Slimfit
  1. CƏMİYYƏT

Niyə Fazil Mustafa hədəf seçildi? – Müsahibə

Niyə Fazil Mustafa hədəf seçildi? – Müsahibə
Sakura

Niyə Fazil Mustafa hədəf seçildi? – Müsahibə

Yenipress.az millət vəkili Fazil Mustafanın Axar.az-a müsahibəsini təqdim edir:

 

– Müalicəm gedir, özümü normal hiss edirəm. Yeriyə də bilirəm. Yaralarımın tikişlərinin sökülməsi 1-2 günə gerçəkləşəcək. Demək olar ki, xüsusi ağrılarım yoxdur. Reablitasiya ilə bağlı problemlər qalır. Onları da həkim məsləhəti ilə mərhələli şəkildə həyata keçirəcəyik. Ümid edirəm ki, yaxın aylarda tam şəkildə aktiv fəaliyyətimi bərpa edəcəyəm.

– 27 martda harada idiniz? Evə nə vaxt gəldiniz? Bu sualı verməyimizin səbəbi var: Terror sifarişləri üçün tarixlərin təsadüfən seçilib-seçilmədiyini öyrənmək istəyirik. 27 yanvarda Tehrandakı Səfirliyimizə hücum olmuşdu. 28 martda millət vəkilimizə hücum edildi… Ümumiyyətlə, hər gün evə təxminən neçədə gəlirsiniz? Həmin gün istisna idi, yoxsa standart qrafikiniz elədir?

– 27 mart tarixində iftardaydım. Evə də iftardan sonra, təxminən saat 11-də (23:00) qayıtmışdım. Hər hansı təhlükə də hiss etməmişdim. Bütövlükdə evə gediş-gəliş vaxtım bəlli deyil və 28 martda da evdən getmək fikrim yox idi. Sonradan dostlarla iftar süfrəsində görüş təyin etdik. Ona görə də bütün günü evdə oldum, yalnız saat 7-nin yarısı (18:30) evdən çıxdım. Görünür, gedişimdən hansısa formada xəbər tutulub ki, pusqu quraraq gəlişimi gözləyiblər. Adətən evə konkret vaxtda qayıtmıram. İftardan çıxandan sonra təqribən saat 10-a qalmış evə dönməli idim. Həm də işa namazımı evdə qılmağı nəzərdə tutduğuma görə çox gecikməli deyildim. Buna görə də iftardan sonra orada axşam namazımı qıldım və çay süfrəsi də bitəndən sonra evə gəlməyi qərarlaşdırdım. Yəni ortaya xüsusi proqramım çıxmadı ki, ləngiyim. Məni orda gözləyənlərin bir neçə saat gözləməsi də mümkün idi, çünki qərar verilmişdi, pusqu qurulmuşdu.

– Sizə qarşı hücumun guya edilmədiyi haqda ölkədən kənardan bəzi iddialar səsləndirilirdi. Bir neçə gün əvvəl isə terror hücumu anının görüntüləri ortaya çıxdı. Qonşu həyətdəki kamera vasitəsilə qeydə alınmışdı. O görüntüləri hücumun səhərisi günü yaymaq olmazdımı?

– Buna hücumun edilmədiyi haqda sadə, sıradan informasiya yayılması məsələsi kimi baxmaq olmaz. Bu, bütövlükdə məqsədyönlü şəkildə nəzərdə tutulmuş dezinformasiyalardır. Birinci atəş açılır və bunların istədiyi kimi nəticələnmir, ölüm baş vermir. Baş vermirsə, onda bu hadisənin üçüncü qüvvə tərəfindən törədildiyi barədə dezinformasiyalar ortaya atılır. Ardınca isə bunun ümumiyyətlə baş vermədiyi iddia olunur. Daha sonra baş versə belə, oyun olduğunu göstərməyə çalışırlar. Yəni bu ssenari qurulmuşdu. Orada da kifayət qədər kamera görüntüləri var idi, amma konkret hansı kameraya düşməyim barədə bilgiyə sahib deyiləm. Yəni bildiyim odur ki, müəyyən məsələlər kamera görüntülərindən də ortaya çıxır. O baxımdan da bu kimi məsələlərdə məncə bir tərəddüd yoxdur. Kamera görüntülərinin yayılmasına gəlincə, bu mənim əlimdə deyildi, xəstəxanadaydım. Mən xəstəxanadan çıxandan sonra bir çoxları yayılmağa başladı. Ondan sonra nə baş verdiyi barədə məlumatım oldu. Ona qədər mənim də ciddi məlumatım yox idi. Sadəcə səhhətimlə bağlı problemlərlə məşğul olurdum. Amma bir sıra məsələlər var ki, ona vaxtında daha tez aydınlıq gətirmək olardı. Bəzi məsələlər də istintaqla bağlı idi. Situasiyanı mən özüm idarə edə bilmədiyim üçün bunun niyə edilmədiyi barədə bir şey söyləyə bilmərəm. Bunu özüm evə çıxandan sonra bir sıra məsələlərin cavabsız qalmaması üçün müəyyən informasiyaların, görüntülərin təqdim olunmasını məqbul hesab elədim və bu da yayıldı.

– İlk gün verdiyiniz açıqlamada ikinci güllənin sizə evə gedərkən dəydiyini açıqlamışdınız. Real TV-yə açıqlamanızda, daha sonra isə maşınınızdan yayılan görüntüdə güllənin ayağınıza da maşında dəydiyi üzə çıxdı. Bunu necə izah edə bilərsiniz? Doğrudanmı ilk gün ayağınızdan güllə yarasını evə gedərkən aldığınızı zənn edirdiniz? Yəni ikinci güllənin ayağınızdan dəydiyini maşında olarkən hiss etməmişdiniz?

– Həqiqətən də mən ayağıma maşında güllə dəydiyini hiss etməmişdim. Ancaq həyətə girəndə hiss etdim. Amma çiynimə dəyən gülləni dərhal hiss etdim. Məndə elə təsəvvür var idi ki, ayağıma güllə evə gedərkən dəyib. Sonradan araşdırmalar onu göstərdi ki, əslində, atılan güllə ilk ayağıma güllə dəyib – altdan oturacağı deşərək, mühərrik qutusunu da dağıdaraq… Yəni ilk gülləni ayağımdan almışam. Bunu mən maşında olarkən hiss etmədim. Və ona görə də ilkin açıqlamamda elə təsəvvürüm var idi ki, maşında ancaq mənim çiynimdən güllə dəyib. Yəni maşından düşəndən sonra mənə güllə dəyməyib. Çünki maşın məni qoruyub.

Bunları sonra aydınlaşdırdım, xəstəxanada videogörüntülərə də baxdım, qardaşım və yaxın adamlar ev kamerasında müəyyən elementləri mənə çatdırmışdılar. Ordan da məndə qəti əminlik yarandı ki, həqiqətən də ilk güllə də ayağıma maşının içində dəyib. Sadəcə sümüyə dəymədiyi üçün yeriməyə imkanım oldu. Sümüyə dəysəydi, yeriməyim çox çətin olacaqdı. Diz qapağına güllə dəyməmişdi, ordan yuxarı hissəni deşib keçmişdi. Amma bədənimdə hər hansı bir giliz qalmamışdı, hər iki yarada da açıq göründüyü kimi, güllələr bədənimi deşib keçib. İran xüsusi xidmət orqanlarının daha çox yönləndirilməsi ilə, xaricdə oturan trolların vəsaiti ilə müəyyən bir dezinformasiya yaymağa çalışan qüvvələr guya burda bir səhv axtarmağa, guya bizim yalan danışdığımızı söyləməyə cəhd etdilər.

– Hamını düşündürən bir sual da var: niyə məhz Fazil Mustafa seçildi? Bu, uğursuz seçim deyilmi? Axı, siz ibadət edən, namaz qılan, oruc tutan bir şəxssiniz. Bu baxımdan Rafiq Tağıya hücumla sizə hücum arasında böyük fərq var.

– Bu sualı cavablandırmaqda çətinlik çəkirəm. Amma bu mənim üçün birinci hədə deyil. Dəfələrlə bu şəbəkə tərəfindən həm sosial şəbəkə üzərindən, həm də real vasitələrlə hədələr olmuşdu. Hətta bununla bağlı məhkəmə hökmü də var. İrandan yönləndirilən şəbəkə tərəfindən həm ailəmin, həm özümün təhdidim ilə bağlı real əməllər vardı. Bununla bağlı da qərarlar çıxarılıb. Bu baxımdan da bu hücum sürpriz deyildi. Çünki mənim siyasət həyatımda bu məsələ ilə bağlı prinsipial mövqeyim cəmiyyətə də bəllidir.

O ki qaldı ibadət əhli olmaq, terrorun Ramazan ayında edilməsi… Məhz bunu yəhudi, xristian, yaxud da bir normal müsəlman etməz. Bunu ancaq İran zehniyyətli qatil düşüncəsi itipi edər. Hətta bir xristian belə Ramazan ayında ibadət edən insana əlini qaldırmaz. Hətta qatil belə olsa. Bunu ancaq iranlı zehniyyət edə bilər. Çünki bunların böyük əksəriyyəti bu xəstəliyə yoluxmuş, qatil kimi yetirmiş insanlardır. Mən hər zaman deyirəm, təsadüfən bunların simvolları xəncər deyil. Bu xəncər təkcə özlərini doğramaq üçün nəzərdə tutulmayıb. Bir az sayları çoxalan kimi bu cahil sürüsü cəmiyyətin ziyalılarını doğramağa yönəlirlər. Necə ki İran inqilabında bunun şahidi oldunuz. Milyonlarla insanı məhv etdilər. Ona görə də burda təəccüblü heç nə yoxdur. Allah rəhmət eləsin, Rafiq Tağı ilə bağlı edilən də ciddi bir terror idi. İntensivlik baxımından o, antiiran kursu götürmüş bir yazar deyildi. Yəni mövzuları, sujet xətti tamamilə başqa idi. Bir neçə yazısında bu elementlər olduğuna görə ona qarşı da bu qəsd olmuşdu.

Hər halda bütövlükdə bu terror hadisəsinin mənşəyi hardan gəlir, bunu cəmiyyətimiz kifayət qədər ciddi şəkildə müzakirə etməlidir. Anlamalıdır ki, bu, sabah Azərbaycanın gələcəyinə yönəlik ən böyük, cəmiyyətdə müəyyən düzənin pozulmasına xidmət edən təhdidlərdən biridir. Bunun da qarşısını bütövlükdə yanlız hüqüq-mühafizə orqanları yox, cəmiyyətin səfərbərliyi ilə almaq mümkündür.

– Hücumun məqsədi, hədəfi, təyinatı olur. Bunun məqsədi, təyinatı və hədəfi nədir və hücum edənlər bunlardan hansına çatdılar? Daha dəqiqi, niyə çatmadılar?

– Hücumun məqsədi ilə bağlı fərqli fikirlər səsləndirmək olar. Fikrimcə, İsraildə səfirliyimizin açılması günü cəmiyyəti çalxalayacaq təxribat törətmək məqsədi güdürdülər. Amma onların nəzərdə tutduğu baş vermədi.

Ümumiyyətlə, bu addımın cəmiyyəti silkələmək məqsədilə atıldığını düşünürəm, çünki terror cəmiyyəti silkələyən hadisədir. Təxribat baş tutmadı, çünki onların törətdiyi terrorlar ölümlə nəticələnirdi, amma bu dəfə elə olmadı.

Terrorun hədəfi – bir nəfəri susdurmaqla cəmiyyəti susdurmağa çalışmaq idi, amma Azərbaycan cəmiyyəti güllənin haradan atıldığını bilir və ona qarşı imkanlarını ortaya qoymağa qadirdir.

Digər tərəfdən bu hadisədən sonra cəmiyyətdə belə bir fikir yaratmağa çalışdılar ki, heç kimin güvənliyi yoxdur. Amma hüquq-mühafizə orqanlarımız, xüsusilə Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq peşəkar və operativ şəkildə bütün detalları incələyərək terror təşkilatçılarını və iştirakçılarını üzə çıxardı.

Bu da onu göstərdi ki, Azərbaycanda terror törədib, əlini-qolunu sallayıb gəzmək mümkün deyil.

– Sağ qalmağınızı nə ilə əlaqələndirirsiniz? Sizi Allah qorudu?

– Mən bütövlükdə möcüzələrə inanan insan deyiləm. Amma baxış bucağım budur ki, bizim olum və ölüm traktoriyamızı Yaradan tənzimləyir. Biz sadəcə iradə azadlığına sahibik. Bizim üçün nəzərdə tutulan ömür müddətində xarakterimizlə, iradəmizlə daha fərqli, daha faydalı insan olmaq yarışının içindəyik. Amma bunun vaxtını müəyyən edən biz deyilik. Və bu vaxtı da müəyyən edən əgər bu gün bizim ölümümüzü nəzərdə tutmayıbsa, hansı situasiya olur olsun, orada bizi sağ saxlamalı idi. Görünür, görə biləcəyimiz işlərin yarımçıq qalmasını istəməyən Yaradanın iradəsi ortada oldu. Ona görə də bu, baş vermədi. Yəni bu ömür yolumuzda onlarla belə təhlükələrlə rastlaşmışıq. Hardasa qırıla bilərdi. Hər dəfə də Yaradan qoruyub saxlayırsa, bu dəfə də qoruyub saxladısa, deməli, bizim məsuliyyətimizi daha çox artırdı, məsuliyyət yükümüzü ağırlaşdırdı. Ömrümüzün qalan hissəsini daha faydalı, daha əzmlə çalışmağa yönləndirən bir mesaj verdi. Hesab edirəm ki, bizi yaşadan da, xilas edən də Allahdır. Biz sadəcə, dediyim kimi, yaşadığımız ömrün məsuliyyətini daşıyan, onun faydalılığını özümüzü inkişaf etdirmək, cəmiyyətə xeyir gətirmək anlayışları ilə daha da artırmalıyıq. Ümid edirəm ki, bu hadisə mənim özüm üçün də yeni bir doğuşdur, yenidən silkələnmədir. Daha çox əzmlə, daha çox iradə ilə dövlətimin, millətimin, cəmiyyətimin faydası üçün bundan sonra da çalışacağam. Çünki bu mənim yenidən həyata qayıdışım üçün verilən bir şansdırsa, bunu verənin haqqını mən öz fəaliyyətimlə qaytarmalıyam. Allah qatında onun razılığını alan bir bəndə olaraq öz borcumu yerinə yetirməliyəm.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR