“Neftçi” və “Səbail” Avropa Liqasında oyuna çıxır
Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin 43 oyunu keçiriləcək.
Oxu.Az xəbər verir ki, keçirilən matçların iştirakçıları arasında Azərbaycanın iki təmsilçisi də olacaq.
Bunlar Bakı klubları olan “Neftçi” və “Səbail”dir. Azərbaycan çempionatının gümüş və bürünc mükafatçıları müvafiq olaraq Moldovanın “Sperantsa” və Rumıniyanın “Universitatya” klubları ilə qarşılaşacaq.
İlk olaraq meydana “Səbail” çıxacaq. Bu görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bayıldakı “ASCO Arena”da baş tutacaq görüşü Maltadan olan hakim Fyodor Zammit idarə edəcək.
Bakıda oynamasına, heyətində dünya ulduzu Maykl Esyenin çıxış etməsinə baxmayaraq, Aftandil Hacıyevin yetirmələrinin işi heç də asan olmayacaq. Korneliu Papurenin başçılıq etdiyi rəqib dördqat Rumıniya çempionu, altıqat öz ölkəsinin kubokunun sahibidir.
Bu matçın başlamasından bir saat sonra isə “Neftçi” Kişinyovda oyuna çıxacaq. Saat 21:00-da başlayacaq görüşdə “Neftçi” italiyalı baş məşqçisi Roberto Bordinin vaxtı ilə çalışdığı Moldovadan sərfəli nəticə ilə ayrılmağa çalışacaq. Görüşü şimali irlandiyalı Tim Marşal idarə edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət