Nikola Teslanın gündəliyi: heç zaman olmadığım Rusiya
Budapeştdə və Parisdə işlədiyim zaman bir çox rus mühəndislərlə qarşılaşmalı olmuşdum. Onların çoxu öz vətənini siyasi səbəblərdən tərk etməli olmuşdu. Həmin dövrlər Rusiya İmperiyası tənəzzül dövrü hesab olunurdu. İmperator İkinci Aleksandrın ölümü bir çox insanın taleyinin dəyişməsinə səbəb olmuşdu. Mən heç zaman siyasətlə maraqlanmamışam və rus tanışlarımın nə qədər təhlükəli olduqlarını da bilmirəm, lakin hamısı yaxşı insanlardı. Onların Rusiya ilə bağlı nisgilli söhbətlərini dinlədikcə orda olmaq arzum yaranmışdı. Edisonun Beynəlxalq şirkətindən gedəndə məndə təkcə səyahət etməklə qalmayıb, Rusiyada işləyə biləcəyimlə də bağlı fikir yaranmışdı. Rus dili serb dilinə oxşardır, ruslarla danışarkən onları asanlıqla başa düşə bilirdim. Rus tanışlarımdan biri, Aleksey Jarkeviç mənim üçün tövsiyə məktubu hazırladı. Məktub, Moskva universitetinin professoru Lyubimovun (Nikolay Alekseeviç Lyubimov (1830-1897) elektromaqnet də daxil olmaqla müxtəlif fizika sahələriylə məşğul olan məşhur rus fiiki. 1856-cı ildə yazılmış magistr dissertasiyası: "Elektrodinamikanın əsas qanunu və onun maqnetik fenomen nəzəriyyəsinə tətbiqi" adlanırdı) adına yazılmışdı. Lyubimov eyni zamanda həm də Parisdə işləyirdi, onu burda da yaxşı xatırlayırlar (1857-1858-ci illərdə Nikolay Lyubimov Fransız fizik Henri Renonun laboratoriyasında işləmişdir). Yeri gəlmişkən, tövsiyə məktubu mənə çox kömək etdi, təsadüfdən, bu qəribə ölkəyə bu günə qədər gedib çıxa bilməmişəm. Əlimdəki pul ancaq yola və ilk dövrlərdə dolanmağıma yetirdi. Jarkeviç, mənim ixtiralarımla tanış olduğundan, Lyubimovun mənə öz laboratoriyasında iş verəcəyinə və əlavə olaraq başqa yerdə də yerləşdirəcəyinə söz verirdi. Rus dilində bir neçə kitab alıb Rusiyayla bağlı məlumatlarımı genişləndirməyə və yola hazırlaşmağa başladım. Edisonun Beynəlxalq Şirkətinin Çarlz Betçelor adlı əməkdaşı qəfildən məni yolumdan etdi. O, Edisonu yaxşı tanıyırdı. Mənim Rusiyaya deyil, Amerikaya, Edisonun şirkətinə getməyimin daha doğru olduğunu düşünür, yaxşı xasiyyətnamə və iş yeri vəd edirdi. İki yol arasında qalmışdım. Rusiya məni Amerikadan daha çox cəlb edirdi, ola bilsin ora yad ölkəydi, lakin daha doğma gəlirdi. Başqa tərəfdən, Edison, məni professor Lyubimovdan çox maraqlandırırdı. Lyubimov haqqında olsa-olsa nəsə eşitmişdim, Edisonsa mənim idealımdı. Mən bütün qərarlarımı ağılla qəbul edirəm. Öz- özümə: “Mənə nə lazımdır?”- deyə soruşdum və “İş tapmaq, tədqiqatlarımı davam etdirmək”- cavabını verdim. Jarkeviç mənim məşğuliyyətimlə bağlı Моskvada ümumi qərara gəlindiyini deyirdi. Bu da, Lyubimovun məni pulsuz qoymayacağına söz verməsi deməkdi. Betçellor isə mənim gələcəyimlə bağlı dəqiq təsəvvürlər irəli sürür, Amerikada yaxşı maaşla təmin olunacağımı deyirdi, nəticədə qulağımı doldura bildi, Edisonun şirkətini seçdim. Şübhəsiz, burada Edisona bəslədiyim münasibət də rol oynayırdı. Eh, kaş mən bütün bunların nəylə bitəcəyini biləydim!
Həyatımda iki dəfə sonradan bağışlamayacağım səhvə yol vermişəm, onlardan birində oyuna aludə olmuş, ikincidə Rusiya yerinə Amerikanı seçmişdim.
1892-ci ildə Peterburqa leksiyalarda iştirak üçün yığışdığım vaxtda anamın qəfil ölümüylə yaşadığım sarsıntının xəstəliyə səbəb olmasıyla planlarımı dəyişməli oldum. Beləliklə, Rusiyaya getmək fikrim ikinci dəfə uğursuzluğa düçar oldu.
Mən, Rusiyada baş verənləri diqqətlə izləyirdim. Təkcə hər şeyi yalan yazan qəzetlərdəki məqalələri oxumaqla kifayətlənmir, şahidləri də danışdırır, dünyanın altıda birində ədaləti bərpa edən inqilabı alqışlayırdım. Gənc Sovet İttifaqı inanılmaz çətinliklərlə üz-üzəydi, lakin onların hamısını aradan qaldırmağa çalışırdı. Rusların bəxti gətirib – onların inqilabı və Stalini var. Müdrik liderə sahib xalqlar xoşbəxtdir. Mən Rusiyaya həsəd aparır və üç təsadüfi insan tərəfindən idarə olunan həmvətənlərim üçün təəssüflənirəm. Yalnız müdrik rəhbərin hakimiyyəti altında olan xalqlar böyük işlər görməyə qadirdir. Sovet İttifaqında baş verən hər şey böyük uğur hesab olunur. Məni işləmək üçün bu ölkəyə dəvət etdiklərində səyahət və yeni yerə yerləşmək üçün xeyli yaşlanmışdım. Lakin, zamanı geri qaytarmaq mümkün olsaydı, bir saniyə belə düşünmədən Edisonla Betçiloru cəhənnəmə yollayıb dərhal Moskvaya gedərdim. Sovet İttifaqının ABŞ-dakı səfiri Boris Evseeviç Skvirskinin (Soviet diplomat Boris Evseeviç Skvirski (1887-1941) Nikola Teslanın istedadını yüksək qiymətləndirir və onu Sovet İttifaqına köçürməyə inandırmağa çalışırdı) hədiyyə etdiyi Oktyabr inqilabıyla bağlı məqalələr toplusunu bu gün də kiçik ev kitabxanamın ən hörmətli yerində saxlayıram. Tez-tez həmin məqalələri təkrar oxuyur və məhəbbətlə bir daha gedə bilməyəcəyim ölkə haqqında düşünürəm. Yaşlanmağın üstünlükləriylə bərabər, çatışmazlıqları da var: Sağlamlıq əldən gedir və daha tez – tez öz-özünüzə: “Mən artıq bunu edə bilməyəcəyəm” və ya: ”Buna vaxtım qalmayıb”- deməli olursunuz. Ola bilsin, uşaqlarımın və nəvələrimin xoşbəxtliyi xətrinə Sovet İttifaqına köçməyə qərar verə bilərdim, lakin mənim kimi səksən yaşlı qocanın bunu təkbaşına edəcəyi inanılmazdır. Nə zamansa Skvirskiyə demişdim: “Qocalmış sümükləri okeanın o tayına sürüməyə nə gərək var? Yeni vətənə yük deyil, yetərincə faydalı olmaq üçün gənc yaşda getmək lazımdır.”
“Dünya Sistemi”ylə bağlı arxivimin əsas hissəsini Skvirskoma bağışladım. ABŞ-da bu ideyanın uğur qazanacağına və pul gətirəcəyinə heç bir ümid yoxdur. Heç Avropada da heç kim ona pul verən deyil. Qələbələrin ardınca necə uğursuzluqlara düçar olduğumu xatırlamaq kədərlidir.
İşi başa çatdırmaq üçün tələb olunan vəsaitin yalnız 20 faizinə ehtiyac olmasıyla bağlı hamıya inanmışdım. Beşinci hissədə “Dünyəvi sistem”lə bağlı daha ətraflı yazacam. İndi isə sadəcə arxivimin Sovet İttifaqına verilməsi barədə danışmaq istəyirdim. Çünki, bu ideyanın ancaq orada gerçəkləşəcəyinə inamım var. Skvirski, bununla bağlı zəmanət verə bilmirdi, bütün bunlar onun səlahiyyəti xaricindəydi, lakin arxivin diqqətlə araşdırılacağına söz verdi. Bu, məni tamamilə qane edirdi. Bununla maraqlanan istənilən əsl alim (elm admı deyil, alim) “Dünyəvi sistem”in dəli və yaşlı adamın utopik sayaqlaması deyil (senator Garrinin sözləriylə desək) (Hüquqşünas Peter Qalli Garry (1879-1957) 1935-1947-ci illərdə Amerika Birləşmiş Ştatlarının Rod-Aylend ştatından senator olub. Sava Kosanoviçin dediyinəgörə Garri senator olduqdan sonra Nikola Tesla onunla görüşür. Tesla gənc və enerjili Garrinin "Dünya Sistemi" ideyasını yüksək qiymətləndirəcəyinə və onu həyata keçirməkdə kömək göstərəcəyinə ümid edirdii. O vaxtlar Tesla Dünya Sisteminin yaradılması zamanı əldə ediləcək bütün patentlərdən, layihəni maliyyələşdirənlərin xeyrinə imtina etməyə hazır idi və sistemin işə başlamasından sonra heç bir gəlir tələb etmirdi. O, yalnız öz sisteminin necə işlədiyini görmək istəyirdi. Garry Teslanın təklifinə maraq göstərməməklə yanaşı haqqında danışarkən Teslanı axmaq fikirlərlə dolaşan dəli adlandırmışdı. Senatorun münasibəti Tesla üçün gözlənilməzdi. O, qəzəbli rəqiblərinin və yalançı jurnalistlərin dediklərinə çox əhəmiyyət vermirdi, lakin senator Garrinin hərəkətindən sarsılmışdı.. Nikola Teslanın yaşlılıq dövründə zehni qabiliyyətinin azalması və marazmın başlanmasından çox qorxduğu söylənməkdədir. Mümkün olduğu qədər çox işləməyə çalışır, bunu əsas beyin fəaliyyəti üçün məşq hesab edir, xüsusi serb həkimi Miroslav Djordjeviçin təklif etdiyi xüsusi sistemə əsasən gəzir və qidalanırdı. Teslanın yaxın adamları onun ömrünün sonuna kimi aydın fikirləşə bildiyini deyirlər), bəşəriyyətin rifahına xidmət edəcək yaxşı düşünülmüş məntiqi layihə olduğunu başa düşəcək. Sovet İttifaqında bəşəriyyətə fayda gətirəcək hər şey üçün pul tapılacağına əminəm.
Mən, öz prinsiplərimə sadiqəm. Belə olmasaydı, sovet xalqı üçün narahat olmaz, Almaniyadan (Lenardın (Philip Eduard Anton von Lenard (1862-1947) - Alman fizik, fizika üzrə Nobel mükafatçısı. İohann Stark və Maks Plankla birlikdə, Üçüncü Reyxin aparıcı fiziklərindən biri hesab olunurdu. O, Eynşteynin nisbilik nəzəriyyəsini inkar edərək, "yəhudi fizikası" adlandırır, ona "Aryan fizikası" ilə qarşı çıxırdı), Plankın (Maks Karl Ernst Ludvig Plank (1858-1947) - Alman fizik, Fizika üzrə Nobel mükafatı laureatı, kvant fizikasının qurucusu), Ştarkın (Johannes Stark (1874-1957) - Alman fizik, fizika üzrə Nobel mükafatçısı. Eynşteyn 1932-ci ildə Nobel mükafatına layiq görüldükdən sonra, Stark bunu, yəhudi təsiri altında olan Nobel Komitəsinin Almaniyaya qəzəbinin təzahürü kimi qiymətləndirmişdi) və başqalarının adından) gələn bütün təkliflərdən qətiyyətlə imtina etməzdim. Düzünü deməli olsaq, almanların əzmi, məni onların güclü xarakterindən və sərtliyindənn az təəccübləndirmir. Hazırkı Almaniyanın vəziyyətini yaxşı təsəvvür edirəm. Təkcə Albert Enşteynin köçmə səbəblərini göstərmək kifayətdir. Biz, Enşteynlə elmi məsələlərdə eyni cür düşünməyə bilərik, lakin siyasi məsələlərdə həmişə həmfikirik (Nikola Tesla efir dalğalarının varlığına inanır, Enişteyn isə bunu inkar edirdi).
Almaniya və Yaponiya Sovet İttifaqına qarşı saziş imzalayıb (Söhbət, 1936-cı il noyabrın 25-də Berlində imzalanmış Anti-Kommunizm sazişindən və ya Kommunizmdən Müdafiə haqqında Yaponiya-Almaniya Sazişindən gedir. Peter Goelet Gerry (18 sentyabr 1879 - 31 oktyabr 1957) Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasında təmsil olunan və sonradan Rod- Aylend adasında ABŞ senatoru vəzifəsi daşıyan amerikalı hüquqşünas və siyasətçi). Bu, narahatlıq doğurur. Lakin mən dünyada Sovet İttifaqını məğlub edəcək gücün varlığına inanmıram. Əgər bunu inqilabdan sonrakı çətin illərdə nail ola bilməyiblərsə, bir daha nail ola bilməzlər. Venlə birgə həyata keçirilən işlərin nəticələrinin hansı sahədə tətbiq ediləcəyini yaxşı başa düşürəm. Mənim bütün ixtiralarım ilk növbədə hərbi sahədə sınaqdan keçirilir. Bu, ürəyimdən ola bilməz. Çünki təbiətcə mən sakitlik, sülh adamıyam və bütün müharibələrə qarşıyam. Hətta bir zamanlar Avstriya ordusunda xidmət etməmək üçün gizlənməyə məcbur olmuşdum (Bu, 1874-cü ildə baş verib, Nikola Tesla Dinar dağlarında yerləşən və atasının uzaq qohumlarının yaşadığı kiçik bir qəsəbədə gizlənməyə məcbur olmuşdu). Bunu qorxaqlıqdan deyil, inancıma görə edirdim. Öldürmək fikrinin özünə nifrət edirəm. Ancaq çox vacib və əhəmiyyətli hadisələr məni əlimə silah almağa və adamlara atəş açmağa məcbur edə bilər. Vətənimi hücumdan müdafiə etmək lazım gələrsə, bunu edə bilərəm. Lakin, bizə (nəinki bizə) zülm edən Avstriya- Macarıstan imperiyasını qorumaq mənim işim deyil. Beləliklə, indi Müharibə Nazirliyi üçün işləməyim məni o qədər də narahat etmir, ABŞ gec-tez Hitlerlə üz-üzə gəlməli olacaq, çünki belə ilanı məhv etmək üçün bütün dünya birləşməlidir. Mən növbəti dünya müharibəsinin başlanacağına əminəm, onu almanlar başladıb, almanlar da məğlub kimi tərk edəcəklər. Bədbəxt ХХ əsr! Ona böyük ümidlər bəsləndiyi halda bədbəxtlik bədbəxtlik üstündən gəldi və gəlməyə davam etməkdədir. Bu əsrin yeganə yaxşı cəhətləri rus inqilabından və Sovet İttifaqının yaranmasından ibarətdir. 1918 – ci ilin gözləntilərini yaxşı xatırlayıram. Əvvəlcə bolşeviklərin ancaq bir neçə ay dözəcəklərini deyirdilər, sonra ayları illər əvəzlədi. Hazırda bolşeviklərin hakimiyyətinin iyirminci ilidir. İyirmi il! İlk vaxtlarda bu ölkənin əlehinə çıxan dünya indi onunla əməkdaşlığa və sazişə can atır. Stalinin Amerikaya gəlməsini çox istərdim. Mən həqiqətən onu çox görmək istəyirəm, lakin uzun səyahətə çıxmağa cəsarət etmirəm, səhhətim günü-gündən pisləşməyə davam edir. Səksən yaşıma kimi qocalığa qarşı çıxmışam, indi isə o tələb etdiyini almağa başlayıb. Tələsmədən də olsa, hər halda alır.
Tərcümə: Hədiyyə Şəfaqət
Əvvəlki hissə: Nikola Teslanın gündəliyi: Paris və Strasburq
Növbəti hissə: Nikola Teslanın gündəliyi: Nyu-York, Edisonun şirkəti
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət