Nağdsız ödəmələrin genişləndirilməsi istiqamətində yeni Dövlət Proqramı hazırlanıb
Nağdsız ödəmələrin tətbiqi səviyyəsinin artırılması üçün ən mühüm sənədlərdən biri Mərkəzi Bank tərəfindən hazırlanan “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” hesab olunur.
AZƏRTAC vergiler.az saytına istinadla bildirib ki, proqram layihəsinin hazırlanmasında iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının İqtisad İnstitutunun direktoru Nazim Müzəffərli sənədin əsas məqsədinin iqtisadiyyatda nağdsız ödənişlərlə aparılan tranzaksiyaların əhəmiyyətli dərəcədə genişlənməsi, bununla da nağd ödənişlərin miqyasının minimuma endirilməsi, nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi və nağd pul tədavülü ilə bağlı yaranan tranzaksiya xərclərinin azaldılması olduğunu söyləyib.
Qeyd olunub ki, proqram çərçivəsində rəqəmsal iqtisadiyyata keçidlə bağlı infrastrukturun gücləndirilməsi, effektiv tənzimləmə metodlarının tətbiqi, ödəniş sistemlərinin texniki inkişafı, mobil operatorlara rəqəmsal ödəniş fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi, milli ödəniş sistemi və bank hesabları arasında inteqrasiyanın artırılması, avtomatlaşdırılmış kommunal xərc ödənişlərinin genişləndirilməsi nəzərdə tutulur.
Nağdsız ödəmələrin genişləndirilməsi istiqamətində müəyyən edilmiş hədəflərə əsasən, internet və mobil bank sistemlərində elektron imzanın əhatə dairəsinin 2020-ci ildə 80-100 faiz səviyyəsinə çatdırılması, POS-terminallar vasitəsilə həyata keçirilən əməliyyatların məbləğinin 400 milyon manatdan 2,7 milyard manatadək artırılması, nağdsız qaydada həyata keçirilən kart əməliyyatlarının xüsusi çəkisinin 2020-ci ilədək 30 faizə, 2025-ci ilədək 50 faizə, 2025-ci ildən sonra isə 80 faizə çatdırılması planlaşdırılır.
Mənbə: azertag.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət