Nazir: 'Çelsi' - 'Arsenal' oyununu qəbul etməyə çox ciddi hazırlaşmışıq'
“Mən inanıram ki, ölkəmizə gələcək qonaqlar qonaqpərvərliyimizi görəcək, gözəl şəhərimizlə tanış olacaq və buradan xoş təəssüratlarla ayrılacaqlar”.
“Report”un məlumatına görə bunu gənclər və idman naziri Azad Rəhimov “Associated Press”ə müsahibəsində Bakıda İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında keçiriləcək Avropa Liqasının final matçı barədə danışarkən deyib. Nazir Azərbaycana gələcək qonaqların yenidən bu ölkəyə səyahət etmək istəyəcəklərini bildirib: “Nə üçün Rusiyada dünya çempionatı keçirilərkən, Lissabon, London, Madrid və digər şəhərlər futbol yarışlarına ev sahibliyi edərkən belə suallar yaranmır. Amma Bakıda keçiriləcək finalla bağlı bu cür suallar ortaya çıxır? Düşünürəm ki, biz növbəti yarışlara ev sahibliyi edən zaman insanlarda belə suallar yaranmayacaq və onlar yenidən ölkəmizə səyahət edəcəklər”.
A.Rəhimov Avropa Liqasının finalı üçün təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğunu qeyd edib: “Biz bu oyuna çox ciddi hazırlaşmışıq. Mühafizə xidmətinin əməkdaşlarına xüsusi təlimlər keçirilib. Stüardlar müvafiq qaydada təlimatlandırılıb. Stadion yüksək səviyyədə qorunacaq. Düşünürəm ki, "Arsenal" və "Çelsi" komandalarının azarkeşləri arasında düşmənçilik yoxdur və final matçında heç bir insident baş verməyəcək. Biz bir neçə dəfə böyük futbol matçlarına ev sahibliyi etmişik, stadion bu finala tam hazırdır və heç bir problem yoxdur".
Nazir Heydər Əliyev Beynəlxalq Aeroportunun qonaqları qarşılamağa tam hazır olduğunu söyləyib: "Hava limanı 2 saat ərzində təxminən 7- 10 min arası insanı qəbul edə bilər. Bu, Azərbaycan Hava yollarından aldığımız rəsmi məlumatdır. Biz gələn qonaqların sayının çox olacağını nəzərə alaraq, çalışırıq ki, bir insanın ölkəyə daxil olması, ölkədən çıxması müddətini maksimum 25-30 saniyədə həll edək. Hava Limanı həmçinin, ehtiyac olarsa daha çox təyyarə reysi qəbul edə bilər".
A.Rəhimov "Arsenal" klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına Azərbaycanın təhlükəsizlik təminatı verdiyini də bildirib: "İndiyədək keçirdiyimiz bir neçə tədbirə ermənilər də qatılıb. Buna boks, güləş üzrə dünya çempionatlarını misal çəkmək olar. "Bakı 2015" I Avropa Oyunlarında Ermənistan 20-23 nəfərlik nümayəndə heyəti ilə gəlmişdi. Heç vaxt idmanı hansısa maraqlar üçün siyasi alət kimi istifadə etməmişik. Əksinə, idmanı bütün bu siyasi məsələlərdən kənarda saxlamışıq. Əlbəttə, bu məsələ Henrik Mxitaryanla da bağlıdır. Mxitaryan Azərbaycana gələcək İngiltərə komandasının bir üzvüdür. O, dövlət tərəfindən bütün təhlükəsizlik təminatını alıb".
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu saat 23:00-da başlanacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət