Dərc edildi: Baxış sayı: 1221
Mxitaryan desəydi ki, Qarabağ Azərbaycanındır...
Ermənidən tarixən xeyir gəlməyib. İndi də Bakıda yüz ilin başında Avropa kubokunun finalı oyununa sevindiyimiz yerdə bir erməni futbolçunun söz-söhbəti ürəklərimizi bulandırır, doğru-dürüst ləzzət almağa da imkan vermir. Guya Mxitaryan Bakıya gəlsə gərginlik yaşanacaq, futbolçu da komandası “Arsenal”da psixoloji travma alacaq və sairə. Xaricdəki erməni diasporu, erməni mediası bizi hər cür pislikdə ittiham edirlər. Erməni azarkeşlərin Bakıya gəlməsinə imkan, şərait yaradılmamasında bizi qınayır, rasizmdə, ksenofobiyada ittiham edirlər.
Səhv edirsiz. Biz nə rasizm azarına tutulmuşuq, nə ksenfobiyaya. Biz irqçı deyilik, sadəcə siz düşmənsiz. Düşmən! Yüzminlərlə Qarabağ camaatını doğma yerindən, yurdundan, vətənindən havadarınız hesabına qovan, minlərlə günahsız insanı qətlə yetirən, keçmişimizi, tariximizi əlimizdən almağa iddia edən, torpaqlarımızda at oynadan düşmən! Yoxsa, sizləri bağrımızamı basmalıyıq? Yoxsa, Mxitaryanı gül-çiçəklə, İrəvandan, Londondan gələn erməniləri-düşmənlərimizi xoş təbəssümlə qarşılamalıyıq? Biz Qarabağı azad edəndən sonra, düşmənin özünü necə aparmağına baxıb, qonşu kimi qarşılaya bilərik. İndi vətənini sevən hər kəs qisas hissi ilə alışır - yanır. Bizi qınamağa haqqınız yoxdur. Mxitaryan Londonda bəyanat versəydi ki, Qarabağ Azərbaycan torpağıdır, nə edərdiniz? Yenəmi belə hay-küy qaldıracaqdınız? Edəcəkdiniz, amma Mxitaryana qarşı. Deyəcəydiniz ki, satılıb, çağırış edəcəkdiniz ki, Mxitaryan yığma komandadan qovulsun. Düz də edəcəkdiniz. Satqınlara münasibət belə də olmalıdır. İndi istəyirsiniz, biz bütün ölkəcəmi ikiüzlülük edək?
Rasizm, ksenofobiya... Əvvəlcə bir özünüzə baxın. Azərbaycanda onlarla millət yaşayır, Ermənistansa monoetnik bir ölkədir. Yalnız türkləri deyil, başqalarını da sevmirsiz. Yaltaqlandığınız, sığındığınız rusları belə qovdunuz. Öz işinizdir.
Hələ avropadakılar da bizi hədəfə alıblar. Niyə? Elə isə niyə İsrail dövləti Asiyada yerləşməsinə baxmayaraq, onu bütün idman yarışlarında Avropa çempionatlarına daxil etmisiniz? Bəlkə İran yığma komandasını İsraildə, İsrailin də komandasını İranda səbirsizliklə gözləyənlər var? Və yaxud ərəb ölkələrində?
Yazırlar ki, “Arsenal”da Mxitaryana görə hiddətləniblər. Cənab topçular, biz ermənilərlə, ermənilər də bizlərlə Siz İkinci Dünya savaşında almanlarla hansı münasibətdə olmusunuzsa, biz indi o münasibətdəyik. Yəni, o vaxt necə müharibə vəziyyəti idisə, indi də biz müharibə vəziyyətindəyik. Keçmişinizə baxın, bu gün başqalarına irad tutmayın.
Nə qədər sülh danışıqları aparırsınızsa aparın, xalqları sülhə hazırlayırsınızsa, onu da edin, amma mənim ata-baba yurdum özümə qayıdandan sonra. Onu azad edənədək, o torpaqları işğal edənlər bizim düşmənimizdir! Düşmənlə düşmən kimi rəftar edərlər.
Dünən Ukrayna prezidenti Zelenski andiçmə mərasimindəki çıxışında dedi: “Mən populyarlığımı, reytinqimi itirməyə hazıram, əgər gərəkirsə, mən vəzifəmi də itirməyə hazıram, təki sülh olsun.
Amma, torpaqlarımızı itirmədən. Başqa cür ola bilməz! (Alqışlar, hamı ayağa qalxır)”.
İndi məni bu mövqeyimə görə ksenofobiyada, rasizmdə, daha nə bilim nədə ittiham edirsinizsə edin! Hazıram! Hazırıq!Torpaqlarımızı azad etmədən mən də, bu millət də elə bu cür olacağıq!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət