Naxçıvanda ictimai-iaşə müəssisələrinin iş rejimi saat 17:00-dək müəyyən edilib
Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən kafe, restoran və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş rejimi qısaldılaraq saat 17:00-dək müəyyən edilib.
APA-nın məlumatına görə, bu barədə bu gün dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birlikdə xidmət sahələrində qaydalara əməl olunmasına nəzarəti gücləndirmək tapşırılıb.
Ali Məclisin Sədri Vasif Talıbov sahibkarlıq subyektlərinin və işçilərinin iqtisadi və sosial vəziyyətini nəzərə alaraq İqtisadiyyat Nazirliyinə aid qurumlarla birlikdə ərzaq mağazaları və apteklər istisna olmaqla, muxtar respublika ərazisindəki bütün iri ticarət mərkəzlərinin fəaliyyətini məhdudlaşdırmağı, mağazaların ərzaqla normal təminatına diqqəti artırmağı, aid qurumlarla birlikdə ehtiyatların yaradılmasının davam etdirilməsini tapşırıb.
Həmçinin Naxçıvanda hər ikisi işləyən və himayəsində azyaşlı uşaq olan (1-10) valideynlərdən biri üçün güzəştlər tətbiq ediləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət