Nazirlik peşə təhsili müəssisələrinə daxil olanlara müraciət etdi
Peşə təhsili müəssisələrinə elektron qeydiyyat mərhələsində uğur qazanan şəxslər 26-31 avqust tarixlərində müvafiq sənədləri qəbul olunduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Ens.az xəbər verir ki, Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, tələb olunan sənədlər sırasına attestatın əsli, sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış, sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi, şəxsiyyət vəsiqəsinin surəti, 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil, hərbi bilet və ya çağırışçı şəhadətnaməsi, güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd daxildir.
Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Qeyd edək ki, peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə biləcəklər. II mərhələ barədə əlavə məlumat veriləcək.
Peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsi 10-24 avqust tarixlərində elektron qaydada həyata keçirilib. 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılıb. Elektron qaydada sistemdə qeydiyyatdan keçənlərin 11743-ü ixtisas seçimini yekunlaşdırıb. Ötən il ilə müqayisədə peşə təhsili almaq istəyən şəxslərin sayında 27 faiz artım müşahidə olunub.
25 avqust tarixində I mərhələnin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən şəxslərə nəticə barədə sms vasitəsilə məlumat təqdim olunub. Uğurlu nəticə göstərən şəxslərin qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatlar şəxsi kabinet bölümündə yer almaqdadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət