüb, qalxıb axtarıram hər yeri,
Görən deyir: “Vardır bunun qarışqaya bənzəri”. 

Namərd fələk sındırmaqçün qiymətimi, qədrimi,
Parçaladı gövhərimi, əldən aldı səbrimi. 

Hünərlərim paxılların gözlərində nəhandır,
İndi mənim hünərlərim hər eybdən yamandır.

Mərifətin işığıyla aydın olsun qəlb deyə,
Həlqə olan qəddim ilə bənzəyirəm haləyə. 

İşimə min düyün düşüb, ömür gödək, düyün çox!
Bəlli deyil, o düyünlər açılacaq, yoxsa yox? 

Bu gülşəndə bir asacam, yıxmaq üçün fələklər,
Bükülərək, ayağıma balta vurub qəsd edər. 

Mənə çatmır nə surətdən, nə mənadan bir xəbər,
Silinmişdir gözlərimdən mənalarla surətlər. 

Günahkaram, cəhənnəmdə tutsam əgər mən qərar,
Orda belə məndən hürküb uzaq qaçar adamlar. 

Günahkarlıq bağçasında hər budağım qurudur,
Zaman məni cəhənnəmdə yandırmağa qurudur. 

Baxın! Qəza qələminin səhifəmdə yazdığı,
Xəta oldu, yoxlasan da əsla yoxdur artığı. 

Peşimanlıq suyu onu yuyar, silər bu mümkün,
Neyləyim ki, fələk bunu çətin etmiş mənimçün. 

Burda da haqq qəzanındır, nə eyləsəm, nə etsəm, 
Əqlə gələn pisliklərin hamısından mən pisəm. 

Günahım çox, mənə ölüm zərbəsini kim vursa,
Ona qanım halal olar, layiq olmaz qisasa. 

Zəbanəyə başlayarsa, qəlbimdəki alovlar,
Mühitləri, dəryaları hərarətim qaynadar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR