Naqasakinin atom bombardmanına məruz qalmasının 73-cü ildönümü qeyd olunub
Avqustun 9-da Yaponiyanın cənub-qərbində yerləşən Naqasaki şəhərinin 1945-ci ildə atom bombardmanına məruz qalmasının 73-cü ildönümü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar şəhərin Sülh parkında mərasim keçirilib. Mərasimdə ilk dəfə olaraq BMT-nin baş katibi Antonio Quterreş iştirak edib. Tədbirə atom bombardmanının şahidi olmuş insanlar, Baş nazir Şinzo Abe, Yaponiyadakı diplomatik korpusun nümayəndələri, o cümlədən Azərbaycanın bu ölkədəki səfiri Gürsel İsmayılzadə də qatılıblar.
Yerli vaxtla saat 11:02 dəqiqədə, 1945-ci ildə atom bombasının şəhərə atıldığı anda mərasim iştirakçıları bu faciə zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Ötən ilin iyulunda BMT tərəfindən nüvə silahının ləğvi barədə müqavilə bəyənilib. Lakin nüvə silahına malik ölkələr və bu silaha sahib olmayan ölkələr tərəfindən müqaviləyə münasibət fərqli olduğuna görə, həmin sənəd hələlik hüququ qüvvəyə minməyib. Nüvə silahının ləğvi barədə məsələ həll olunmamış qalır.
Mərasimdə sülh bəyannaməsi ilə çıxış edən Naqasakinin meri Tomihişa Taue BMT tərəfindən bəyənilən qanunun ratifikasiya edilməsinə çağırıb.
BMT-nin baş katibi Antonio Quterreş deyib: “Hiroşima və Naqasaki faciələrinin təkrarlanmasına yol vermək olmaz. Atom bombardmanına məruz qalan bu şəhərlərin sakinləri nüvə silahının ləğvi uğrunda mübarizənin liderlərinə çevriliblər. Bombardmandan 70 ildən çox vaxt keçməsinə baxmayaraq, biz hələ də nüvə silahının qorxusunu yaşayırıq. Nüvə silahına malik olan ölkələr onun təkmilləşdirilməsi üçün böyük məbləğdə vəsait sərf edirlər. 2017-ci ildə silahlanmaya və orduların saxlanmasına 1,7 trilyon dollar vəsait sərf olunub. Bu, “soyuq müharibə”nin başa çatmasından sonra ən böyük məbləğdir. Eyni zamanda, dünyaya lazım olan humanitar yardımdan 80 dəfə çoxdur”.
“Atom bombardmanı faciəsini yaşayan yeganə ölkə olaraq, bizim əsas vəzifəmiz nüvə silahının olmadığı dünya uğrunda mübarizəni davam etdirməkdir. Nüvə silahının olmadığı dünyanın yaradılması üçün isə beynəlxalq ictimaiyyətin birliyi, sərhədlərdən və nəsillərdən asılı olmayaraq atom bombardmanının törətdiyi faciənin insanlığın ümumi yaddaşında saxlanması vacibdir”, - deyə Baş nazir Şinzo Abe vurğulayıb.
Xatırladaq ki, 1945-ci il avqustun 9-da Naqasaki şəhərinə atılan atom bombası nəticəsində 73 min nəfər ölüb və ya itkin düşüb. Sonradan nüvə şüalanması nəticəsində daha 35 min nəfər dünyasını dəyişib.
Son məlumatlara görə, hazırda Yaponiyada 154 min nəfər atom bombardmanından zərər çəkən kitabçası daşıyır. Onların orta yaşının 82-yə bərabər olduğu bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət