Slimfit
  1. ƏDƏBİYYAT

Nəriman Nərimanov - Şamdan bəy/İkinci məclis

Nəriman Nərimanov - Şamdan bəy/İkinci məclis
Sakura

Nəriman Nərimanov - Şamdan bəy/İkinci məclis

ӘVVӘLİNCİ GӘLİŞ
 
Hacı İbrahimin evi. Dövlәtli, Avropa qaydasında. Xәdicә tәk.
 
X ә d i c ә. Pәrvәrdigara! Nә vaxtadәk mәn qanlı yaşlar tökәcәyәm! (Üzünü yuxarı tutur.) Nә vaxt mәnim ürәyimin yarası sağalacaqdır? Ya rәbb! Görәsәn mәhәbbәtdәn qüvvәtli şey olarmı? Qaranlıq gecәlәri aydın göstәrәn, insanı ay vә ulduz ilә danışdıran mәhәbbәt deyilmi? Ya rәbb! Mәn bәdbәxt bir şәxsin oduna yanım, rәvadırmı ki, axırda muradıma çatmayım?.... (Birdәn әli ilә başını tutur vә bәrkdәn.) Uf!.... Nә yaman fikirdi mәnim başıma gәldi! (Gah gәzinir, gah dayanıb durur.) Bәyәm mәhәbbәt ondan ötәridir ki, illәrlә bәslәdiyin gözәl fikirlәr axırda bir dәqiqәnin әrzindә puç ola? Xeyr, ruzigarı mәn o qәdәr bivәfa bilmirәm. Әlbәttә, hәrgah mәhәbbәt ancaq mәnim tәrәfimdәn olsaydı, mümkün olardı ki, bu iş başa gәlmәyә. Amma mәnim yәqinimdir ki, Yusifin mәnә mәhәbbәti mәnimkindәn az deyil. Biçarә Yusif mәnim ucumdan nәlәr çәkibdir. (Fikrә gedir.) Görüm, ya rәbb, nә vaxt yarımla görüşәcәyәm?! (Fikrә gedir.) Yusiflә görüşmәyi hәrdәm yada salıb ruhum tәzәlәnir.... (Fikrә gedir.) Ah, bu qәdәr sәbir etmәk olmaz. Yaxşısı budur Nazlını çağırım, gedib Yusifә desin ki, mәn onunla görüşmәk istәyirәm. O vaxt açıb ürәyimin dәrdini ona deyәrәm. Yusif insafa gәlib işi tәxirә salmaz. (Gedib Nazlını dişqarıdan sәslәyir.) Nazlı! Ay Nazlı! (Nazlı daxil olur.)
 
 
İKİNCİ GӘLİŞ
 
X ә d i c ә (Nazlının әlindәn tutub). Nazlı! Mәnim dәrdim günü-gündәn artır vә özün dә bilirsәn ki, sәbәbi nәdir. Sәni özümә başdan yavuq adam bilib hamı gizlin olan fikirlәrimi sәnә demişәm. İndi özün bil. Bundan artıq dәxi dayana bilmirәm. (Ağlayır.)
N a z l ı. Nә var, xanım Xәdicә! Nә olubdu? (Xәdicә ağlayır, Nazlı yavuq gedib qolundan tutur.) De görüm, axı nә olubdu? Göz yaşını nә üçün tökürsәn?
Xәd i c ә. Of.... Sәn allah yaramı tәzәlәmә, tabım yoxdur. tәzәdәn açıb sәnә ürәyimin dәrdini deyim.... Ancaq.... (İstәyir danışsın, ağlamaq tutub qoymur.) Ancaq.... Sәndәn tәvәqqe edirәm ki, bu gün necә olsa, Yusifә deyәsәn mәnim yanıma gәlsin. Belә vaxt heç әlә düşmәz. Atam-anam dayımgilә gediblәr, özlәri dә gec gәlәcәklәr. Yusifә deyәrsәn ki, sәninlә gәlsin. Elә ki, Yusif darvazadan içәri daxil oldu, darvazanın qapısını bağlarsan, ta gәlәn olsa xәbәr etsin. Onda Yusifi dal qapıdanyola salarıq.
N a z l ı. Xanım! Çox yaxşı, amma qorxuram bu iş axırda açıla. Sonra Yusif üçün dә, sәnin üçün dә xarabçılıq olar.
X ә d i c ә. Görünür ki, hәlә uşaqsan. Mәhәbbәt meyvәsini dadmayıbsan. Hәrgah dadsaydın, bu sözü demәzdin. Sәn elә bilirsәn bizim mәhәbbәtimizi heç kәs bilmir? İnandırıram ki, bu işdәn hamı xәbәrdardır.
N a z l ı. Doğrudur, bir neçә adam bilir vә Yusiflә sәn әvvәlinci dәfә görüşmürsәn. İki-üç dәfә olubdu. Amma genә yaxşıdır ki, bir neçә vaxt hәlә gizlin tutasınız.
X ә d i c ә (tәrәfә). Pәrvәrdigara! Mәhәbbәt hissiyyatı olmayan adam ilә nә müşküldür danışmaq? (Gedib Nazlının әlindәn tutur.) Nazlı! İnsan hәr şeyi pünhan tutsa, mәhәbbәti pünhan tuta bilmәz. Allahı istәrsәn, mәnim dәrdimә әlac et....
N a z l ı (tәrәfә). Gәlәsәn atası anası ilә danışdığı söhbәti açıb deyim.... (Fikrә gedir.)
X ә d i c ә (әlindәn tutur). Niyә fikrә getdin? Yoxsa bir şey bilirsәn? Hә? De.... De, görüm.
N a z l ı. Doğrusu.... Yusifin tәrәfindәn bir şey eşitmәmişәm. Amma yaxşı olardı ki, bu fikirlәri yavaş-yavaş başından çıxardasan. Çünki necә ki, mәn görürәm bunun axırı puç olacaqdır....
X ә d i c ә (tәәccüblә). A.... Görükür, sәndә xәbәr çoxdur. İndi de görüm, nә var? Yoxsa, and olsun bu mәhәbbәtimә özümü burada hәlak edәrәm. (Şey gәzir.)
N a z l ı (onu tutur). Sakit ol, bu saat hamısını sәnә birbәbir deyim: dünәn axşam çay vaxtı atan vә anan bağçada oturub sәnin sözünü danışırdılar. Mәn dә ağacın altında oturub çay hazır elәyirdim. Sözlәrindәn görükür ki, sәni Yusifә vermәyәcәklәr.
X ә d i c ә (tәәccüblә). Mәni?.... Yusifә?
N a z l ı. Bәli.
X ә d i c ә (tәrәfә). Pәrvәrdigara! Nә acı sözlәrdir mәn eşidirәm. (Nazlıya tәrәf.) Sәbәbini bilmәdinmi?
N a z l ı. Sәbәbi odur ki, necә ki, atan deyirdi Yusif kasıbdır....
X ә d i c ә. Sәn bunu yәqin eşidib deyirsәn?
N a z l ı. Lap bu qulaqlarımnan. (Qulaqlarını göstәrir.)
X ә d i c ә. Uf! Fәlәk!.... (Әylәşib üzünü әllәri ilә tutur vә bir az fikirdәn sonra.) İndi ki, belәdir, get bu saat Yusifi çağır gәlsin, heç olmasa axırıncı dәfә onun üzünü görüm vә dәrdimi ona bәyan edim. Ta bir az ürәyimin odu sönsün.
N a z l ı. Buyurursan, gedәrәm. (Nazlı dişqarı çıxır.)
X ә d i c ә (tәk, üzünü xalqa). Pәrvәrdigara! Dünyanın işinә bax, insanı heyvan dәrәcәsindә tuturlar. Mәni Yusifә vermәk istәmirlәr. Ondan ötrü ki, onun pulu yoxdur.... (Fikrә gedir.) Uf! (Ürәyini әli ilә tutur.) Ruzigara bax.... İstәyirlәr mәhәbbәti pulla puç edәlәr. Görükür, ata vә ana qızı verәndә onun gәlәcәk xoşbәxtliyini dövlәtdә görürlәr. Dәxi bunu bilmirlәr ki, mәhәbbәt etdiyi işlәri heç dövlәt etmәz.... (Saçını әli ilә tutub bәrkdәn.) Uf! Bu bәlalı başıma necә fikirlәr gәlir. (Fikrә gedir.) Yox, jox ... bundan sonra mәn dәxi yaşamaram ... And olsun Yusifin canına, hәrgah bu iş başa gәlmәsә, özümü hәlak edәcәyәm.... (Fikrә gedir.) Xeyr, ruzigarı mәn o qәdәr bivәfa bilmirәm ki, Yusiflә mәni ayrı sala. Bir az sәbir edim.... İndi yәqin ki, gәlәr. (Sәs gәlir.) Gәrәk ki, gәlәn odur. (Baxır, Yusifi görüb başını aşağı salır.)
 
 
ÜÇÜNCÜ GӘLİŞ
 
Yusif vә Xәdicә.
 
Y u s i f (tәәccüblә). Xәdicә! (Yavuq gedib qucaqlayır. Xәdicә başını aşağı salıb cavab vermir.) Xәdicә! Niyә danışmırsan? Nә olub sәnә? Desәn görüm. (Xәdicә cavab vermir.) Xәdicә! Sәn mәnim canım, de görüm nә üz veribdir? Bәsdir, mәni az
incit. (Xәdicә ağlayır.) Bircә de görüm, nә üçün ağlayırsan?
X ә d i c ә. Necә ağlamayım ki, illәrlә bәslәdiyim mәhәbbәti ruzigar puç etmәk istәyir.... (Ağlayır.)
Y u s i f. Necә? (Qucaqlayır.) Necә? .... Bir dә de görüm!
X ә d i c ә. Yusif! Sәni and verirәm bizim mәhәbbәtә, qoy bir az sәnin qucağında, nәfәs alım. Bәlkә bu axır görüşümüz oldu.
Y u s i f (birdәn ayağa durur). Xәdicә! Sәn nә söylәyirsәn? Fikrin özündәdirmi? Necә ki, axır nәfәsdir, ha? De görüm, yoxsa and olsun sәnin bu zülflәrinә, özümü bu saat hәlak edәrәm. (Әlini cibinә uzadır.)
X ә d i c ә (Yusifi bәrkdәn tutub). Ay, bircә sәbir et.
Y u s i f (qucaqlayır). De görüm, bu nә sözlәrdir, sәn deyirsәn?
X ә d i c ә. Bircә de görüm, mәni nә vaxt xoşbәxt edәcәksәn?
Y u s i f. Nazlı Xәdicә, sәnin xoşbәxt olmağın qalıb ata vә anana. Onlar da deyirlәr ki, guya sәn hәlә toya hazır deyilsәn.
X ә d i c ә. Bәli, hәrgah atam-anama qaldısa, ikimiz dә bәdbәxt olmuşuq.
Y u s i f. Nә üçün?
X ә d i c ә. Görükür, onlar indi fikirlәrini dәyişiblәr. Mәni sәnә vermәk istәmirlәr. Bu xәbәri mәn bu gün eşidib sәnә adam göndәrdim ki, hamı әhvalatı sәnә deyim, ta başımıza bir çarә qılaq.
Y u s i f. Axı, sәbәbi nәdir ki?
X ә d i c ә. Sәbәbi odur ki, guya dövlәtin yoxdur vә guya mәni dövlәtli istәyir.
Y u s i f. Xәdicә! Bunlar ara sözüdür, belә sözlәrә inanma. (İrәli gәlib Xәdicәni qucaqlayır vә Xәdicә Yusifә qәmgin baxır.)
X ә d i c ә. Of! Yusif! Gәrәk ki, sәnin üzünә axır baxışımdır. (Üzünü tutub ağlayır.)
Y u s i f (Xәdicәni qucaqlayıb). Xәdicә! Sәn onu yәqin bil ki, sәn mәnimsәn, mәn sәnin. Vә ondan savayı niyә bir fikir etmirsәn ki, hәrgah sәnin özgәyә meylin olmasa, kimin hünәridir sәni verә, zira ki, şәriәtә müxalif işdir.
X ә d i c ә. Hәrgah şәriәtlә iş görsәlәr, mәnim qorxum yoxdur. Amma nә fayda ki.... (Ağlayır.)
Y u s i f (tәrәfә). Bunu Xәdicә doğru deyir. Pәrvәrdigara! Gör pul insanın gözlәrini necә tutur ki, şәriәt dә unudulur vә o mәhәbbәt ki, gәlәcәkdә iki nocavan onunla xoşbәxt olacaqlar, nahaq yerә puç edilir.... (Fikrә gedir vә bәrkdәn). Uf! Uf! Xәdicә (gedib Yusifin әlindәn tutur). Yusif! Biz burada çox qala bilmәrik; çünki indi anam gәlәr. Ancaq bir söz xәbәr alacağam.
Y u s i f. De görüm!
X ә d i c ә. Sәni and verirәm mәnim sәnә olan mәhәbbәtimә, doğrusunu de görüm, hәrgah ruzigar belә bivәfa oldu ki, bizi bir-birimizlә ayırdı, onda tәdbirin nәdir?
Y u s i f. Uf!.... Sәnin sözlәrin mәnim ürәyimi dağlıyır. And olsun (ayağa durur, bәrkdәn) bizim mәhәbbәtә! And olsun bu yolda tökülәn göz yaşlarıma! And olsun bu zülflәrә (әli ilә göstәrir) ki, mәni kәmәnd edibdir! Hәrgah mәqsuduma çatmasam, özümü bir dәqiqәdә hәlak edәrәm....
X ә d i c ә (әlini ürәyinә qoyub). Dәxi bir az sakit oldum. (Tәrәfә.) Mәn bundan elә bu sözlәri gözlәyirdim. (Yusifә.) Dәxi mәnim üçün bu sözlәr kifayәt edәr. (Dişqarıda sәs gәlir.)
Y u s i f (tәlәsmiş). Mәn dәxi gedim, gәlib bizi burada görәrlәr, yaxşı olmaz.
X ә d i c ә. Gedә bilәrsәn....
Y u s i f (Xәdicәnin әlini öpüb). Salamat qal! (Dişqarı çıxır.)
X ә d i c ә. Xoş gәldin! (Xәdicә, tәk.) Mәhәbbәt, hәqiqәt yaxşı şeydir! Mәn Yusiflә asanlıqla ayrıldım. Çünki istәmәdim onun ruhuna zәhmәt verim. Hәrçәnd o gedәndә ağlamaq istәdim, amma xeyr, mәn ağlasaydım Yusifin ürәyi xarab olardı, mәn dәxi ona tab gәtirә bilmәzdim.... Eybi yoxdur, sәbir edәrәm. Aşkar ağlamayıb, pünhan ağlaram. (Әylәşib üzunü tutur. Anası içәri daxil olur vә Xәdicәni bu halda, görüb onun yanına gedir.)
 
 
DÖRDÜNCÜ GӘLİŞ
 
Xәdicә vә Nigar.
 
N i g a r. Xәdicә, ay balam, nә üçün belә oturubsan, yatırsan?
X ә d i c ә (birdәn qalxıb). Yox, yatmıram.... Bir az yorulmuşam, dincimi alıram.
N i g a r (tәrәfә). Görәsәn genә nә olub? Üzündәn qәm dәryasına batmış görünür.... Ay balam, genә allaha şükür, nә olub sәnә belә pozulubsan?
X ә d i c ә. Heç....
N i g a r (yavuq gedib). Axı de görüm, nә olub sәnә? Hәrgah azarlısan, adam göndәrim hәkim gәlsin.
X ә d i c ә (başı aşağı). Mәnim hәkimim ... sizsiniz....
N i g a r. Yәni kim?
X ə d i c ә. Sәninlә atam....
N i g a r. Mәn sәnin sözlәrindәn әsla baş aça bilmirәm. (Yavuq gedib әlindәn tutur.) Ay balam! Bircә dәrdini desәn görüm. (Tәrәfә.) Qaydadır, görmüşük qızın nә dәrdi olsa anasına deyәr. Amma bu evi yıxılmışın qızı heç görmәdim ki, bir otura mәnimlә söhbәt edә. Eh, özün bil, sabah-birigün әrә gedәrsәn, sәnin dә canın qurtarar, mәnim dә.
X ә d i c ә (tәrәfә). Uf!....
N i g a r. Heç ah-vay elәmә. Az qalıbdır, iş düzәlibdir. Bir ay çәkmәz ki, toyun olar....
 
(Hacı İbrahim içәri daxil olur.)
 
 
BEŞİNCİ GӘLİŞ
 
Hacı İbrahim, Nigar vә Xәdicә.
 
H a c ı İ b r a h i m (Xәdicәni qәmgin görüb). Genә nә var, ana-bala oturub kimin qeybәtini edirsiniz. (Xәdicә ayağa durur.)
N i g a r. Heç kәsin. Öz dәrdimiz mәgәr azdırmı?
H a c ı İ b r a h i m. Nә olub allaha şükür! Bir qızın var, onu da bu yavuqda әrә verәrsәn gedәr.
N i g a r. Doğrudan, iş nә tövr oldu? (Xәdicә dişqarı çıxır.)
H a c ı İ b r a h i m. Kişiyә söz verdim. İndi gәrәk hazırlaşaq.
N i g a r. Yaxşı, de görüm, yerinә yetibsәnmi, görәk necә adamdır: atası kimdir, anası kimdir?
H a c ı İ b r a h i m. Arvad, sәn allah, qoy görәk. Yenә arvadlığına salma. Nәyinә lazımdır kimin oğludur, kimdir vә ulu babasının adı nәdir? Pulu ki var, hamısından yaxşıdır.
N i g a r. Mәgәr pulu çoxdurmu?
H a c ı İ b r a h i m. Ay sağ olmuş! Pulunamı söz var! Malınamı söz var! Mülkünәmi söz var! Hamısı bol! Ye, iç, yat! Bundan yaxşı dәxi nә istәyirsәn? Şirvan mahalında iki kişi varsa, biri budur. Axı, dövlәti qoyub Yusifә mәn niyә verim? Doğrudur, oxuyub, әli qәlәmlidir, amma aldığı altmış manat mәvacibdir. Onunla külfәtini necә dolandırsın? Sәn indi adam göndәr qızın dayısına, gәlsin toyun tәdarükünü görәk. (Nigar çıxır.)
H a c ı İ b r a h i m. Jox, bu iş çox yaxşı oldu. Doğrusunu demәk, Yusif dә pis oğlan deyil. Amma nә fayda ki, az mәvacib alır. Mәnim bir qızımdan savayı heç kәsim yoxdur vә qızımı da versәm, yeznәm mәnimlә gәrәk olsun. Yeznәm dә kasıb olsa, mәnim dövlәtimi iki ilin әrzindә yeyib gedәcәk. Amma hәrgah dövlәtli olsa, bu dövlәt qurtaran deyil.... (Nigar daxil olur.)
 
 
ALTINCI GӘLİŞ
 
Nigar, Hacı İbrahim.
 
N i g a r. Adam göndәrdim. İndi ay kişi, bir iş var ki, qız bu işә razı olmaya. Ondan ötәri ki, qonşu arvadların sözünә görә qızın könlü Yusifәdir.
H a c ı İ b r a h i m. Arvad! Eyibdir, belә sözlәr danışma, necә ki, qızın könlü Yusifәdir? Sәn qız anasısan. Sәn gәrәk ona nәsihәt edәsәn vә hәrgah razı olmasa de ki, biz onun gәlәcәyi üçün çalışırıq vә istәyirik ki, gәlәcәkdә o,bir parça çörәk yiyәsi olsun. Zәmanәmiz pul zәmanәsidir, ondan da savayı, kişinin әsli bәydir.
N i g a r. Özün bil. Amma bu iş çәtin olacaqdır.
H a c ı İ b r a h i m. Heç bir çәtinliyi yoxdur. Sәn arvadsan, mәn bilәn işlәri sәn bilmәzsәn. Qoy dayısı gәlsin, o, başa düşәr. (Niyaz bәy içәri daxil olur.)
 
 
YEDDİNCİ GӘLİŞ
 
Hacı İbrahim vә Niyaz bәy.
 
N i y a z b ә y. Salamәleyküm!
H a c ı İ b r a h i m. Әleykümәssalam! Gәl görәk Niyaz bәy, әylәş. (Yer göstәrir, Niyaz bәy gәlib әylәişr.)
N i y a z b ә y. Xeyir ola, Hacı әmi?
H a c ı İ b r a h i m. İnşaallah ki, xeyirdir! Xәdicәnin işindәn ötәri zәhmәt vermişәm.
N i y a z b ә y. Mәn tәәccüb edirәm sizin işinizә. Nә üçün bu vaxta qәdәr belә işi qoyursunuz qala? Yusif necә ki, mәn eşitmişәm, işә tul vermәyinizdәn narazıdır.
H a c ı İ b r a h i m. A kişi, Yusif nәdir--zad nәdir? Qızı özgә adama verirәm.
N i y a z b ә y. Nә deyirsiniz? Mәn sizin sözlәrinizi başa düşә bilmirәm.
H a c ı İ b r a h i m. Nә başa düşmәyi var. Qızı dәxi Yusifә vermirәm, özgә adama verirәm.
N i y a z b ә y (tәәccüblә). Kimә?
H a c ı İ b r a h i m. Çox yaxşı adamdır. Şirvan bәylәrindәndir, çox yaxşı mülkü-maşı var. Özünün demәyinә görә, kefi çox kökdür.
N i y a z b ә y. Hacı әmi, belә şeyi elәmә. Eyib şeydir. Xalqı üstünüzә güldürmәyin vә görün bir oxuyub, tәrbiyәsi vardırmı?
H a c ı İ b r a h i m. Ay sağ olmuş, mәnim nәyimә lazımdır, bilim oxuyub ya yox. Pul ki, var, hәr şeydәn yaxşıdır....
N i y a z b ә y. Elә demәyin. Nә qәdәr pulu çox olmuş olsa da, yenә Yusif ondan mәslәhәtdir. Çünki zәmanәmiz belә zәmanәdirki, indiki mәdәiiyyәtli vә mәrifәtli qulluq adamları bizim müftәyeyәn bәylәrdәn әfzәldirlәr. Zira ki, bunların әlindә qәlәm var vә o qәlәmlә hәmişә bir parça çörәklәri var. Amma baxırsan bizim dövlәtlilәr öz nәfslәrini pula satıb cürәbәcürә yollarla pul qazanırlar vә ölәndәn sonra onların tәrbiyәsiz olan uşaqları qalan dövlәtin qәdrini bilmirlәr. Çünki asanlıqla әllәrinә düşüb. Bir az müddәtdә atadan qalan dövlәtin axırına çıxırlar.... Ondan masәva, bu oxuyub tәrbiyә alanların nәzәrlәri külfәtә ayrı, avamlarınkı ayrı, mәsәlәn, mәrifәtli kişi heç vaxt övpətüstünә övrәt almaz. Övrәti öz zindәganlığında özünә yavuq yoldaş bilib onu qoymaz pis günlәr çәksin. Amma mәrifәtsiz kişidәn hәr şeyi gözlәmәk olar. Gündә bir övrәti döyәr, elә ki, bir az pulu artıq oldu, bir özgәsini dә alar. Axırda görәrsәn ki, biçarәnin ocağı viran oldu. Belә ittifaqlar azdırmı?
H a c ı İ b r a h i m. Niyaz bәy! Niyә elә şeylәr danışırsınız? İki övrәt almaq şәriәtdә dә var ki?! Vә hәrgah o, mәnim qızımın üstünә övrәt alsa, bir saat qoymaram qızım onun evindә qala.
N i y a z b ә y. Mәn tәәccüb edirәm ki, siz şәriәti yaxşı bilә-bilә nә üçün şәriәtә böhtan deyirsiniz?
H a c ı İ b r a h i m. Necә?
N i y a z b ә y. Ondan ötәri ki, şәriәtimiz buyurmur ki, iki ya üç övrәt al. Şәriәtdә deyilir ki, yaxşı olar ki, övrәtin ola-ola ikincisini almayasan. Amma elә ki, alırsan, gәrәkdir bu şәrt-şürut gözlәyәsәn. Ona görә sizin canınız, üçün, hәrgah şәriәtә görә iki övrәt alsaq, әsla düz deyil. Zira ki, o şәrt-şürutu ki, qanunda var, onu heç kәs layiqincә yerinә yetirә bilmәz.
H a c ı İ b r a h i m. Xülasә, iş olub-gedibdir. Qızı vermişәm, siz dә gediniz qıza xeyir-dua veriniz.
N i y a z b ә y. Mәn xeyir-dua vermәyә hәmişә hazıram, amma işlәrinizә qarışmayacağam. (Hirsli.)
H a c ı İ b r a h i m. Niyaz bәy! Belә söz nә üçün danışırsınız? Görükür, yәqin oğlanı görmәyibsiniz. Hәrgah görsәniz, bilәrsiniz ki, mәn sәhv etmәmişәm.
N i y a z b ә y (ayağa durur getmәyә). Bәli, dәxi mәn gedim.
H a c ı İ b r a h i m. Xeyr, getmәyin, mәn oğlanı bu gün çaya çağırmışam. Çünki sabah gedir ki, tәdarük edә. İki hәftәdәn sonra toydu. Әylәşin, indi oğlanı siz dә görüb aşna olarsınız. (Dişqarıdan sәs gәlir.)
H a c ı İ b r a h i m. Gәrәk ki, gәlәn odur. (Durub qapıya gedir.) A.... Salamәleyküm! Salamәleyküm! Buyurun görәk. (Şamdan içәri daxil olur.)
 
 
SӘKKİZİNCİ GӘLİŞ
 
Ş a m d a n (Niyaz bәy tәrәfә gedib әl verir). Salamәleyküm! (Şamdanı Niyaz bәy görüb tanıyır vә danışmayıb heyran qalır.)
H a c ı İ b r a h i m. Әylәşiniz. Allah qoysa, nә vaxt tәşrif aparırsınız?
Ş a m d a n. İnşaallah, bir-iki gündәn sonra.
H a c ı İ b r a h i m. Bәs eşitdim ki, sabah buyuracaqsınız.
Ş a m d a n. Bәli. Fikrim var idi sabah gedәm. Ancaq qubernatorla bir az işim olmağa görә qaldım.
H a c ı İ b r a h i m. Qubernatorla aranız varmı?
Ş a m d a n. Necә ki? Dünәn mәni çaya çağırıb saat on birәdәk oturub söhbәt etmişik. (Hacı İbrahim Niyaz bәyә baxıb lovğalanır.) Çoxusu ondan ötәri getmirәm ki, qubernatorun bu günlәrdә qonaqlığı olacaqdır. Mәndәn tәvәqqe etdi ki, mәn
dә orada olam. (Hacı. İbrahim Niyaz bәyә baxır vә Niyaz bәy başını bulayır.)
H a c ı İ b r a h i m. İnşaallah, gәlәndәn sonra mәnim dә bir işim var. Qubernatordan keçir, onu da düzәldәrsiniz.
Ş a m d a n. Çox әcәb. Bu vaxtadәk bir iş olmuyubdur ki, mәnim tәvәqqemi yerinә yetirmәyә. Mәnim burada çox dostlarım var. Sudun predsedateli, prokuror vә qeyrilәri. Bunların vasitәlәri ilә neçә adamları qulluğa qoymuşam. (Cәfәr çay gәtirir.)
H a c ı İ b r a h i m. Buyurun çay içәk. (Mizә yavuq oturub çay içirlәr.)
Ş a m d a n. Bir ay bundan müqәddәm mәnim tanışlarımdan biri padsuda düşmüşdü. Qohum-әqrәbaları bilirdilәr mәnim divan adamları ilә dostluğum var. Hamısı gәlib ayağıma düşdülәr ki, onu qurtaram. Hәqiqәt, özümün dә çox yazığım gәldi. Bir balaca kağız yazıb o saat onun işini tәmizә çıxartdım. Xülasә, sizin dövlәtinizdәn sözüm çox ötkәmdir. Burada, bәlkә tanıyasınız, Yusif adlı bir oğlan var ... m ... m.... Onun üstündә çox zәhmәt çәkib müәllimlikdәn özgә yerә tәyin etdirdim. (Yavaşdan.)
H a c ı İ b r a h i m. Maşallah sizә. (Fәxr edir.) Belә işlәrdә hünәr lazımdır. (Stәkanları aparıb çay gәtirir.)
Ş a m d a n. Belә adamlar ilә aşna olmağıma sәbәb görürsünüz ki, xalq dә mәnә hörmәt edir. Mәsәlәn, indi şәhәrә gedәndә qabağıma heç olmasa әlliyәdәk adam gәlәcәkdir.
N i y a z b ә y. Bәli ... m ... m.... Bu mәrtәbәyә çatmaq üçün böyük hünәr lazımdır.
H a c ı İ b r a h i m. Әlbәttә, әlbәttә.
N i y a z b ә y (tәrәfә). Amma yaxşı gop vurur.
Ş a m d a n (ayağa durur). Mәni dәxi bağışlayasınız, çünki vaxtım yoxdur sizinlә söhbәt edәm.
H a c ı İ b r a h i m. Bәs niyә belә tez? Әylәşәydiniz bizimlә bәrabәr çörәk yeyәrdik.
Ş a m d a n. Çox mәmnun vә mәsrurәm. Ancaq knyaz Sakarilinlә, qubernatorun yeznәsidir, bu gün firәng konsulu ilә ki mәnim qәdim dostumdur, bağda rast gәlib çox-çox tәvәqqe etdilәr ki, bu gün onlara gedәm.
H a c ı İ b r a h i m. Bәli, hәrgah söz veribsiniz, vacibdir.
Ş a m d a n (hazırlaşır). Doğrusu, bu aşna dostlar adamı qoymurlar ki, rahat olsun. Çox böyüklәrin hәlә gözlәrinә görükmürәm. (Әl verir.) Xudahafiz. (Gedir vә onun dalınca Hacı İbrahim. Birdәp guya yadına qapıda bir şey düşüb geri qayıdır.)
Ş a m d a n. Ola ki, poçtxana bu yavuqluqdadır.
H a c ı İ b r a h i m. Bәli, bәli. (Özü gedib qәlәm vә kağız gәtirir . Şamdan yazır vә danışır.)
Ş a m d a n. Elә indi yadıma düşdü. Gәrәk bir tel vuram Peterburqa, qraf Zamburski mәni dәxi gözlәmәsin. (Tel yazıb gedir.) Salamat qalın! (Hacı İbrahim dә onun dalınca.)
N i y a z b ә y (tәk, ayağa durur). Bizim qızların evlәrini elә belә şeylәr yıxır. A kişi, qәribә bihәya adamdır! Mәni utandırır ki, mәnim yanımda özünü bu qәdәr tәrif edir. Dәxi mәn nә danışım.... (Fikrә gedir.) Heyf! Heyf ki, elә qızı belә adama verirlәr.... Gör sәn allah, o adama xәyanәt edir ki, evindә yeyir-içir vә özü dә dәxi bir adam olubdur. Doğrudur,ata istәyәr ki, qızını yaxşı yerә versin, tainki axırda bir parça çörәk sahibi olsun. Amma bunlardan baş mәhәbbәtdir,zira ki, bir övrәtlә kişinin bir-birinә mәhәbbәti oldu, onlar heç vaxt korluq çәkmәzlәr. Onlar bir-birinә xoş gәlmәkdәn ötrü hәr ikisi çalışacaqlar ki, zindәganlıqları xoş keçsin, ta bir-birindәn narazı olmasınlar. O mәhәbbәt ki, Xәdicә vә Yusifdә var, neçә ki, mәn bilirәm, bu xoşbәxtlikdir.... (Fikrә gedir.) Bәlkә qız dәxi istәmir.... Yaxşı olar ki, özünü mәn buraya çağırıb bir neçә sual verim. (Gedib qapıdan sәs edir.) Nazlı! Ay Nazlı! Xәdicәni bura çağır. (Gәlib әylәşir vә fikrә gedir. Xәdicә içәri daxil olur.)
 
 
DOQQUZUNCU GӘLİŞ
 
Xәdicә vә Niyaz bәy.
 
X ә d i c ә. Salamәleyküm, dayı!
N i y a z b ә y. Әleykümәssalam! (Üzünә diqqәtlә baxır.) Niyә saralıbsan? Azarlısanmı?
X ә d i c ә (başı aşağa). Bәli, bir az başım ağrıyır.
N i y a z b ә y. Ay balam, mәn sәnin dayınam. Tәvәqqe edirәm, sәndәn bir şey xәbәr alacağam, doğrusunu mәnә deyәsәn. Heç mәndәn utanma....
X ә d i c ә. Nә buyuracaqsınız, buyurun.
N i y a z b ә y. Doğrusunu de görüm, sәn Yusifә getmәk istәyirsәn ya yox? (Xәdicә utanıb başını aşağı salır, cavab vermәk istәmir.)
N i y a z b ә y. Sәn mәnim canım, utanma, de. Çünki iş bir tövr olubdur ki, gәrәk mәn bilәm....
X ә d i c ә (yavaş-yavaş oturur vә tәrәfә). Ah, görәydim, pәrvәrdigara, mәn nә vaxtadәk sәbr edәcәyәm?
N i y a z b ә y (gedir Xәdicәnin yanına). Xәdicә, sәn mәnim canım, de!
X ә d i c ә. Mәn artıq cavab vermәk istәmirәm. Ancaq onu bil ki, mәnim Yusifә olan mәhәbbәtim mәni, ya bizdәn birimizi bәdbәxt edәcәkdir. Of! (Ürәyi gedib uzanır, Niyaz bәy tez başını tutur vә adam çağırır.)
N i y a z b ә y. Xәdicә! Özünü toxtat.... Ay Nazlı! (Bәrkdәn.) Su gәtir. (Nazlı gәlib qapıdan baxıb tez gedir su gәtirmәyә.) Ağanı, xanımını çağır bura.
 
(Hacı İbrahim, Nigar, Nazlı tez gәlirlәr. Hamı heyran qalır.)
 
N i g a r (başına vurur). Bay, anan ölsün! Gördün hәlә nә oldu?
 
PӘRDӘ

 

Üçüncü məclis
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR