Nazir elan etdi: Gələn ildən bu sistem işə düşəcək
Artıq aqrar subsidiyaların elektron kənd təsərrüfatı sistemindən verilməsi ilə bağlı işlər başa çatıb. Gələn ildən bu sistemin tətbiqinə başlanılacaq.
Axar.az xəbər verir ki, bu sözləri Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.
O bildirib ki, 2019-cu ildə ölkənin ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması üçün mühüm fərman və qərarlar qəbul edilib:
“Elektron sistemin tətbiqi nəticəsində fermerlərin gəlirləri artacaq və dövlət xidmətlərindən daha yaxşı istifadə edə biləcəklər. Kənd təsərrüfatı məhsullarının ixracı prosesi artıb. “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi buna daha əlverişli şərait yaradır. Bu sistem fermer və sahibkarların xarici bazara mallarını çıxarmaq imkanını daha da genişləndirib və asanlaşdırıb. Bu islahatın mərkəzində Azərbaycan vətəndaşı və Azərbaycan fermeri dayanır.
Məhsullarımızın sürətli keçidi təmin edilir və xarici bazarlara daha tez çatır. Bu da xarici bazarda rəqabətin artmasına səbəb olur. Nəticədə fermerlər daha çox gəlir əldə edir və onların sosial rifahı yaxşılaşır. Biz bunu tərəvəz və meyvə ixracında daha çox görmüşük”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət