Slimfit
  1. AZƏRBAYCAN

Nazirlərimizin ən çox sevdiyi kitablar

Nazirlərimizin ən çox sevdiyi kitablar
Sakura

Nazirlərimizin ən çox sevdiyi kitablar

Ötən ay Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun muxtar respublikanın ərazisində oxunması zəruri hesab etdiyi 30 kitab barədə sərəncam imzalaması ictimaiyyət arasında maraqla qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncamda qeyd olunan kitablar arasında həm yerli, həm də dünya ədəbiyyatından məşhur yazarların əsərləri yer alıb.  

Daha sonra sosial şəbəkələrdə həm siyasətçilər, həm iqtisadçılar, həm də ziyalılar maraqlı hesab etdikləri kitabların adlarını yazaraq oxumağı tövsiyə ediblər.

“Qafqazinfo” sözügedən sərəncamdan sonra Azərbaycanda nazirlərin ən sevdiyi kitab və əsərlərlə maraqlanıb. 

Bildirək ki, ölkədə fəaliyyət göstərən əksər nazirliklərin mətbuat xidmətlərinin rəhbərlərinə bir neçə həftədir ki, bununla bağlı sorğu göndərsək də, cəmi 3 qurumdan müsbət cavab ala bildik. 

Bəziləri təmsil etdikləri postun rəhbərini görmədiyini, bəziləri isə nazirin əlçatmaz olduğunu bildirərək sorğuda iştirakdan imtina etdilər...

Bizi isə sadəcə kitab maraqlandırırdı. Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrafatı Nazirliyi, Xarici İşlər Nazirliyi,  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi və Fövqəlada Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbərləri isə mövzu ilə bağlı susmağı üstün tutdular...

Nazirlərin mütaliəsi ilə bağlı göndərdiyimiz sorğuya isə aşağıdakı bu 3 qurumdan dərhal cavab gəldi.

Mədət Quliyev -Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi 

Dövlət Təhlükəsizlik Xidmətinin İctimai əlaqələr şöbəsindən bildirilib ki, DTX rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev Azərbaycan və dünya ədəbiyyatına aid klassik və müasir əsərləri mütaliə etməyi çox sevir:

"Xüsusilə dünya şöhrətli şair və mütəfəkkirimiz Nizami Gəncəvinin zəngin ədəbi xəzinəsinə, eləcə də xarici klassiklərdən Uilyam Şeksprin yaradıcılığına mütəmadi müraciət edir. Əlbəttə ki, gərgin iş qrafikinə baxmayaraq, vaxt ayırıb elmi-siyasi ədəbiyyatı, həmçinin müxtəlif janrlarda yazılmış yeni əsərləri də mütaliə edir. Qeyd olunmalıdır ki, ümumiyyətlə ölkəmizin əleyhinə yönəlmiş qəsdlərə qarşı mübarizənin səmərəli və peşəkarlıqla aparılması məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətində şəxsi heyətin əməliyyat-döyüş və mənəvi-psixoloji hazırlığının əsas tərkib hissəsi olaraq, hər bir əməkdaşın azərbaycançılıq məfkurəsini dərindən mənimsəməsi, mənəvi-əxlaqi saflığının, intellektual və elmi-mədəni səviyyəsinin daha da yüksəldilməsi, xidmət üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və ilə dünyagörüşünün durmadan genişləndirilməsi üçün rəhbərliyin əmri ilə təsdiq olunmuş xüsusi proqramlar həyata keçirilir. Ulu Öndər Heydər Əliyev demişdir: “Təhlükəsizlik işçisi yüksək mədəniyyətli, keyfiyyətli işçi olmalıdır. Elə bir işçi ki, şairlə də, bəstəkarla da, yazıçı ilə də, alimlə də, adi vətəndaşla da danışa bilsin. Əgər belə olmasa, o, ağı qaradan, pisi yaxşıdan, cinayəti səhvdən, səhvi cinayətdən ayıra bilməz”.  Bu Ümummilli Lider Heydər Əliyev məktəbinin davamçılarının devizidir".

Hüseynqulu Bağırov- Ekologiya və təbii sərvətlər naziri

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov həm Azərbaycan, həm də dünya ədəbiyyatında məşhur yazıçıların kitablarının əksəriyyətini oxuyub. Ən çox sevdiyi əsərlər isə bunlardır: İrving Vaşinqtonun “Əl –hambra” , Erix Mariya Remarkın bütün əsərləri (“Üç yoldaş”, “Qərb cəbhəsində yenilik yoxdur” və s.) Stefen Havkinqin isə  “Zamanın qısa tarixi”dir.

Səlim Müslümov-Əmək və əhalinin sosial müdafiəsi naziri

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da  nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi vasitəsilə sorğumuzu cavablandırıb. 

S.Müslümov vurğulayıb ki, ölkəmizdə gənc nəslin ədəbiyyata ehtiyacının, ümumən cəmiyyətdə mütaliəyə mənəvi tələbatın ödənilməsi məqsədilə hələ 2004-cü ildə  Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq sərəncamlar imzalanıb: “Həmin sərəncamlara əsasən Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, həmçinin lüğət və ensiklopediyalar latın qrafikası ilə kütləvi tirajla nəşr edilib və respublikamızın bütün kitabxanalarına hədiyyə edilib. Eyni zamanda, cənab prezident 2007-ci ildə dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında iki Sərəncam imzalayıb və həmin Sərəncamlara uyğun olaraq, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin, o cümlədən Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərlərindən, dünya ədəbiyyatı üzrə antologiyalardan ibarət 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” nəfis tərtibatla nəşr edilib. Bu mühüm tədbirlər  ölkəmizdə klassik bədii ədəbiyyat nümunələrinin təbliği və cəmiyyətimizdə onların mütaliəsinə geniş şəraitin yaradılmasına imkanlar yaradıb.
Nazir Naxçıvan MR Ali Məclisinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların siyahısı”na münasibət bildirərək  siyahıda əksini tapan kitabların hər birinin yüksək ideya-bədii xüsusiyyətlərə malik maraqlı əsərlər olduğunu və həmin kitabların mütaliəsinin gənclərin mənəvi-əxlaqi tərbiyəsində, onlarda vətənpərvərlik hissinin və milli kökə bağlılıq hissinin güclənməsində mühüm önəm kəsb etdiyini bildirib”. 

Nazir həmçinin siyahıdakı kitablar sırasında 6 əsəri - “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ni, “Kitabi-Dədə Qorqud” dastanını,  Qurban Səidin “Əli və Nino” romanını, Məmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasını, Gi de Mopassanın “Gombul” və Sədi Şirazinin “Gülüstan” əsərlərini çox sevdiyini də diqqətə çatdırıb. 

Hələ kiçik yaşlarından, hərfləri öyrənən vaxtlardan bədii kitablar oxumağa böyük həvəs göstərdiyini deyən S.Müslümov hələ orta məktəb illərində Azərbaycan ədəbiyyatının klassiklərini, habelə müasir Azərbaycan yazıçı və şairlərini böyük maraqla mütaliə etdiyini, həmçinin  dünya ədəbiyyatı nümunələri ilə də yaxından tanış olduğunu qeyd edib. 

Nazir həmçinin gənclik illərində Lev Tolstoyun, Nikolay Leskovun, Fyodor Dostoyevskinin, İvan Turgenevin, Nikolay Şoloxovun, Qustav Floberin, Prosper Merimenin, Gi de Mopassanın, Jorj Sandın, Aqata Kristinin, Albert Kamyunun, Uilyam Folknerin, Jan Pol Sartrın, Qabriel Qarsia Markesin, Çingiz Aytmatovun və başqa məşhur qələm sahiblərinin əsərlərini sevərək oxuduğunu qeyd edib. 

Bu gün də həyatını kitablarsız  təsəvvür etmədiyini, həmişə yeni nəşr olunan  kitablarla maraqlandığını bildirən S.Müslümov  Paolo Koelyonun “Əl-kimyagər” və Gülşən Lətifxanın “Azəraida adası” kitablarının da onun sevimli kitabları sırasında olduğunu, bu kitabları oxumağı hər kəsə məsləhət bildiyini deyib. 

Günel Türksoy

Günel Hacı

Mənbə: Qafqazinfo.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR