Slimfit
  1. AZƏRBAYCAN

Neçənci Gəncə?

Neçənci Gəncə?
Sakura

Hazırki ərazi Gəncənin mövcuz olduğu neçənci ərazidir?

GƏNCƏ ŞƏHƏRİNİN QƏDİM TARİXİ  HAQQINDA

Dünyanın ən qədim şəhərlərindən biri olan Gəncə dəniz səviyyəsindən 400-450 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 360 km qərbdə, Kiçik Qafqaz dağlarının şimal-şərq ətəyindəki Gəncə-Qazax düzənliyində yerləşir.

Gəncə şəhərinin adının etimologiyası haqqında indiyədək elmdə müxtəlif fikirlər mövcud olmuşdur. Bəzi müəlliflər - M.Şopen, Sen-Martin, Y.Markvayt, N.Marr, K.Patkanov və başqalarının fikrincə, Gəncə şəhərinin adı fars dilindəki “gənc” – xəzinə sözü ilə bağlıdır.

E.Reslerə görə Gəncə Azərbaycan sözü olub “açıq yer”, “gen yer” mənasındadır. XI əsrin tarixçisi Mahmud Kaşqari, eləcə də Gəncə toponimini araşdıran peşəkar tədqiqatçılar şəhərin adının qədim türk tayfalarından olan “gəncəklər”in adından götürüldüyünü elmi dəlillərlə sübut etmişlər. Qədim dövrlərdən gəncəklərin yayıldıqları ərazilərdə bir çox məskənlər onların adı ilə adlandırılmışdı. Şərqi Asiyada Gəncək Senqir, Qırğızıstanda Talas yaxınlığında Gencək, Amur vilayətində Genja, Dağıstanda Xunzax, Tacikistanda Qançi, Gürcüstanda Qandzani adlı məkanlar məhz gəncək tayfalarının adı ilə bağlıdır. 

Aparılmış arxeoloji tədqiqatlar  və elmi məlumatlar Gəncə şəhərinin yarandığı dövrdən ən azı beş dəfə yerini dəyişdiyini bildirir.  İlkin Gəncə şəhəri əhali arasında Qala yeri adı ilə adlandırılan Gəncəçayın sol sahilində, Zurnabad kəndinin 5 km-də Gədəmiş kəndi yaxınlığındakı ərazi hesab olunur. Tarixi mənbələrdən məlumdur ki, e.ə. VI əsrdə Əhəməni hökmdarı II Kir Gəncə Qalası yaxınlığında Tomris tərəfindən məğlub edilmişdir. Qədim Gəncə e.ə. VI əsrdən eramızın V əsrinədək qeyd olunan ərazidə məskunlaşmışdır.

 427-ci ildə baş verən zəlzələ və hunlarla sasanilərin müharibələri nəticəsində qədim Gəncə şəhəri dağılmış, ikinci dəfə şəhər Qızıl Qayanın 8-9 verstliyində, indiki Gəncə şəhərinin 9-10 km şimalında salınmışdı. Yerli sakinlər buranı indi də Köhnə Gəncə və ya Qonja adlandırırlar. VII əsrdə şəhər ərəb  istilaçıları tərəfindən dağılmışdır.

Bundan sonra Gəncə indiki Samux rayonu ərazisində yerləşən “Şəhərburnu” adlanan ərazidə salınmışdır. Bu yer Gəncənin üçüncü dəfə məskunlaşdığı ərazi hesab olunur.

Əldə olunmuş arxeoloji materiallar antik dövrün tədqiqatçıları Strabon, Plini və başqalarının Kür çayının gəmiçilik üçün yararlı olduğunu və Şərq ölkələri ilə ticarət əlaqələrinin aparılması məlumatını sübut etmişdir.

Təbii fəlakət nəticəsində dağılmış Gəncə şəhəri dördüncü dəfə indiki İmamzadə ərazisinin yerləşdiyi Xaraba yer, Şıx düzü adlanan ərazidə VII-XVII əsrlərdə mövcud olmuşdur. 1139-cu il zəlzələsi, 1235-ci il monqol hücumları şəhəri yerləyeksan etsə də, şəhər yenidən həmin ərazidə bərpa edilmişdir. Bunu arxeoloq Rafael Əhmədov XX əsrin sonlarında bu ərazidə qazıntı işləri apararkən 11m dərinlikdə böyük şəhər mədəniyyətindən soraq verən qiymətli materiallarla sübut etmişdir.

Gəncənin yerləşdiyi ərazi seysmik zona hesab olunur. Dağıdıcı və güclü zəlzələ haqqında ilk məlumat bu ərazidə 427-ci ildə baş vermiş və intensivliyi 9-10 bal olan zəlzələyə aiddir. Gəncə ərazisində növbəti güclü və dağıdıcı zəlzələlər 1139-cu və 1235-ci illərdə baş vermişdir. Bu seysmik hadisələr relyefin dağılması və dəyişməsi ilə müşayiət olunmuş, suxurlarda çoxsaylı qırılmalar və çatlar əmələ gəlmişdir. 1139-cu ildə baş verən 9-ballıq zəlzələdən sonra Kəpəz dağı uçmuş (dağılmış),  Ağsu çayının qarşısı kəsilmiş və yeddi göl yaranmışdır. Bu zəlzələ nəticəsində 300 mindən çox insan tələfatı olmuşdur.

Gəncə şəhəri öz coğrafi mühitinə və təbii sərvətlərinə görə, həmçinin özünün strateji cəhətdən əlverişli mövqedə yerləşməsinə görə daim yadellilərin diqqət mərkəzində olmuş, müxtəlif dövrlərdə monqollar, xarəzmlər, gürcülər, ərəblər, ruslar və digər yadellilər buraya hücum etmişlər. Lakin qəhrəman Gəncə şəhəri, igid gəncəlilər hər dəfə hücumları dəf edərək düşmənə əyilməmiş, doğma şəhəri öz canları bahasına qorumuşlar.

VII əsrin ortalarında ərəb qoşunları tərəfindən tutulan Gəncə Xilafətin baş əyalət şəhərlərindən birinə çevrilmişdir və burada gümüş pul zərb edilirdi.  IX əsrdə “İpək yolu” üzərində yerləşən  Gəncə şəhəri Şərqin ən mühüm ticarət mərkəzlərindən biri idi. X əsrin ortalarında Bərdə tənəzzül etdikdən sonra Arranın paytaxtı Gəncəyə köçürüldü və şəhər möhtəşəm qala divarları ilə əhatə olundu. IX-X əsrlərdə Xilafətin zəifləməsi ilə əlaqədar Azərbaycanda müstəqil dövlətlər yarandı. Gəncə X əsrin 60-cı illərinədək Salarilər dövlətinin tərkibinə daxil idi. Salarilərin Arran valisinin iqamətgahı Gəncədə yerləşirdi.

970-ci ildən Gəncə Şəddadilərin əlinə keçdi. Şəddadilər dövlətinin paytaxtı da elə Gəncə oldu. Şəddadilər Gəncədə böyük quruculuq işləri həyata keçirdilər. Şəhərin kənarına möhkəm qala divarları çəkdilər, qalanın içərisindəki İç qala hissəsində saraylar, karvansaralar, məscid-mədrəsələr və s. tikdirdilər. Gəncədə Şəddadilərin adından pul zərb edilmişdi.Gəncə şəhəri bu dövrdə iri siyasi, iqtisadi və mədəni mərkəzə çevrildi. Şərq ölkələrindən Qara dəniz sahillərinə gedən karvan-ticarət yolları Gəncədən keçirdi. Şəhərin ərazisi xeyli genişlənmiş, qala divarlarından kənarda ticarət-sənətkarlıq məhəllələri salınmışdı ki, bu ərazi Rabat adlanırdı. Burada mahir sənətkarların güclü ittifaqları mövcud idi.

1139-cu il sentyabrın 30-da baş vermiş zəlzələ nəticəsində Gəncənin dağılması və bu zaman Gəncə hakimi Qarasunqurun şəhərdə olmamasından istifadə edən gürcü çarı I Demetre müdafiəsiz qalmış şəhərə hücum edərək şəhəri işğal etmiş, Gəncə darvazasını da hərbi qənimət kimi Gürcüstana aparmışdı. Hazırda bu qapı Kutaisi yaxınlığındakı Helati monastrında saxlanılır.

Tezliklə bərpa edilən Gəncə yenidən inkişafının yüksək mərhələsinə çatmış, nəticədə şəhər XII-XIII əsrlərdə Atabəylər imperiyasının Arran vilayətində iqamətgahına çevrilmişdi.

Gəncə XV əsrdə əvvəl Qaraqoyunlu, sonra isə Ağqoyunlu dövlətinin tərkibinə daxil edilmiş, XVI əsrdə Gəncə-Qarabağ bəylərbəyliyinin mərkəzi olmuşdur. XVII əsr mənbələri Gəncənin yüksək inkişafından, ərazisinin böyüklüyündən məlumat verir. Oruc bəy Bayatın məlumatına görə bu dövrdə Gəncədə 60 min ev var idi. Hollandiya səyyahı Korneli de Bruin Gəncənin Şamaxıdan dörd dəfə böyük olması, burada daşdan və bişmiş kərpicdən tikilmiş evlər, geniş və yaraşıqlı küçələr, möhtəşəm bazarlar, karvansaralar olması haqqında yazmışdır.

Nəhayət, Gəncə şəhəri I Şah Abbas tərəfindən 1588-ci ildə Səfəvi-Osmanlı müharibələri zamanı Osmanlı sərkərdəsi Fərhad Paşa tərəfindən tikdirilmiş indiki Gəncə qalası  ərazisində ucalmağa başlamışdır. Bu Yeni Gəncədə görkəmli memar Şeyx Bahəddin Amuli tərəfindən Gəncə memarlıq üslubunda saraylar, ictimai binalar, karvansaralar, Şah Abbas məscidi və sair tikililər inşa edilmişdir. Bu ərazi Gəncənin mövcud olduğu beşinci ərazi hesab olunur. 

 

Müəllif: Tarix elmləri üzrə fəlsəfə doktoru Elnur Həsən

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR