Slimfit
  1. AZƏRBAYCAN

Müstəqilliyimizin Naxçıvandan başlayan inkişaf yolu

Müstəqilliyimizin Naxçıvandan başlayan inkişaf yolu
Sakura

Müstəqilliyimizin Naxçıvandan başlayan inkişaf yolu

Tarixi şəxsiyyətlər mənsub olduğu xalqın yaddaşında hər zaman yaşayır. Ancaq elə şəxsiyyətlər də var ki, onların xidmətləri daha fenomenal xarakter daşıyır. Bu mənada, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti, sadəcə, bir ölkə üçün yox, həm də bəşəri dəyərləri ilə seçilir. Görkəmli dövlət xadiminin 1990-cı il iyulun 22-də Moskvadan Bakıya, oradan isə doğma yurdu Naxçıvana gəlişi sonralar özünün də söylədiyi kimi, tarixin və zamanın hökmü idi. Azərbaycanın ən yeni tarixində mürəkkəb proseslərin getdiyi həmin vaxtda qədim Naxçıvan diyarında Ümummilli Liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildiyi gün bu hökmün yəqinliyini ötən dövrdə hər kəsə sübut etdi. Müstəqilliyini yenicə qazanmış bir ölkənin tarixin təlatümlü burulğanından qurtarmaq missiyasının başlanğıcı olan 1991-ci ilin 3 sentyabrı, eyni zamanda, milli dövlətçiliyimizin əsaslarının qoyulduğu, xalqımızın var olma, özünü dünyada təsdiq etmək kimi arzu və amallarının başlanğıc tarixi idi. Ümummilli liderimiz Heydər Əliyev məhz həmin tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada on minlərlə naxçıvanlının təkidi ilə Ali Məclisin Sədri seçilmişdi.

Ulu Öndər sentyabrın 3-də xilaskarlıq missiyasını öz üzərinə götürdü

Bu elə bir dövr idi ki, ölkəmizin əsas torpaqlarından ayrı düşmüş Naxçıvan tamamilə taleyin ümidinə buraxılmış, muxtar respublikanın ətraf aləmlə bütün kommunikasiya-nəqliyyat əlaqələri kəsilmiş, sabahkı günə inam qalmamışdı. Xalqın yeganə təsəllisi böyük öndərin Naxçıvanda xalqı ilə bir yerdə olması idi. Buna görədir ki, Ulu Öndər Naxçıvanın, ümumilikdə isə Azərbaycanın gələcəyi baxımından əlamətdar olan gün haqqında danışarkən deyirdi: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Yəqin etdim ki, mən öz prinsiplərimə sadiq qalaraq, eyni zamanda, indi Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə nəinki deputatların, binanın qarşısına, ətrafına toplaşan naxçıvanlıların qoyduqları vəzifənin ifasından geri çəkilsəm, bu, xalqın ağır günündə qaçmaq deməkdir... Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.

Müstəqilliyimiz Naxçıvanda yenidən doğuldu

Qeyd etmək lazımdır ki, hələ görkəmli dövlət xadimi Naxçıvana qayıtdıqdan qısa bir müddət sonra – 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan parlamentinə, 2 nömrəli seçki dairəsindən isə Naxçıvan parlamentinə deputat seçildi. 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası da deputatların istəyi və böyük təkidi nəticəsində ümummilli lider Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayıb. Həmin sessiyada Azərbaycanın müstəqilliyi və suverenliyi üçün böyük tarixi qərarlar qəbul edildi. Belə ki, təcrübəli dövlət xadiminin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə Naxçıvan parlamentində qaldırıldı, Azərbaycanın Ali Soveti qarşısında bu bayrağın rəsmi dövlət bayrağı kimi təsdiq edilməsi üçün vəsatət irəli sürüldü. Naxçıvanda milli dövlətçiliyimizin bərpası yönündə atılan addımlar bununla məhdudlaşmayıb, 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendum boykot edilib. Bütün bu proseslər onun göstəricisi idi ki, Ulu Öndərin qətiyyəti, hər şeydən üstün tutduğu milli dövlət maraqları, bu maraqların bərpası və qorunması istiqamətində atdığı tarixi addımlar müstəqilliyimizin bəhrələrini bizə hər gün daha da yaxınlaşdırırdı. Daha doğrusu, müstəqilliyimiz Naxçıvanda yenidən doğulurdu.

Azərbaycan Xalq Cümhuriyyətinin varislik ənənələri ilk dəfə Naxçıvanda bərpa olunub

Ümumiyyətlə, dahi rəhbərin siyasi fəaliyyətinin Naxçıvan dövrü nə qədər çətin və mürəkkəb bir zamana təsadüf etsə də, bu dövr Azərbaycanın müstəqillik tarixində çox böyük dəyərə malikdir. Çünki Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varislik ənənələri ilk dəfə Naxçıvanda bərpa olunub. Bunun da təməlində həm bəşəri, həm də milli dəyərləri özündə birləşdirən müasir müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu prosesinə başlanılıb. Hamımıza məlumdur ki, ötən əsrin 90-cı illərində Naxçıvan təkcə iqtisadi, sosial bağları çökdürülmüş bölgə deyildi. Həmçinin sərhədlərinin böyük bir hissəsi boyunca düşmən hücumlarının hədəfinə çevrilmiş bir vətən parçası idi. Buna görə də dünya şöhrətli siyasətçi Heydər Əliyev Ali Məclisin Sədri kimi vəzifəsinə başlayandan cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etdi. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların hamısının muxtar respublikada saxlanılması təmin olundu. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və Ulu Öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada ilk milli ordu birləşmələri yaradıldı, Naxçıvanın müdafiə potensialı yaxşılaşdırıldı, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası ilk dəfə məhz Naxçıvanda qoyuldu.

Respublikamızın digər dövlətlərlə dinc, səmimi dostluq şəraitində əməkdaşlıq etməsinin əsası qədim diyarda qoyulub

Naxçıvan Muxtar Respublikası mühüm geostrateji ərazidə yerləşir. Türkiyə və İranla çoxəsrlik qonşuluq əlaqələrinin bərpası da uzun illərdən sonra ilk dəfə dahi şəxsiyyətin Naxçıvanda fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Ulu Öndər 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərlər edib, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanıb, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulub. Həmin dövrdə Azərbaycanda həyata keçirilən yarıtmaz xarici siyasət nəticəsində bir çox ölkələrlə əlaqələr düzgün qurulmamışdı, yaxud zəif qurulmuşdu. Görkəmli dövlət xadiminin Naxçıvanda bu istiqamətdə atdığı addımlar isə ölkəmizin digər ölkələrlə dinc, səmimi dostluq şəraitində əməkdaşlıq etməsinin əsasını qoymuşdur. 

Dövlətçilikdə əsas amillərdən biri də xalqın bir ideya ətrafında, bir hədəf uğrunda birləşməsi və hərəkətidir. Ümummilli lider Heydər Əliyevin Ali Məclisin Sədri işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi, bu mənada, xüsusi əhəmiyyətə malikdir.

İlk torpaq islahatları

Ümummilli Liderin muxtar respublikada yaşayıb fəaliyyət göstərdiyi dövrdə xalqımız qarşısında xidmətlərini sadalamaqla bitməz. İqtisadi sahədə həyata keçirilən tədbirlər də bu sırada istisna deyil. Atılan addımlar muxtar respublikanı düçar olduğu ağır iqtisadi böhran vəziyyətindən çıxarmaqla yanaşı, yeni bazar iqtisadiyyatına keçidin şərtlərini də diktə edirdi. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarların qəbul edilməsi hazırkı dövrdə muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafını şərtləndirən mühüm amil olub, bununla da Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılıb.

Xalqın arzu və istəklərini reallaşdıran Yeni Azərbaycan Partiyası Naxçıvanda yaradılıb

1992-ci il noyabrın 21-də Naxçıvanda ölkəmizin ictimai-siyasi həyatı, ümumilikdə isə müstəqil Azərbaycanın gələcəyi üçün mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının əsası qoyulub. Dövrün, zamanın çağırışlarına cavab vermək məqsədilə yaradılan Yeni Azərbaycan Partiyası xalqın arzu və istəklərinin reallaşdırılması üçün qısa zaman ərzində böyük nüfuz qazanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü barədə deyib: “Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxartdı”.

Naxçıvandan başlanan müstəqillik yolu ölkə miqyasında davam etdirilib

Qeyd etmək lazımdır ki, o zaman Naxçıvanda Ulu Öndərin rəhbərliyi ilə məqsədyönlü işlər aparılsa da, ümumilikdə, ölkədə hakimiyyətdə olanların səriştəsizliyi, siyasi səbatsızlığı Azərbaycanı məhvə doğru sürükləyirdi. Torpaqlarımızın ard-arda işğal olunması, yaranmış gərgin ictimai-siyasi hadisələr 1993-cü il iyun ayının əvvəllərində özünün kulminasiya nöqtəsinə çatdı. Hakimiyyət böhranı bütün ölkəni cənginə aldı. Artıq Azərbaycan öz dövlət müstəqilliyini ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ulu öndər Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verdi, onun nicatı uğrunda siyasi mücadiləyə başladı və 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, məhv olmaqdan xilas etdi. Bu hadisə Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi əbədi həkk olundu. Həmin gündən etibarən Ulu Öndərin müdrik daxili və xarici siyasəti nəticəsində 1991-ci il sentyabrın 3-dən Naxçıvandan başlanan müstəqillik yolu ölkə miqyasında davam etdirildi. Beləliklə, tarix üçün qısa zaman ərzində Azərbaycan mühüm nailiyyətlər qazandı.

Heydər Əliyevin siyasi xəttinə sarsılmaz sədaqət Naxçıvan Muxtar Respublikasını çiçəklənən diyara çevirib

Naxçıvan Muxtar Respublikasında da ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət yeni inkişaf erasının başlanmasına təkan verib. Ötən dövrdə Naxçıvan blokada şəraitində inkişafın əsl nümunəsini ortaya qoyaraq, Azərbaycanın sürətlə tərəqqi edən diyarına çevrilib. İndi Naxçıvanın çox böyük müdafiə potensialı, dayanıqlı iqtisadiyyatı var. Bu gün mühüm enerji potensialına malik Naxçıvan, həm də dünyaya əsrarəngiz turizm potensialı olan bir diyar kimi qapılarını açır. Hər il bu qədim diyara dünyanın müxtəlif ölkələrindən çoxsaylı turistlər gəlir, burada müxtəlif beynəlxalq tədbirlər keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən 15 il ərzində muxtar respublikaya 14 dəfə səfərə gəlməsi və 135-dən çox müxtəlif təyinatlı obyektin açılışında iştirak etməsi də Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının bariz nümunəsidir. Prezident İlham Əliyev muxtar respublikaya son səfərində görülən genişmiqyaslı işlərin dövlətimizin vətəndaşına göstərdiyi böyük qayğının ifadəsi olduğunu vurğulayaraq deyib: “...Burada aparılan işlər çox yüksək qiymətə layiqdir, çox böyük zəhmət, çox böyük məhəbbət tələb edir. Görürəm ki, bütün işlər böyük məhəbbətlə, böyük zövqlə görülür ki, insanlar üçün yaxşı şərait yaradılsın, Naxçıvan Muxtar Respublikası bundan sonra da uğurla inkişaf etsin”.

Mənbə: AZƏRTAC

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR