Slimfit
  1. KİTABLAR

Nikola Teslanın gündəliyi: Nyu-York, Edisonun şirkəti

Nikola Teslanın gündəliyi: Nyu-York, Edisonun şirkəti
Sakura

Nikola Teslanın gündəliyi: Nyu-York, Edisonun şirkəti

1884-ilin 6 iyununda Amerikaya gəlib çatdım. Uzun dəniz yolçuluğundan yorulmuş, qışdan çıxan canavar kimi acmışdım, uzun müddət üzdükdən sonra  sahilə çıxanda torpaq ayağımın altında gəmi göyərtəsi kimi yellənirdi, lakin bu xoşagəlməzliklərin heç biri əhəmiyyətli deyildi. Nyu-Yorka yetişmişdim, çox xoşbəxtdim. Xoşbəxtlik güclü şərab kimi başıma vurmuşdu. Səadətdən sərxoş olmuşdum.

Edisonun Elektrik Təhcizatları Şirkətinə ilk dəfə gələndə öz xoşbəxtliyimə inanmağım gəlmirdi. Parisdən ayrılmağın məyusluğu və ağır yelkənli gəmidə yolçuluğun yorğunluğu arxada qalmışdı. Gəmi limana yan almağa başlayanda minnətdarlığımı bildirmək üçün gəmi kapitanının yanına gedəndə o, üzünü nümayişkaranə şəkildə yana çevirdi. Bu, gülüşməyə başlayan şahidlərin gözü qarşısında baş verdi. Ola bilsin, mənim əriyib çöpə dönmüş uzun bədənim (mən gəmidə acından inanılmaz dərəcədə arıqlamışdım) kapitanın gombul qısa cüssəsinin yanında həqiqətən çox gülməli görünmüşdü. Lakin onların kobudluğu gülüşlərindən daha təhqiredici idi. Beləliklə, bu anı sevinclə gözlədiyim halda, ilk addımlarımı Amerika torpağına çox pis əhval-ruhiyyəylə basdım. Gəmi səyahətim çox ağır keçmişdi, mən bacardığım qədər özümü ruhlandırmağa, hər şeyin yaxşılğa doğru gedəcəyinə inandırmağa çalışırdım. Strasburqdakı işə görə vəd edilmiş mükafatı versəydilər nə olacaqdı? Anama ev alıb Parisdə işləməyə davam edəcəkdim. İndi isə üzüb Edisonun Amerika şirkətinə gəlib çılxmışam! Dünyanın ən yaxşı ixtiraçısıyla işləyəcəkdim!  (O zaman Edison barədə bu fikirdəydim). Onunla birlikdə! Bizim bacarıqlarımız  birləşəcək, ağlagəlməz işlərə nail olacaqdıq! Üstəlik Edisonun şirkətində Parisdəkindən çox qazanacaq və anama daha tez ev ala biləcəkdim. Öz ideal sadəlövhlüyümlə Edisonun mənim Parisdə itirdiyim hər şeyi artıqlamasıyla geri verəcəyini düşünürdüm. Yəqin o, mənim niyə birdən-birə Parisdəki şöbəni tərk edib Nyu-Yorka gəlməyimlə maraqlanacaqdı. Şübhəsiz, bunun səbəbini gizlətməyə hazırlaşmırdım. Təsəvvürümdəki Edison acgöz əməkdaşlarının dürüst insanları aldatmaqla onun nüfuzuna zərər vurmalarına imkan verməməliydi. O, gecikmədən vəd edilmiş 25 000 dolları verəcək, acgöz və iyrənc  Reverdlə köməkçisini isə cəhənnəmə yollayacaqdı. Kaş bütün bunların nəylə qurtaracağını, 25 000-in üstünə əlavə 50 000-in də  gələcəyini biləydim! Lakin göy qurşağı şəkilləri çəkəcək qədər xəyal gücünə sahib deyilsinizsə, elə özünüzü göyərtədən atsanız yaxşıdır.

Okeanın nəhəng və sonsuz suları məndə qəribə, sehrli bir təsir buraxmışdı. Həm qorxutmuş, həm də özünə cəlb etmişdi. Bəzən sulara baxa-baxa içimdə özümü dalğaların qoynuna atmaq və dibə getmək istəyi yaranırdı. Aclıq, yorğunluq, inciklik, bezginlik... Belə zamanlarda beyin sağlam düşüncədən imtina edə bilir. Daha çox təsirə düşməməklə bəxtim gətirmişdi. Səyahətin ikinci həftəsində üçüncü dərəcəli kayutda gedən Budapeştli yəhudi qadın, ağlını itirməyə başlamışdı. Əvvəlcə ağlamağa, gəminin geri dönməsi üçün yalvarmağa başladı.  Onu təkadamlıq kayuta salıb qapını bağlamalı oldular. Bütün gəmiyə yayılan ağlamaq səsi mənim əhval-ruhuyyəmi daha da korlayırdı. Özümü yalnız yaxşı şeylərin olacağını düşünüb bir azca dözməli olduğuma inandırmaqla xilas edə bilərdim. Qalan həyatımın daha yaxşı keçəcəyinə ümid edərək səbrli davranmağa   çalışırdım.

Əgər indi Nyu-Yorka yolçuluğum əsnasında məni soyan həmin iki qarətçini ( biri diqqətimi dağıtmış, ikincisi oğurlamışdı) tapa bilsəydim onları qardaşcasına qucaqlayıb o zaman anlaya bilmədiyim xəbərdarlıq üçün təşəkkür edərdim. Hər şey göz qabağındaydı – bundan aşkar nə ola bilərdi? Sənin biletini oğurlayıblarsa, deməli  bu lənətə gəlmiş Amerikaya getməməlisən. Evə qayıtmalı və düzgün edib-etmədiyini düşünməlisən. Lakin mən xəbərdarlığa məhəl qoymamış və payımı almışdım.

Edisonun laboratoriyaları məni təəccübləndirdi.  Çox sayda, böyük laboratoriyaları vardı. Burada sınaqların keçirilməsi üçün tələb olunan avadanlıqların hissələri hazırlanır, çoxlu insan işləyirdi. Bütün bunlara Edison özü nəzarət edirdi. O, məni söhbətə tutdu, hərçənd mən danışmaqdan çox onun – Böyük İxtiraçının beşincidən adlayıb onuncusuna keçdiyi planları barədə söylədiklərini dinləməli oldum. Edison öz nəhəng  planları barədə hər şeyi çatdırmağa çalışırdı, lakin bu ümumi söhbətdən tez-tez səslənən “inanılmaz” və “nəhəng” sözlərindən başqa heç nə anlamaq mümkün deyildi. Yeri gəlmişkən, Edison Parisdəki işimi niyə tərk etdiyimi xəbər almadı. O, şübhəsiz səbəblərdən xəbərdardı. Sonra şəxsən özü tərəfindən bir daha aldadıldıqda onun şirkətində əməkdaşların vəd verilməklə şirnikləndirilməsinin adi hiylə olduğunu,  işlərin hansı qaydada davam etdirildiyini anlamışdım.  Qənaət vacibdir. Məsələn Antalla mənə mükafat vəd olunmasaydı  Strasburqdakı işimiz üçün daha yüksək maaş tələb edəcəkdik, çünki orada sutkanın 14- 16 saatını işləməli olmuşduq.  Lakin mükafat alacağımızı düşünərək maaşın artırılmasını tələb etməyə utanmışdıq. Üstəlik, Parisə göndərilən bütün teleqramların haqqını özümüz ödəyirdik. Bu da az deyildi, biz həftədə iki-üç dəfə Parisə nə barədəsə məlumat verməli olurduq.

Bir neçə gün istirahət etmək olardı, amma elə səhəri gün işə  başlamağa qərar verdim. Bircə arzum vardı, özümü mümkün qədər tez təsdiq etmək və Edisonun inamını qazanmaq istəyirdim. Qoy o, qısa zamanda mənim şəxsimdə necə bir əməkdaşa sahib olduğunu başa düşsün. Serblərin bir el məsəlində: “Tanrıdan istəməyi bacarsanız, xoruzu da yumurtladar”- deyilir. Mənim arzum elə növbəti həftə yerinə yetirilmişdi, lakin bunu yazmazdan əvvəl keçmişə qayıtmalı olacağam.

Edison yorulmaq bilməyən ixtiraçıydı. Mən artıq bu barədə yazmışam. O, nəzəriyyəni yaxşı bilmir və bir ixtiraçıya lazım olan səviyyədə ideyaya sahib deyildi. Hər hansı bir ixtiranın istehsalından əvvəl onun necə işləyəcəyini təsəvvür edə bilmirdi.  Əməliyyatlar zamanı bir çox çatışmazlıqlar ortaya çıxırdı, halbuki vaxtında bunları hesablayıb aşkara çıxarmaq və uğursuzluqların çoxunun qarşısını almaq olardı.  Edisonla işlədiyim zaman, daimi olaraq hansısa artıq istehsalına başlanmış təcrübələrini təkmilləşdirməli olurdum. Edison həmişə tələsir və əməkdaşlarını tələsdirirdi. Bu səbəbdən tez-tez ixtiralarından şikayət edilirdi. Onun laboratoriyalarında çalışan insanların yarısının ixtiralarla, digər yarısının isə həmin ixtiraların təmiriylə məşğul olduğunu söyləmək olardı.

“Oreqon”, Edison şirkətində istehsal olunan ilk sərnişin paraxoduydu. Onun, eyni zamanda (buna xüsusi diqqət edin!)  iki genaratoru sıradan çıxdı. Bəhs etdiyim   hadisə, “Oreqon”-un Sautqemptona (Böyük Britaniyada liman) yola düşməsindən bir neçə gün əvvəl baş vermişdi. Bütün xırda-para uğursuzluqlarla yanaşı gəmidə daha böyük – yanğın təhlükəsi də yaranmışdı. Edisonun nüfuzu təhlükə altındaydı. Bundan əlavə, gəmi yelkənlərini vaxtında açmayacağı təqdirdə, “Mavi Zolaq” (Blue Riband) şirkətinə yüksək məbləğdə cərimə ödəməli olacaqdı. Bu məbləğ, Edisonun şirkətini iflasa uğrada bilərdi. Mən heç nəyi şişirtmirəm. Edisonun şirkəti əslində həmişə borc içində üzürdü.  O, məntiqi qərarlar verə bilmir, bahalı sınaqlara girişirdi. Sınaqlar aparmaq, ixtiraları həyata keçirmək, ixtiraları satmaq və yeni sınaqların aparılması və borcların ödənməsi üçün ardıcıl borc alırdı. Nüfuzun itirilməsi, üstəlik böyük maliyyə  vəsaitinin geri qaytarılması ( Transatlantik bir gəmi səfərinin təxirə salınması!) Edisonun şirkətini məhv edə bilərdi (Əslində, bu səyahətin təxirə salınması həqiqətən Edisonun şirkətinə böyük məbləğdə ziyan vursa da, onun iflasıyla nəticələnə bilməzdi. 1884-ci ildə Edison həqiqətən ixtiraçı kimi böyük nüfuza malikdi və bu məsələni asanlıqla həll edə bilərdi. Tesla məlum səbəblərə görə hadisəni bir qədər şişirdir).

Edison ixtiraçıydı, ixtiraçılarsa qəza zamanı ancaq bir yoldan istifadə edirlər, hazırlanmış qurğunu sökərək bütün detalları bir–bir diqqətlə nəzərdən keçirirlər. İki generatorun sökülərək yoxlanması xeyli vaxt tələb edirdi. Daha sonra yeni generatorların və  qovşaqların qurulub yoxlanması lazımdı. Böyük ehtimalla, Edisonun şirkəti “Mavi Zolaq” (Blue Riband) şirkətinin həyata keçirə bilməyəcəyi  iki dəniz reysindən itirdiyi pulu geri ödəməli olacaqdı. 

Edison,  Kontenental Şirkətin, “Oroqon”-un işıqlandırılma sistemində çalışmış bütün əməkdaşları və ortaya çıxan nasazlığın səbəbini aradan qaldıra bilməyən mühəndis Deyvisi işdən azad etdi. Deyvisə generatorları təmir etməsi tapşırılmışdı. Onun uğursuzluğundan sonra Edison bu işi kimə tapşıracağını bilmirdi.  Özü qarışmaq istəmirdi. Birincisi, bunu özünə sığışdırmırdı, ikincisi adını- sanını ləkələməkdən qorxurdu. Yupiter hamıdan yüksəkdə dayanmalıdır, onun nəyəsə qadir olmadığıyla bağlı təsəvvür yaranmamalıdır.

“Oreqon”-un generatorunun təmirini üstünə götürən könüllü tapılmadı. Deyvs etibarlı ada sahibdi, Edisonla neçə illərdi işləyirdi. Onun nasazlığın aradan qaldırmağa nail ola bilməməsi, Edison kimi ixtiraçılıqla məşğul olub məntiqlə hərəkət edə bilməyən digər əməkdaşların gözünü qorxutmuşdu.

Mən isə, onlardan fərqli olaraq məntiqi hərəkət edə bilir və əcdadlarımdan miras qalan hər şeyi öz əllərimlə etmək bacarığına sahibdim (“Tesla” serb dilində baltayla çapacağın birləşməsindən yaranan bir alətin adıdır.  Bu alətdən ağacdan hazırlanan bəzi avadanlıqların, məsələn qayıqların, çəlləklərin içinin oyulmasında istifadə olunur). Nasazlığı aradan qaldırmağı boynuma götürdüm. Edison şübhəli yanaşsa da icazə verməli oldu. Bununla bağlı xırdalıqlara varmaq istəmirəm, sadəcə səbəbin tapılmasına bir, aradan qaldırılmasına isə səkkiz saat yarım vaxt sərf etdiyimi demək istərdim. Təmirdən sonra təxminən iki saat müddətində generatorları başqa bir çatışmazlığın ortaya çıxmaması üçün nəzarətdə saxladım. Şübhəsiz, köməyə adam çağırmaq olardı, lakin mən hər şeyi özüm etmək istəyirdim. Çox təsirli mənzərəydi - yeni gələn adam hər iki genaratoru bir gecədə təmir etmişdi!  “Oreqon”-un yola düşməyinə bir sutkadan da az vaxt qaldığı zaman baca təmizləyən kimi kir-pasın içində Edisonun yanına gəlib, hər iki generotorun təmirinin başa çatdığını və hər şeyin qaydasında olduğunu bildirəndə, o, bunu dəqiqləşdirmək üçün “Oreqon”-a gedib hər şeyi öz gözləriylə görmədən mənə inanmamışdı. “Buna necə nail oldun?”- deyə soruşduqda, əvvəlcə düşünüb, sonrasa buna uyğun hərəkət etdiyimi bildirdim.

Fikrimcə,  “qəhrəmanlığıma” görə mənə mükafat düşürdü, lakin bunun əvəzində Edisonla baş tutan daha bir söhbətlə “şərəfləndirildim”. Bu dəfə o, mənim də danışmağıma imkan verdi və söhbət saat yarım çəkdi, çox güman bu, həmişə tələsən Edison üçün faciəvi vaxt itkisiydi. Ona, alternativ enerjiylə işləyən mühərrik və onun əhəmiyyəti barədə danışa bilərdim. Edisonun daimi cərəyan tərəfdarı olduğunu bilir, onu müzakirəyə çəkməyə ümid edirdim.  Bunu bütün varlığımla arzulayırdım, çünki dünyada heç nədən ağıllı adamlarla nəyisə müzakirə etmək qədər zövq almıram. Mübahisədən həqiqət doğduğunu söyləyən insanlar yanılırlar. Mübahisə həqiqəti doğurmaz, lakin onu təsdiqləyər. Şübhələr səngiyər, mülahizələrin istiqaməti yəqinləşər və səhvlər aradan qaldırılar. Mən bəzən bəzi fikirlərimlə bağlı fikir mübadiləsi aparmağa adam tapmayanda öz-özümlə mübahisə etməli oluram.

Təəccüblü də olsa, Edison mənimlə mübahisə etmədi. Mühərrikimi “faydasız” və “heç kimə lazım olmayan” adlandırdı.  Etirazlarım isə mükəmməl alçaldıcı təbəssümlə qarşılandı. Mən özümdən çıxdım, Edison isə sakitliyini qoruyurdu. O,  ümumiyyətlə bir ixtiraçıya lazım olduğundan daha sakitdi. Sözümü kəsərək qısaca istedadlı olduğuma inandığını və bu istedadın gərəkli yerə sərf olunacağına ümid etdiyini söyləməklə kifayətləndi.

Təxminlərim düz çıxdı. Mənə münasibət dəyişdi. Əvvəl gələndə mənə fikir vermirdilər, indi isə hörmətlə baxırdılar. Edison, sakitcə yanıma gəlir, ayaq saxlayır, hazırda nə üzərində işlədiyimlə maraqlanırdı. Mən həmişə, hətta boş vaxtlarımda da nə iləsə məşğul olurdum. Qazandığım müvəfəqiyyətdən  ilhamlanaraq növbəti işi gözləyə-gözləyə məni uğura yaxınlaşdıracaq hər bir detalı inkişaf etdirməyə çalışırdım. Öz ixtiralarım  üçün patent almağa başlasaydım, “Babil”dəki (Nyu-Yorkun ən qədim və kasıb məhəllələrindən biri. Burada əsasən başqa millətlərdən olan gəlmələr  yaşayırdılar) kiçik mənzilimi tərk edib  ( İst-Saydın cənubunu rəngarəng əhalisinə görə özlüyümdə belə adlandırırdım) yaxşı evə köçə və çətinliklərimi anam üçün mənzil almaqdan başlayaraq qarderobomu təzələməklə yoluna qoya bilərdim. Mən heç zaman ədəbazlıq etməmişəm,  dəb dalınca da qaçmamışam. Lakin Nyu-Yorkda adamı, üst başında neçə dollarlıq geyim gəzdirməyinə görə qiymətləndirirlər. Əgər köhnəlmiş kostyumda və didilmiş ayaqqabıdasınızsa, deməli bəxtiniz gətirməyib və buna uyğun münasibətlə qarşılaşacaqsınız. Anama mənzil almaq fikrini beynimə möhkəm yeritmişdim. Ona belə bir hədiyyə etməyi çox arzulayırdım. Gəncliyim, anamın bundan çox da xoşbəxt olmayacağını, bu yaşda yeni yerə alışmağın onun üçün çətinlik yaradacağını düşünməyimə mane olurdu.

Edison sürətlə işləyir, lakin diqqətsiz davranırdı. Artıq işlək olan bir şeyin təkmilləşdirilməsini xoşlamırdı. Heyət işinin birini bitirər-bitirməz digərinə keçirdi. Əlavə olaraq, əməkdaşların çoxu aydın nəzəri hazırlığa sahib deyildi. Öyünmək istəmirəm, lakin hazır olan məhsulu təkmilləşdirmək bəzən onu icad etməkdən çətin olur. Təkmilləşdirməyə daha çox üstünlük verməyim digər əməkdaşların  mənə şübhəylə yanaşmasına səbəb olmuşdu, lakin tezliklə Edison özü bununla razılaşdığını ifadə edən tapşırıqlar verməyə başladı. O, insanları yaxşı anlayırdı. Yaxşı və hərtərəfli. Şəxsin fərdi xüsusiyyətlərinin tez bir zamanda fərqinə varır,  bacarığını və ona nədə gərək olduğunu düzgün qiymətləndirirdi. Edisonun əməkdaşlarının hər biri, öhdəsindən yüksək səviyyədə gələ biləcəyi işlə məşğuldu. Edison, insan ürəyinə gedən yolların sirrinə bələddi. Məni yanmış lampaların təmir və dəyişdirilməsi kimi gündəlik işlərdən azad edib sınaqların laborotoriya nümunələrinin hazırlanmasında iştirakımı təmin etdi. O, təqdirin (təqdir!) mənim üçün puldan daha çox əhəmiyyət daşıdığını və kiçik bir irəliləyişin istənilən alqışdan dəyərli olduğunu anlamışdı. Haqqımda: «İlahi! Bu adam Amerikanı şərəfləndirmək üçün gəlib!” – deməyi adət halına gətirmişdi.  Mənim, bədbəxt gəlmənin şəxsən Edisonun dilindən çıxan bu sözlərdən necə qürurlandığımı təsəvvür belə etməzsiniz!

Atam: “Günəş göz qamaşdırar, göy gürültusu çaşqınlıq yaradar, yaltaqlıq isə hər ikisinə qadirdir”- deyərdi. Edisonun təriflərinə təslim olmağım  ətrafda nələrin baş verdiyini görməyimə mane oldu.   Vaxtaşırı əməkdaşlardan kimsə şirkəti hansısa qalmaqala görə tərk etməli olurdu. Edisona qarşı yönəldilən ittihamları qulaq ardına vurur, bunları mənasız iftira hesab edirdim. Başqalarının patentlərinin oğurlanmasıyla bağlı çıxışlar mənə  daha dəhşətli görünürdü. Onu, patent bürosunun əməkdaşlarından Finkin köməyiylə, özgə sirlərini oğurlamaqda və saxta yollarla  patent haqlarını əllərindən almaqda günahlandırırdılar. Bu doğruydu, lakin o zaman Edisonla bağlı eşitdiyim heç bir mənfi məlumata inanmırdım.

Bacarıqlarıma inandığını  irəli sürən Edison sabit cərəyan cihazlarıyla bağlı təkmilləşmənin şirkət tərəfindən həyata keçirilməsini təklif etdi. Bu çox məsuliyyətli və ciddi məsələydi. Söhbət, quruluşda fərdi dəyişikliklərin edilməsindən deyil, mövcud avadanlıqların iş sisteminin köklü şəkildə dəyişdirilməsindən gedirdi. Bu, velosiped  hissələri əsasında avtomobil yaratmağa oxşayır. Heç bir mübaliğədən söhbət gedə bilməz. Təyin olunan mükafat işin miqyasını aydın başa düşməyə kömək edirdi: “Uğur qazanılacağı halda 50 000 dollar alacaqsınız”. Edisonun vədi bundan ibarətdi. 50 000 dollar! Qulaqlarıma inana bilmirdim! Mənim özümü itirdiyimi görən Edison tətkrarladı: “ Nəticələr məni qane edəcəyi halda 50 000 dollar alacaqsınız!”

Xoşbəxtlikdən özümü itirmişdim. Edisonun, Parisdən qalan incikliyi düzəltmək istədiyini düşündüm: “O, bilir, sözsüz bilir, şübhəsiz hər şey barədə məlumatı var və bu yolla Ronun biabırçılığını bağışlamağımı istəyir. Nə etməli, bu onun işidir”. Mən razılaşdım və elə sabahkı gündən işə başladım. Laboratoriyadan çıxmırdım, sutkanın 22 saatını işə sərf edir, ordaca stulları birləşdirib 2 saat ancaq yatırdım. Fikirlər başımda bir-birini təqib edirdi. “Oreqon”-dakı uğurdan sonra belə təkliflərin çoxalacağını  və daha yüksək miqdarda pul qazana biləcəyimi düşünmək məni ruhlandırırdı. 50 000 dolların 5 000 dollarını anama göndərəcəkdim. Bu məbləğ həm ev alınması, həm də dşənməsi üçün kifayətdi.  12 500 dolları isə Antala göndərmək qərarına gəlmişdim. Onu aldadıb işlətdiyimi, borclu qaldığımı düşünür, utanırdım. Qalan pulu alternativ enerjiylə işləyən mühərriklərin hazırlanmasına və sınaqdan keçirilməsinə xərcləyəcəkdim. Edison, sadəcə fikrində tutduğu işlə, yəni sabit enerjiylə çalışmaqda qərarlıydı. Bu səbəbdən ideyalarımı  həyata keçirmək üçün kiçik də olsa, öz laborotoriyamı yaratmalıydım. Düzünü demək gərəkdirsə, Edison əməkdaşlarını öz fikirlərinə itaətə məcbur etməklə çox şey itirirdi. Əgər onların  ideyalarında azad olmaqlarına imkan yaradılsaydı, daha böyük nəticələrə nail ola bilərdilər. Azadlıq- ixtira sənətinin ən vacib şərtlərindən bəlkə də birincisidir. İxtiraçılıq- əlahiddə yaradıcılıqdır, yaradıcılıq isə prosrustean  çərçivəsində məhdudlaşdırıla bilməz (Tesla məhz “prosrustean yataq” ifadəsi yerinə “prosrustean çərçivə” ifadəsindən istifadə edib. "Prosrustean yataq" ifadəsi bir şeyin sərt bir çərçivədə və ya süni bir ölçüdə uyğunlaşdırmaq  arzusunu göstərir. Məntiqi səhvin bir növü hesab olunur. Yunan mifalogiyasına əsaslanır).

Bir dəfə şirkətdə şəxsən Morqanın (Söhbət amerikalı multimilyoner Con Pirpond Morqandan gedir (1837–1913) ) özü peyda oldu. Böyük insan (Bir zamanlar: “Prezidentlər dəyişir- Morqan isə əbədidir” – deyilirdi) Edisonla söhbət edərək onun əlini sıxdı. Morqan sanki mənimlə danışıbmış kimi fərəhləndim. Bütün qəlbimlə Edisonun şirkətinə bağlanmışdım, uğurlarına sevinir, istənilən uğursuzluq üçün narahat olurdum. Mühərriklərin təkmilləşdirilməsi zamanı qəza baş verəcəyi təqdirdə könüllü kömək edəcəyimə söz vermişdim. Digər əməkdaşlar mənə rəqib kimi yanaşır, nifrət bəsləyir, məni öz aralarında təhqiramiz şəkildə “Parisli” ləqəbiylə adlandırırdılar.  Lakin mən uğurlu karyera ardınca qaçmırdım, sadəcə Edisonun yad yerdə doğma evimə çevrilmiş şirkətinə əlimdən gələni etməyə çalışırdım.  Anama yadığım məktublarda Edisonu tərifləyir, bu isə onun bir dost və himayəçi kimi anamın xeyir-duasını və minnətdarlığını qazanmasına səbəb olurdu. Edison, məni amansızcasına istismara məruz qoyur, mən isə onu dostum hesab edirdim. Mən sadiq və etibarlı adamam. Fikrimcə yalana məruz qalmaq, aldadılmaq, bir adam haqqında pis düşünməkdən və ona şübhəylə yanaşmaqdan yaxşıdır. İnsan özü etibarsılığını ortaya qoymayınca, onun haqqında belə düşünməyə davam edirəm. Bu xarakterdə doğulmuşam, belə də öləcəyəm.

“Minnətdarlıq” (Əslində, Nikola Tesla Edisonun bu tapşırığını artıqlamasıyla yerinə yetirmiş, sabit cərəyan mühərrikinin 24 növünü təkmilləşdirmiş, tənzimləyiciləri və bir sıra detalları əsaslı şəkildə dəyişdirmişdi. Teslanın təkmilləşdirmələri sayəsində Edison şirkətinin  mühərrik və generatorları  bazarda daha geniş üstünlüyə sahibdi) tapşırığını yerinə yetirdikdən bir müddət sonra Edison, 50 000 dollarlıq mükafat mövzusunda zarafat etdiyini söylədi. Mən qəzəbləndim, o isə güldü və əgər istərsəm, həftəlik maaşımı 10 dollar artıra biləcəyini irəli sürdü. Cavabında,  haqqıma düşəni təxminən 53 ilə deyil, bir dəfəyə almağa üstünlük verdiyimi bildirdim. Həddindən artıq hirsli və gərgin vəziyyətdə olmağıma baxmayaraq, hər şeyi dərhal və dəqiqliklə hesablamışdım. Edison başını yellədi və Amerikada iş verənlə bu cür hesablaşmanın qəbulolunmaz hesab edildiyini diqqətə çatdırdı.

Biz ayrıldıq.

 

Tərcümə: Hədiyyə Şəfaqət

Əvvəlki hissə: Nikola Teslanın gündəliyi: heç zaman olmadığım Rusiya

Növbəti hissə: Nikola Teslanın gündəliyi: Robert Leyn və Solomon Vayl

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR