“News Blaze”: Dağlıq Qarabağdan olan məcburi köçkünlərin itkiləri, salamat qalmaları və ümidləri
Amerikada çıxan “News Blaze” nəşrində amerikalı jurnalist və publisist Nurit Qringerin “Dağlıq Qarabağdan olan məcburi köçkünlərin itkiləri, salamat qalmaları və ümidləri” sərlövhəli məqaləsi dərc edilib.
Materialda Dağlıq Qarabağ münaqişəsinin və Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı reallıqlar haqqında Amerika ictimaiyyətini məlumatlandırmaq məqsədilə bu yaxınlarda Los-Ancelesdə səfərdə olmuş Azərbaycan nümayəndə heyətinin üzvlərinin – Dağlıq Qarabağdan olan məcburi köçkünlərin taleyindən bəhs edilir.
Müəllif Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev, Azərbaycandakı ADA Universitetinin professoru Gülməmməd Məmmədov, həmçinin Xocalı qırğınından sonra sanki möcüzə nəticəsində sağ qalmış Dürdanə Ağayeva və Ceyhun Ələkbərov ilə görüşü barədə söhbət açır. Bu dörd nəfərin hamısı Azərbaycanın Qarabağ regionundan məcburi köçkünlərdir.
Qringer qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə - Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürəndə başlanıb. Ermənistanın başladığı bu elan edilməmiş müharibə Dağlıq Qarabağ bölgəsində və Azərbaycanın Dağlıq Qarabağa bitişik yeddi rayonunda erməni qoşunları tərəfindən qanunsuz müdaxiləyə, işğala və etnik təmizləməyə gətirib çıxarıb. Hazırda Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin təqribən beşdəbir hissəsi Ermənistanın işğalı altındadır.
Müəllif vurğulayır ki, ermənilər bu regiondakı yaşayış məntəqələrinin adlarını dəyişdirməyə və işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni irsini məhv etməyə başlayıblar. Müəllif daha sonra görüşdüyü nümayəndə heyəti üzvlərinin həyatı barədə söhbət açır. Məqalədə 1992-ci ilin fevralında erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş Xocalı qırğını ilə bağlı vəhşiliklərin təfsilatı qeyd edilir.
Holokostu görmüş insanların qızı olan Qringer Dağlıq Qarabağda vəhşiliklərdən sonra salamat qalmış insanların həyat təcrübəsini öyrənərək öz məqaləsinin sonunda bu nəticəyə gəlib ki, nifrətin sonu yoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət