Naxçıvanda qəbul imtahanlarının yeni qaydaları ilə bağlı elmi-metodik seminarlar keçirilib
Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək yeni qaydalar və modellər haqqında Azərbaycan dili, riyaziyyat, ingilis, fransız və rus dili fənləri üzrə Naxçıvan şəhərində elmi-metodik seminarlar təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Dövlət Texniki Kollecində bununla bağlı keçirilən plenar iclasda təhsil naziri Rəhman Məmmədov çıxış edərək muxtar respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, bu gün muxtar respublikada təhsil və ixtisaslı mütəxəssis hazırlığı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bunun nəticəsidir ki, təhsilin keyfiyyəti hər il yüksəlir, ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəricilərində davamlı artım dinamikası müşahidə edilir.
“Bu ildən etibarən təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmlərinin tətbiqinə başlanılıb”, - deyən Rəhman Məmmədov qeyd edib ki, cari tədris ilində XI sinfi bitirən şagirdlər yeni məzmun əsasında ümumi təhsili başa vuran ilk məzunlar olacaqlar. Bu səbəbdən də onların buraxılış imtahanlarının yeni formatda təşkili ilə bağlı yeni qaydalar hazırlanıb. Yeni imtahan modeli məktəbin və müəllimin həm məsuliyyətinin, həm də nüfuzunun artmasına, eyni zamanda, şagirdlərin biliklərinin hərtərəfli qiymətləndirilməsinə əhəmiyyətli şəkildə təsir göstərəcək.
Vurğulanıb ki, bu gün keçirilən elmi-metodik seminarlarda əsas məqsəd yeni qaydalar və modellər haqqında məlumat verməkdir.
Sonra çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanının nəticələrinin regional təhlili, ümumi təhsil bazasında buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının qaydalarından danışıb, mərkəzin yeni layihələri və imtahanların modelləri barədə məlumat verib.
Məleykə Abbaszadə deyib: “Ötənilki IX və XI siniflərin buraxılış imtahanlarının nəticələrinə əsasən Naxçıvan Muxtar Respublikasının həm ümumi, həm də ayrı-ayrı fənlər üzrə orta bal göstəriciləri ümumrespublika üçün ən yüksək göstərici olub. Bu da belə deməyə əsas verir ki, burada təhsilin inkişafına göstərilən qayğı, eləcə də mütərəqqi tədris metodlarından səmərəli istifadə öz müsbət nəticəsini verir”.
Plenar iclasda pedaqoqları maraqlandıran suallar cavablandırılıb.
Sonra Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə seminarlar keçirilib, müxtəlif mövzularda təqdimatlar dinlənilib.
Sonda təqdimatlar ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət