Slimfit
  1. İQTİSADİYYAT

“Neftin qiyməti tamamilə düşsə belə, manatı 7-8 il qorumaq mümkündür”

“Neftin qiyməti tamamilə düşsə belə, manatı 7-8 il qorumaq mümkündür”
Sakura

“Neftin qiyməti tamamilə düşsə belə, manatı 7-8 il qorumaq mümkündür”

"İndiki halda devalvasiyadan danışmaq ölkəyə böyük zərbə vurmaqdır"

Koronavirusla bağlı dünyanın və Azərbaycanın iqtisadiyyatında yaranan vəziyyət fonunda bəzi iqtisadçılar iddia edirlər ki, hökumət manatın devalvasiyasına gedə bilər. Bu fikri iqtisadçılar belə əsaslandırırlar ki, ölkəyə valyuta gəlirinin azalması səbəbindən tədiyə balansı pisləşir. Buna görə də devalvasiyaya gedilə bilər. Devalvasiyanın olacağını söyləyən iqtisadçılardan da biri də Qubad İbadoğludur. 

Məsələ ondadır ki, ölkə prezidenti İlham Əliyev aprelin 14-də keçirdiyi müşavirədə manatın devalvasiyaya uğrayacağı barədə fikirlərin əsassız olduğunu bildirib. 

Dövlət başçısı deyib ki, koronavirus pandemiyası geniş vüsət alan kimi, bəzi ölkələrin milli valyutaları tənəzzülə uğradı, ancaq hazırda Azərbaycanda bunun heç bir əsası yoxdur: “Bizim kifayət qədər resurslarımız var və dövlət orqanlarının nümayəndələri bu məsələ ilə bağlı açıqlamalar vermişdilər. Ancaq bəzi adamlar şayiə yaydılar, bəzi adamlar panikaya qapıldılar. Biz valyuta bazarında dərhal fəallıq gördük və dollara tələbat artdı. İlkin mərhələdə böyük həcmdə dolların satışı da nəzərdə tutuldu. Amma sonra gördülər ki, makroiqtisadi vəziyyət sabitdir, manatın vəziyyəti sabitdir və indi bu ajiotaj yoxdur”.

Ancaq yenə də iqtisadçıların devalvasiya yönündə iddialarına rast gəlinir. 

Mövzu ilə bağlı Musavat.com-a danışan sabiq maliyyə naziri, professor Saleh Məmmədov bir sıra məqamlara toxunub. O, bildirib ki, iqtidar əvvəlki dövrlərdən fərqli olaraq başqa cür istiqamət götürüb: "Görünən budur ki, iqtidar da çox ciddi sürətdə devalvasiyadan qaçır. Məlum olduğu kimi, 2015-ci ildə ard-arda iki dəfə devalvasiyaya gedildi və bu, iqtisadiyyata olduqca mənfi təsir göstərdi. Təsəvvür edin ki, hansısa müharibə, korrupsiya iqtisadiyyata bu qədər zərbə vura bilməzdi nəinki, düşünülməmiş devalvasiya. Həmin səhvin nəticəsidir ki, insanlarda da bir inamsızlıq yaranıb. Bu gün qarşıda duran əsas vəzifə bu olmalıdır ki, iqtidar xalqı inandıra bilsin ki, devalvasiyaya gedilməyəcək. 2008-ci ildə də bu istiqamət götürüldü və Azərbaycan böhrandan qonşu ölkələrlə müqayisədə zərərsiz çıxdı. Eyni zamanda iqtisadiyyat da inkişaf etməyə davam etdi. 2015-ci ildə də eyni situasiya idi. Əgər düzgün istiqamət götürülsəydi, zərər dəyməyəcəkdi. İki devalvasiya nəticəsində manat və o vaxtkı hökumət etimad itirdi. Bir gecədə manat ciddi şəkildə dəyərdən salındı. Nəticədə Azərbaycanda depoziti olan şəxslər bazardan geri çəkildilər, ölkədən kapital çıxarıldı. Bəs bu gün devalvasiyanın olacağı nə qədər realdır? İqtidar deyir ki, valyuta balansı baxımından devalvasiya olmayacaq. Devalvasiya üçün heç zaman ilkin əsas yaranmayıb. Bu gün də nə büdcə, nə tədiyə balansı devalvasiyanın həyata keçirilməsinə şərait yaratmır. Əgər bu gün də devalvasiyaya gedilərsə, iqtisadiyyata elə bir zərbə vurar ki, bunu bərpa etmək olmaz. Həyata keçirilən ard-arda iki devalvasiyanın təsiri nəticəsində cəmi 1 ilin içərisində Azərbaycanda ümumi daxili məhsul 72 milyard dollarddan 37 milyarda düşdü. Həmin hadisənin üstündə 5 il keçib və iqtisadiyyat yeni-yeni öz məcrasına geri dönməyə başlayırdı ki, koronavirus pandemiyası yayıldı. 2014-cü ildə olan iqtisadi potensialımızı bərpa etmək üçün bizə ən azı 10 il zaman lazımdır".

Professor bildirib ki, Azərbaycanda ilk tədiyə balansını o tərtib edib: "Hələ bu, 1985-ci ildə mənim doktorluq disertasiyamda dərc edilib. O zamankı hökumət bunu götürdü. Həmin dövrdə rəqəmlər indiki kimi açıq deyildi. Mən çox çətinliklə məlumatları topladım, nəticəyə gəldim. Yəni tədiyə balansı ilə məşğul olan şəxs kimi sizə zəmanət verirəm ki, 1930-cu illərdən sonra Azərbaycanın tədiyə balansında heç zaman defisit olmayıb və ola da bilməz. Enerji daşıyıcısı ölkəyik və ixrac imkanlarımız çox böyükdür. Aldığımız mallar isə ixraca çatmır. Hər zaman Azərbaycanın xarici ticarət balansı 30-40 faiz profsitlə yerinə yetirilib. Bu il ola bilər ki, qiymət düşsün. O baxımdan iqtisadçıların narahatlığını başa düşürəm. Ancaq burada iki ciddi faktı nəzərə almaq lazımdır. Əvvəla neftin qiyməti nə qədər düşsə də bu, satılacaq. Ola bilər ki, büdcəyə gələn gəlirlər azalsın. Ancaq satılır və ölkəyə valyuta gəlir. Ona görə də tədiyə balansında defisitin olması mümkün deyil. İllah da Azərbaycanın müstəqillik illərində heç zaman defisit olmayıb. 2019-cu ildə Azərbaycanın ixracdan qazandığı 19 milyard dollardan çox olub, idxal isə cəmi 13 milyard olub. Yəni keçən il 6 milyard profsitlə yerinə yetirilib. Bu il də ən pis ssenarini götürərsək, ola bilər ki, 3-4 milyard defisit əmələ gəlsin. Məsələn, neftin qiyməti 15 dollardan aşağı düşərsə belə bir şeyi planlamaq olar. Lakin digər tərəfdən də nəzərə alaq ki, uzun müddətdir Azərbaycan neft ixrac edir və qazanır. Bu gün 52 milyard dollara yaxın ehtiyatımız var. Bu, valyuta, qızıl rezervidir. Azərbaycanda valyuta, qızıl rezervlərinin norması 4 milyard dolladı. 4 milyard tamamilə ölkənin valyuta bazarını tənzimləmək üçün bəs edir. Yəni bizim 48 milyard ekstra rezervimiz var. Bu rezervlərin hesabına manevr edib, neftin qiyməti tamamilə düşsə belə 7-8 il manatı qorumaq mümkündür, bu dövrdə isə yəqin ki, millət başını atıb yatmayacaq".

Saleh Məmmədov bildirib ki, indiki halda devalvasiyadan danışmaq, ölkəyə böyük zərbə vurmaqdır: "Ən yaxşı valyutalar onlardır ki, hər zaman sabitliyini saxlayır. Ola bilər ki, bir neçə faiz dəyişir. Lakin bütövlükdə 40-50 faiz devalvasiyaya gedən valyutaya kimsənin etibarı olmaz və bununla da heç nə qazana bilmərsən. Bir məsələni qeyd edim ki,  1920-ci illərin sonu, 1930-cu illərin əvvəllərində dünyanı bürüyən dərin iqtisadi böhran oldu. ABŞ-ın iqtisadiyyatı həmin ərəfədə həddindən artıq zəiflədi. Lakin o dövrdə belə dolların devalvasiyasına yol verilmədi. Ona görə də bu gün hər kəs inanır ki, dollar heç zaman devalvasiyaya uğramaz. Bu səbəbdən də hər kəs pulunu, valyuta ehtiyatını dollarda saxlamağa çalışır. Manatda da  belə bir ciddiyyət formalaşdırmaq lazımdır. Həm müxalifyönlü, həm də iqtidaryönlü iqtisadçılara ayrı-ayrılıqda təklifim var. Müxalifyönlü iqtisadçılardan xahişim odur ki, hər şeyi fərqli formada dəyərləndirib, insanları panikaya salmasınlar. Maliyyə elmində panika çox ağır haldır. Bu, iqtisadiyyatları, maliyyə bazarlarını darmadağın edən ən güclü bir faktor kimi dəyərləndirilir. Panikanın qarşısını almaq üçün iqtisadi gücü göstərmək lazımdır. İqtidar hansısa səhvləri edə bilər və onun qarşısının alınması üçün hökumətə kömək etmək mümkündür. İqtidaryönlü  iqtisadçılara isə təklifim odur ki, xalqı inandırsınlar ki, bu, bir daha təkrarlanmayacaq. Bunun da yolu var. Manatın dəyərinin qorunması ilə bağlı ciddi qanun qəbul etmək lazımdır. Göstərilməlidir ki, valyutanın tənzimlənməsi ümumi iqtisadi qanunlardan kənara çıxa bilməz. Kursa yalnız illik 3-5 faiz həcmində tərəddüd etmə imkanı saxlansın. Başqa istiqamətdə tənzimləmə prosesinin həyata keçirilməsinin müxtəlif yolları var. Məsələn, bu gün deyirlər ki, qonşu ölkələrin iqtisadiyyatında problemlər var. Misal kimi də Rusiya göstərilir. Əvvəla deyim ki, Rusiyada bu cür iqtisadi problemlər hər zaman gedəcək. Orada siyasi məqsədlər başqadır. Qazaxıstan Rusiyaya bağlıdır, Gömrük İttifaqının üzvüdür və onlar bir valyuta ittifaqında olduğu üçün Rusiya nə edəcəksə, bu ölkə də onu təkrarlayacaq. İran, Türkiyə də qarşılarına məqsəd qoymayıblar ki, ciddi iqtisadiyyat qursunlar, dollar kimi sabit valyuta yaratsınlar. Azərbaycan isə qarşıya məqsəd qoyub ki, inkişaf etmiş ölkə olacaq. İnkişaf etmiş ölkə bu gün Amerika, Yaponiya, Sinqapur, Avropa ölkələri kimi çıxış edər. Rusiya, İran, Qazaxıstan kimi iqtisadi sistem qurularsa, biz də onların gününə düşərik. Azərbaycan bu ölkələrin dempinqinə tab gətirmək fikirindədirsə, devalvasiyaya getmək yerinə liberallaşmaya getsin, vergiləri azsltsın, enerji daşıyıcılarının qiymətini aşağı salsın, istehsala, elmə subsidiyaları artırsın, faizləri azaltsın və məhsulun maya dəyərini azaltsın. Əgər qonşu ölkələr valyutalarını devalvasiya edirlərsə, Azərbaycan məhsullarını devalvasiya etsin".

Professor bildirib ki, ötən dəfəki devalvasiyalar Azərbaycanın heç bir qanununa uyğun deyildi: "Ona görə də dediyim qanun qəbul edilməlidi və orada göstərilməlidir ki, manat nə zaman devalvasiyaya gedə bilər. Göstərmək olar ki, dollara, qızıla nisbətdə dollarla manat yalnız 1-2 manat arasında tərəddüd edə bilər. Bundan yuxarı getdisə referendum, hökumətin buraxılması tələb edilsin və sairə. Qanunda bunları göstərməklə çox böyük işlər görmək olar. Nəzərə alın ki, təkcə cənubi azərbaycanlılar tərəfindən Azərbaycana bir neçə milyard depozit qoyulmuşdu. Bu gün onların yenə də maddi imkanları çoxdur və bilmirlər ki, necə və hara yatırım etsinlər ki, qazansınlar. Biz bu resurslardan istifadə etməliyik. 2015-ci il devalvasiyasından sonra gedənlər yenidən qayıtmalıdırlar. 2015-ci ilə qədər Azərbaycan manatı İranda, qonşu ölkələrdə az qala rezerv valyuta halına gəlmişdi. Yenidən bu güvəni bərpa etmək olar. Dünyada 40 trilyon dollar sərbəst vəsait var. Bilmirlər ki, hara qoysunlar. Onları ölkəyə cəlb etmək mümkündür. Yetər ki, dediyimiz formada addımlar atılsın".

Mənbə: Musavat.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR