Nazir müavini: "Türkiyənin təcrübəsindən faydalanaraq Azərbaycanda özəl sektoru inkişaf etdirmək niyyətindəyik"
Azərbaycan İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və onu müşayiət edən nümayəndə heyəti Ankarada səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti Ankara Ticarət Otağında (ATO) da olub.
APA-nın yerli bürosunun xəbərinə görə, ATO sədri Gürsel Baran bildirib ki, görüş zamanı Türkiyə ilə Azərbaycan arasındakı ticarət həcminin 5 mlrd. ABŞ dollarına çatdırılmasından bəhs olunub. Hazırda Azərbaycanla ticarət həcminin 200 milyon dollarının Ankaranın payına düşdüyünü deyən ATO sədri bildirib ki, bu məbləğin 1 mlrd. dollaradək artırılması planlaşdırılır.
Bakı ilə Ankara arasındakı birbaşa uçuş xidmətinin açılmasında ATO-nun da xidmətlərinin olduğunu bildirən Gürsel Baran iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında bundan sonra da bacardıqları dəstəyin göstəriləcəyini bildirib.
Öz növbəsində Sevinc Həsənova son 10 ildə Türkiyə iqtisadiyyatının inkişafında yüksəlişin olduğunu bildirib və bu istiqamətdə Türkiyənin təcrübələrindən faydalanmağın önəmli olduğunu qeyd edib: "Türkiyənin təcrübələrindən faydalanaraq Azərbaycanda özəl sektoru inkişaf etdirmək niyyətindəyik".
Nazir müavini deyib ki, hazırda Azərbaycanda özəl sektorda 4 minə yaxın türk şirkəti çalışır, bu şirkətlər Azərbaycana ümumilikdə 12 mlrd. dollar sərmayə yatırıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət