“Necə ola bilər ki, universitet tələbəsi bircə dəfə də Vahid Əzizlə danışmasın?!” – Vahid Əzizin təhsil…
“Sovet imperiyası dağılanda ölkədə müəyyən səbəblərdən neçə alim vətəndən baş götürüb getdi. Konservatoriya və universitetlərdə boşluq yarandı. Onların yerində cavan kadrlar gəldi və nəticədə təhsil axsamağa başaldı”.
Bu sözləri AzEdu.az-a açıqlaması zamanı şair Vahid Əziz deyib. O, “Təhsil resepti” rubrikasının budəfəki həmsöhbətidir. Tanınmış şair təhsilimizdəki durum haqda danışarkən qeyd edib ki, təhsil islahatlarına başlamaq üçün öncə müəllimlərin savadına fikir vermək lazımdır:
“Azərbaycan təhsil sistemində geriləmə var. Geriləmə bundan ibarətdir ki, şagirdlər yaxşı oxumur, dərslərini başdansovdu edirlər. Dərsliklərin başına min dənə oyun açırlar.
Sovet təhsil sisteminin nəyi pis idi ki?! Hər şeydən xəbərimiz var idi. Amma indi vəziyyət başqadır. Avropaya uyğunlaşmışıq. Amma yalnız Avropanın dalınca qaçmaq da lazım deyil. Bunu pedaqoqlar daha yaxşı bilərlər. Savadlı, 600-700 bal toplayan şagirdlər var. Amma sayları azdır. Bugünkü bilik səviyyəsi əvvəlki ilə eyni deyil. Rayonlar var ki, orada kitab mağazası yoxdur. Əgər rayonda olan uşağın yeni nəşrlərdən xəbəri yoxdursa, o, necə savadlı ola bilər?!”
Vahid Əziz təhsildəki problemlərlə bağlı heç bir qurumu deyil, dövr və zamanı günahlandırıb:
“Şagirdləri mütaliəyə cəlb etmək üçün maraqlı kitablar çox olmalıdır. Biz orta məktəbdə oxuyanda dərsdə mövzunu keçirdik. Amma müəllim deyirdi ki, keçdiyimiz romanı oxuyub mənə danışın. Məktəblilərdən çoxlu ədəbiyyat oxumalarını belə tələb etmək lazımdır. Ədəbiyyat oxumayan adam savadlı ola bilməz! Nitq inkişaf etməlidir. Təhsildə yaranan problemlər nə Təhsil Nazirliyinin, nə də digərlərinin günahı deyil! Ümumiyyətlə, dövr və zamanın günahıdır!
O vaxt ara qarışdı, 1990-cı illərin ağır məqamlarını xatırlayaq. Azırbaycan indi-indi daha da yaxşılaşır, qaydasına düşür. Azərbaycanın o zaman aldığı zərbələri 20-30 ilə düzəltmək mümkündür. Demək çox asandır. Amma bir şeyi dağıdandan sonra yerinə yenisini qurmaq çətindir”.
O, məktəblilərin yaradıcı təfəkkürünü inkişaf etdirmək üçün şairlərlə, yazıçılarla- bir sözlə, yaradıcı adamlarla tez-tez görüşlər keçirilməsini təklif edib:
“Bir neçə il bundan əvvəl Təhsil Nazirliyi çox yaxşı təşəbbüs göstərdi. Tapşırıq verildi ki, məktəblərdə şairlər, yazarlarla şagirdlərin görüşləri keçirilsin. Mən də biuna əsasən, neçə il əvvəl 10-15 məktəbdə oldum. İndi buna son verilib. Məsələn, Azərbaycan Texniki Universitetinin məzunu ömründə bir dəfə də olsun, Vahid Əzizlə danışmayıb. Sovet hökümətinin vaxtında isə Filarmoniyada ayda bir dəfə şairlərlə görüşlər keçirilirdi. Camaatın intellekt səviyyəsinin qalxmasını istəyiriksə, bunu etmək lazımdır.
Elə etmək lazımdır ki, dərsdəki şagird müəllimdən nəsə öyrənsin, onun sözlərindən ibrət götürsün. Məncə mədəni həyatımıza nəzarət edən adamlar bu işə soyuq baxırlar. Bu mövzuda fəal olmaq lazımdır”.
“Görkəmli şairlərimiz durub qıraqda gedib ona-buna şeir yazanın şeirini gətirib kitaba salırlar”
“Dərsliklərə tam baxmamışam. Amma onlar hərf səhvləri ilə doludur. Edilən tərcümələr zəifdir. Hər işə ciddi yanaşmaq lazımdır. Senzura ləğv olunandan sonra bu məmləkətdə çox maraqlı tendensiya baş verir. Senzurasızlıq baş alıb gedir. Tərcümələrin orijinal olmasına nəzarət eidilməlidir. Hərə öz istədiyi kimi dərslik hazırlayır. Düzdür, alternativ dərsliklər olmalıdır, amma buna Elmlər Akademiyasının institutları çox ciddi nəzarət etməlidirlər. Dərslikləri 1-2 nəfərin ixtiyarına buraxmaq olmaz. Hər dərsliyin hazırlanmasında Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi, Yazıçılar İttifaqı və digər aidiyyatı qurumlarında rolu olmalıdır. Dərsliyi yalnız müəllimin ixtiyarına buraxmaq düzgün deyil. Görkəmli şairlərimiz durub qıraqda, gedib ona-buna şeir yazanın şeirini gətirib kitaba salırlar. Belə də olmaz axı! Ölkənin şairləri var.
Bu gün bizdə ədəbi tənqid zəifdir. Ədəbi tənqid o demək deyil ki, ancaq oturub-yazın tənqid etsin. Ədəbi tənqidin vəzifəsi ədəbi əsərlərin oxuculara çatdırılmasıdır”.
Onun sözlərinə görə, məktəblə ailə arasında əlaqənin olması mütləqdir:
“Şagirdlərin özünüifadəsinə gəldikdə isə deyə bilərəm ki, bu, individual birşeydir. Hamı dahi deyil. Hamıdan dahi olmağı gözləmək olmaz. Eləsi var ki, çox yüksək səviyyədə özünü ifadə edir. Bu, onun ailə tərbiyəsindən, ailədaxili mühitindən asılıdır. Dil qabiliyyəti çox zəif olanlar da var. Bu, normal haldır və həmişə belə olub.
Problemi aradan qaldırmaq üçün məktəb və ailənin birliyi olmalıdır. Məktəbdəki yaradıcı görüşlər də buna təsir edir”.
Təhsil proqramlarına yer verilməsini tələb edən Vahid Əziz bu verilişlər üçün stabil vaxtın olmasını vacib sayır:
“Televiziya kanalları bu məsələyə çox ciddi baxmalıdırlar! Nəzərə almalıyıq ki, Azərbaycanın televiziya kanalları dünyaya yayımlanır. Bu gün giley-güzar edir, birimizlə qeybətləşir və bunu ictimaiyyətləşdiririksə, bütün dünya bunu görür. Düşünürlər ki, bu millət niyə belə hay-küy edir? Məncə Azərbaycanı dünyaya tanıdan vasitələrə diqqətlə yanaşmaq lazımdır, efirə kimin buraxıldığına diqqət edilməlidir.
İctimai Televiziyada, AzTv-də təhsil verilişlərinə bir az yer verilir. Məncə elmi, intellektual proqramlarla bağlı telekanallarda stabil vaxt qoyulmalıdır. İzləyici bilməlidir ki, filan saatda filan telekanalda elm və təhsillə bağlı veriliş olacaq”.
O, Azərbaycan universitetlərinin dünya reytinqi ilə ayaqlaşa bilməməsinin əsas səbəbini izah edib:
“Azərbaycan cavan ölkədir. Dünya reytinqini birdən gözləmək olmaz. Nəzərə alın ki, Sovet imperiyası dağılanda ölkədə baş verən yiyəsizlik ucbatından neçə alim vətəndən baş götürüb getdi. Konservatoriya və universitetlərdə boşluq yarandı. Onların yerində cavanlar gəldi və təhsil axsamağa başaldı. Problem də buradan qaynaqlandı. Amma o vaxt ölkə rəhbərləri həmin alimlərin maaşlarına fikir verib, onları ölkədə saxlaya bilsəydilər, belə olmazdı. Heydər Əliyev gələndən sonra yavaş-yavaş ölkə düzəlməyə başladı. Hər şey öz vaxtında nizama düşməlidir.Azərbaycan universitetlərinin dünya reytinqinə düşə bilməməsinin səbəbi vaxtilə ölkədəki elm adamlarının buradan uzaqlaşmasıdır”.
Şair eyni zamanda dünya təcrübəsinə əsaslanaraq repetitor sisteminə normal münasibətdə olduğunu bildirib:
“Məktəb yaxşı dərs keçsə, təbii ki, valideyn pul xərcləyib müəllim tutmaz. Amma repetitor bir istiqamətdə dərs deyir, məktəb isə başqa. Qeyd edim ki, şagirdin repetitor məsələsindən sui-istifadə edib məktəbə getməməsi də yaxşı hal deyil. Amma bu dünya praktikasında da var. Şagirdin alternativ məktəbi olmalıdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət