Nazirlik: Birinci qrup əlillik təyin olunanların sayı 75,8 faiz azalıb
2018-ci ilin III rübündə əlillik təyin olunanların, həmçinin 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqların (SİMU) sayında bu ilin birinci rübünə nisbətən 61,3 faiz azalma olub.
Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ikinci rüb ilə müqayisədə isə əlillik təyinatında azalma 20 faiz təşkil edib.
O cümlədən, ilkin olaraq I qrup üzrə əlillik təyinatlarında 75,8 faiz, II qrup üzrə 62,3 faiz, III qrup üzrə 51,9 faiz, SİMU üzrə 55 faiz azalma qeydə alınıb.
Qrup | 2018-ci il III rüb | 2018-ci il I rübə nisbətən azalma | 2018-ci il II rübə nisbətən azalma |
I qrup | 375 | 75,84%▼ | 36,87%▼ |
II qrup | 1990 | 62,27%▼ | 18,38%▼ |
III qrup | 696 | 51,93%▼ | 22,49%▼ |
SİMU | 995 | 55,00%▼ | 11,71%▼ |
Cəmi | 4056 | 61,32%▼ | 19,79%▼ |
Məlumata görə, əlillik təyinatlarına nəzarətin gücləndirilməsi və bu sahənin şəffaflaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən birgə işlər davam etdirilir. Xüsusilə də yanlış əlillik təyinatlarının və əlillik təyinatı üçün əsassız göndərişlərin aşkar olunaraq ləğv edilməsi nəticəsində əlilliyin artım tempi bu il əhəmiyyətli şəkildə azalıb.
Əlilliyi olan şəxslərin reabilitasiya potensialının düzgün qiymətləndirilməsi əsasında onların sağlamlıqlarının bərpasında və cəmiyyətə inteqrasiyasında konkret nəticələrə yönələn fərdi reabilitasiya proqramının tətbiqi də qarşıda duran vəzifələrdəndir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət