Slimfit
  1. ƏDƏBİYYAT

Nəsimi əslində necə edam edilib? - Yeni faktlar

Nəsimi əslində necə edam edilib? - Yeni faktlar
Sakura

Nəsimi əslində necə edam edilib? - Yeni faktlar

Nəsimi məhkəməsi Azərbaycan oxucusuna Sibt ibn əl-Əcəminin “Kunuz əz-zəhəb” əsərindən məlumdur. Bu yaxınlarda mövzu ilə bağlı Nəsiminin öz müasirinin dilindən söylənilən başqa bir xəbər rastıma çıxdı. İbn Həcər əl-Asqalaninin “İnbə əl-ğumr” əsərinin Qahirə nüsxəsinin qeyd hissəsində belə bir məlumat var:

“Əlyazma nüsxəsinin haşıyəsində əl-Baqainin xətti ilə belə bir yazı var. Yazıda deyilir:

Qazi l-qüzat Muhibb əd-Din ibn Şahnə mənə deyib ki, bu adam (Nəsimi) bəzi adamların əqidəsini korlamışdı. Onlardan biri Nasir əd-Din Məhəmməd ibn Zu l-Ğadirdir (Bu ad Sibt ibn əl-Əcəmidə Nasir əd-Din Dulqadir kimi gedir, - A.Q.). Nəsimi onların qulağını doldururdu ki, indiyədək əməl etdikləri şəriət hökmləri (batildir) və onlarda həqiqət yoxdur. Peyğəmbərlər isə aqil insanlar olub. Onlar (dini hökmlərlə) insanların bir-birinə əziyyət verməsinin qarşısını alırdılar. Əslində Allah yoxdur... və bu kimi açıq-aşkar insanları yolundan azdıran fikirlər. Zu l-Ğadir oğlunun yolundan azması o dərəcəyə çatdı ki, öz qızına təcavüz etdi, onu öz zövcələrindən biri etdi və ondan bir oğlu oldu.

Nəsimi Hələbdən qaçmışdı. Müəyyəd onun tapılmasını tapşırdı. Sultan onu tutduqda haqqında iddia qaldırılmasını və edam edilməsini əmr etdi. Müəyyəd onun bidətçi olmağından xəbərdar idi. O, bir müddət azad qaldı. Bu zaman o, Hələb əmirinə yaxınlaşdı (bu hissə oxunmur) ona (nələri isə) yaxşı qələmə verdi və ağlını çaşdırdı.

Nəsiminin (məhkəməsinə) baş qazilər və üləma toplaşmışdı. Mən də orada idim. O zaman orduda qazi idim.

Bu zaman Hələbin hörmətli əyanlarından biri onun əleyhinə iddia qaldırıb dedi ki, o, Allaha və Onun peyğəmbərinə qarşıdır. Hələb əmiri dedi ki, əgər dediyini sübut edən dəlil gətirsən, onda Nəsimini öldürərik. Gətirməsən, sənin özünü öldürəcəyik. Bu sözlərdən sonra məclisə bir vahimə düşdü. Sonra bir başqası ayağa qalxıb dedi ki, Hələbin baş maliki qazisi Fəth əd-Dinin yanında onun əleyhinə iddia qaldırıram. Ordakılar hamısı buna şahid oldu. Orda iştirak edənlərin bəzisi Nəsimi barədə ölüm hökmünün verilməməsini istədi. O, (Hələb hakimi) orada iştirak edənlərdən soruşdu. Onun (Nəsiminin) əleyhinə deyilənlər onun zindiqliyini sübut etmək üçün kifayətdirmi? Onun haqqında iki şahidin sözü bir-birinə uyğun gəlmir. Bəs mənaca necə, bir-birinə uyğun gəlirmi? Onlar bu məsələdə dayandılar. Hənbəli (mətndə boşluq gedib) əd-din ibn əl-Xəzuruni iddiaçıları onun yanında olub iddia qaldırmağa çağırdı. Amma xəfiyyə katibi ona göz etdi və hənbəli bundan sonra danışmağa cürət etmədi. Hələb hakimi bu işlərdə razı görsənirdi.

Məclis uzandıqda Hələb hakimi dedi: “Bu işi uzatmayın. Siz qətlinə hökm versəniz belə, mən onu öldürməyəcəm. Sultanın fərmanı var ki, onun razılığı olmadan heç kimi öldürməyim".

Camaat qalxdı. Sultana məktub göndərildi. Qazilər xəfiyyə katibi Nasir ibn əl-Bəruziyə Hələb hakimi barədə yazılı məlumat verdilər.

Nəsimi zindanda olarkən Sultandan Hələb hakimi Yəşbəkə məktub gəldi. Sultanın göndərdiyi adam bu zindiqin onun hüzuruna gətrilməsini istədi. Əyanlar Sultanın adamına Nəsiminin məhbəsdə öldürülməsinə şahidlik etdilər.

 

Çox keçmədi ki, Hələb hakiminin bir dəstə adamı bu zindiqi gətirdi. Onun dərisi soyulmuşdu. Başı (kəsildiyindən) əmmaməsinin içinə saman doldurulmuşdu. Bir nəfər onu ayaq üstə tutduğundan diri insan kimi görsənirdi. Məlum oldu ki, Sultandan Yəşbəkə nə etmək barədə göstəriş gəlib. Onun başı adı çəkilən Zu l-Ğadirə göndərildi. Əlləri də başqa bir nəfərə göndərildi. Bir başqasına da başqa üzvü göndərildi. Beləcə, bədən üzvləri yoldan çıxardığı türkmənlərin ölkəsinə dağıdıldı.

Bəziləri hələ də Nəsiminin qətlə yetirilməsinin mümkün olmasına inanmırdılar. Bu zaman artıq Nasir əd-Din tövbə etmişdi. Onun tövbəsi qəbul olunmuşdu. O öz hərəkətindən və qızına etdiyindən çox peşıman idi. Qıza bu barədə xəbər verib onu uzaq bir yerdə ərə verdilər ki, nə Nasir əd-Din onu görsün, nə də qız Nasir əd-Dini.

Bəlkə də bu zindiq (Nəsimi) bu səbəbdən həbs edilmişdi. Allah bu ölkəni ondan xilas edib Müəyyədin əlinə verdi. Allah ona (Müəyyədə) rəhmət eləsin və günahlarından keçsin. Müəyyəd Məhəmməd dinində etiqadı düzgün, imanı gözəl biri idi. (Sonrakı hissələr qarışıq olub oxunmur) Heç bir dəlil bu kafirin günahını yüngülləşdirməz".

Gördüyümüz kimi, “İnbə əl-ğumr”dakı məhkəmə prosesi “Kunuz əz-zəhəb”dən bir qədər fərqlənir. Burada dörd qazi l-qüzatdan yalnız maliki qazisi Fəth əd-Dinin adı çəkilir. Nəsimi əleyhinə üləmadan bir nəfər deyil, iki nəfər iddia qaldırır. İddiaçıların adı çəkilmir. Bu mətndə ən vacib olanı böyük şairin cəsədinin ələ salınması, əmmaməsinə saman doldurulub kəsilmiş başının yerinə qoyulması, dərisi soyulmuş halda sanki ayaq üstə imiş kimi tutulması və sairədir. Bu mətn Sultan Müəyyədin və onun əlaltısı olan üləmanın taxt-tac düşmənlərinə qarşı nə qədər amansız olduğunu göstərir.

Bu mətn əl-Asqalaninin kitabında verilsə də, haşiyə yazısının müəllifi Burhanəddin əl-Baqaidir. Əl-Baqai əl-Asqalaninin tələbəsi və Nəsiminin gənc müasiri olub (1406-1480). Mətndən də göründüyü kimi, məmluk sultanlarının təəssübkeşi kimi taxt-tac düşmənlərinə qarşı hər cür iftiralara hazır bir insan olub. Xüsusilə ailədaxili evlilik məsələlərinə hürifilərlə bağlı digər mənbələrdə rast gəlmədiyimdən, onun məlumatları şər-böhtan xarakteri daşıyır. Allahsız kimi ittiham edə bilmədikləri şairi bu cür şər-böhtanla şərləsələr də, xalqın sərraf gözü Nəsimini göylərə qaldırır. Edamından illər keçsə də, şair bir haqq aşiqi, bir əzabkeş kimi qəlblərdə yaşayır.

Filologiya elmləri doktoru, professor Aida Qasımova

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR