Slimfit
  1. MƏDƏNİYYƏT

Müstəqil Azərbaycanın xalçaçılıq sənəti yeni üfüqlər fəth etməkdədir

Müstəqil Azərbaycanın xalçaçılıq sənəti yeni üfüqlər fəth etməkdədir
Sakura

Müstəqil Azərbaycanın xalçaçılıq sənəti yeni üfüqlər fəth etməkdədir

Avqustun 25-i Azərbaycan xalçaçılıq sənəti üçün unudulmaz gün kimi yadda qaldı. Həmin gün Prezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının açılışını etdi. Ölkə rəhbərinin xalçaçılarla hər görüşü onlar üçün həyatlarının unudulmaz gününə çevrilir. Çünki bilirlər ki, bu qədim sənət dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində yaşadılır və inkişaf etdirilir. Prezidentlə hər görüş bu sahənin qarşısında yeni perspektivlər açır. Dövlət başçısı “Azərxalça”nın filiallarının açılışlarında xalçaçıların əməyini, qarşıya qoyduğu tapşırıqların uğurla yerinə yetirilməsini yüksək qiymətləndirir.

Xalçalar tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olub. Hər bir xalça toxunduğu yerin təbiəti, onu yaradan insanların dünyagörüşü və inancları ilə bağlı simvolları əks etdirən sənət əsəridir. Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Məhz bu mənada xalçaçılığın inkişafı tarixi mədəni və maddi irsin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, bu sahə dövlətimizin diqqət və qayğısı ilə tam əhatələnib.

Milli sənətimiz və sərvətimiz...

Bu il may ayının 4-də Xaçmaz filialının açılışında “Azərxalça”nın uğurlu fəaliyyəti nəticəsində biz bir neçə məqsədə çatmış oluruq” deyən dövlətimizin başçısı İsmayıllıda da qurumun fəaliyyətindən razılığını ifadə edən fikirlər səsləndirdi: “Azərbaycanda xalçaçılığın çox böyük tarixi və çox böyük gələcəyi var. “Azərxalça” müəssisəsinin yaradılması məhz bu məqsədi güdürdü. Mənim qoyduğum vəzifələr, verdiyim tapşırıqlar yerinə yetirilir və İsmayıllı rayonundakı xalçaçılıq fabriki bunu bir daha göstərir”.

Əlbəttə ki, bu sözlərin arxasında xalçaçılığa göstərilən böyük dövlət qayğısı, real iş, konkret nəticələr və zəhmət dayanır. Bütün bunların nəticəsidir ki, qədim sənətimiz ikinci həyatını yaşayır. Xalçaçılığa niyə bu qədər diqqət göstərilir, yetərincə investisiya qoyulur? Prezident çıxışlarından birində bu sahədə görülən işlərin əhəmiyyətini belə qiymətləndirib: “Xalçaçılıq bizim milli sənətimizdir, milli sərvətimizdir. Azərbaycan xalqı bu sənəti əsrlər boyu yaşadır. Bizim xalçalarımız dünyanın aparıcı muzeylərində sərgilənir. Biz xalçaçılığı yaşatmaqla Azərbaycan xalqının nə qədər istedadlı olmasını dünyaya bir daha göstəririk”.

Xalçaçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər çox böyük önəm daşıyır. Çünki keçmişlə bu günümüz arasında körpü rolunu oynayan xalçaçılıq sadəcə mədəniyyət tariximizin deyil, bütövlükdə ölkəmizin tarixinin öyrənilməsi üçün zəngin bir xəzinədir.

Bu sənət Azərbaycan xalqının tarixi, həyatı ilə sıx bağlı olduğundan sovet dövründə onun geniş tədqiqinə, milli naxışlı xalçalar toxunmasına süni maneələr yaradılırdı. Xalçalar üzərindəki naxışlar onun toxunduğu dövrün həyat tərzi barədə qiymətli məlumatlar verir. Bu sahəyə ehtiyatla yanaşılmasına baxmayaraq, ulu öndər Heydər Əliyev xalçaçılığın yaşadılması, inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirib. XX əsrin 70-ci illərində Azərbaycanda Xalça Muzeyi fəaliyyətə başlayıb, bu sahə ilə məşğul olan tədqiqatçılara, xalçaçılıq sənətini yaşadanlara lazımi şərait yaradılıb. O dövrdə digər milli dəyərlərimiz kimi, xalçaçılığın da yaşadılması ümummilli liderimizin müstəqil dövlət quruculuğu yolunda atdığı mühüm addımlardan biri idi. Çünki qədim tariximizin, zəngin dövlətçilik ənənələrimizin xalça naxışlarında yaşadılması gənc nəsildə milli hisslərin oyanmasına stimul verirdi.

Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan və ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra xalçaçılığın inkişafında yeni mərhələ başlayıb. Ümummilli Liderin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin bu sahədəki fəaliyyətinin ən yaddaqalan məqamlarından biri də 2016-cı ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasıdır. Ölkə başçısının təşəbbüsü ilə yaradılan “Azərxalça” bir neçə starteji məqsədin reallaşdırılmasına imkan verib. Cəmiyyətin qarşısına qoyulan mühüm vəzifələrdən birincisi milli dəyərimiz olan xalçaçılığı yaşatmaq, digəri isə ölkəmizin ixrac potensialının artırılmasına öz töhfəsini verməkdir. Bunun üçün xalçaçılığın geniş şəbəkəsi yaradılmalı idi. “Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir”, – deyən dövlət başçısı bu sənət sahəsinin yaşadılmasını təmin edib, ölkəmizdə xalçaçılığın geniş şəbəkəsi yaradılıb.

2019-cu ildə daha 10 xalça istehsalı emalatxanası yaradılacaq

İlkin mərhələdə “Azərxalça”nın Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz və Qəbələ rayonlarında filiallarının yaradılması nəzərdə tutulmuşdu. 2016-2017-ci illərdə həmin rayonlarda binaların tikintisi başa çatdırılıb, filiallar fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin iştirakı ilə 2016-cı il noyabrın 12-də “Azərxalça”nın Füzuli, 2017-ci il avqustun 20-də Şəmkir, dekabr 7-də Quba, 2018-ci il mayın 4-də Xaçmaz, avqustun 25-də isə İsmayıllı filiallarının açılışı olub.

Prezidentin sərəncamları ilə hazırda Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Lənkəran, Biləsuvar, Kürdəmir, Qobustan, Şabran, Goranboy və Tərtər rayonlarında xalça istehsalı emalatxanaları binalarının tikintisi və infrastrukturunun yaradılması sürətlə davam etdirilir. Ölkə rəhbərinin tapşırığı ilə 2019-cu ildə daha 10 xalça istehsalı emalatxanası yaradılacaq.

Bir məsələni xüsusi qeyd etmək lazımdır. Qarabağ bölgəsində tarixən zəngin çeşnili, qiymətli xalçalar toxunub. Tarixi Azərbaycan torpaqlarını işğal edən mənfur ermənilər dədə-baba yurdlarımızda qalan Azərbaycan xalçalarını öz sənət əsərləri kimi təqdim edirlər. Ancaq bütün dünyanın bildiyi həqiqət odur ki, xalçaçılığın vətəni Azərbaycandır və həmin xalçalar xalqımıza məxsus qədim çeşnilər əsasında toxunub.

Azərbaycan torpaqları işğal olunduqdan sonra məcburi köçkünə çevrilən insanlar arasında peşəkar xalçaçılar, rəssamlar, boyaqçılar, tacirlər, bir sözlə ömrünü bu sənətə bağlayanlar var. Dövlət başçısının tapşırığı ilə həm Qarabağ qrupu Azərbaycan xalçalarını yaşatmaq, həm də insanları işlə təmin etmək məqsədilə sərhəd bölgələrində, məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda xalça emalatxanalarının tikilməsinə üstünlük verilib. Təsadüfi deyil ki, “Azərxalça”nın ilk filialı məhz Füzuli rayonunun Horadiz qəsəbəsində yaradılıb. Bundan sonra Ağdam rayonunun Quzanlı qəsəbəsində xalça emalatxanası fəaliyyətə başlayıb. Vaxtilə indi işğal altındakı Ağdam şəhərində xalça fabriki olub. Quzanlı qəsəbəsində yaradılan emalatxanada çalışanların çoxu Ağdam şəhərindəki xalça istehsalı müəssisəsində işləyən qadınlardır.

Bu il isə Biləsuvar rayonu ərazisində məskunlaşan Cəbrayıl rayon sakinləri üçün xalça emalatxanası inşa olunur. Gələn il isə Goranboy rayonunun Ağcakənd qəsəbəsində “Azərxalça”nın Xocalı, Ağcəbədi rayonunun Taxtakörpü qəsəbəsində isə Laçın filialları yaradılacaq.

“Azərxalça”nın Yunəyrici-Boyaq Fabriki tikilir

Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan mühüm vəzifələrdən biri də xalçaçılıq üçün lazım olan xammalın ölkəmizdə istehsal edilməsidir. Ona görə də Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça”nın Yunəyrici-Boyaq Fabriki tikilir. Müəssisədə ildə 1500 ton kirli yun emal olunacaq, yun ipliklər istehsal ediləcək. Burada həmçinin boya prosesi də həyata keçiriləcək. İdxaldan asılılığı azaldacaq bu fabrikdə 100 nəfər işlə təmin ediləcək. Fabrikin xammalla təchizatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılır. Hər məntəqədə orta hesabla 300 ton yun qəbul olunacaq.

Xalçaçılığın kompleks şəkildə inkişafının təmin olunması, bu sahədə görülən işlərin sürətləndirilməsi üçün “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Bu sənəd qarşıdakı beş ildə xalçaçılığın inkişaf perspektivlərini özündə əks etdirir. Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin bir hissəsi artıq “Azərxalça” tərəfindən həyata keçirilib.

Bu proqramın qəbul olunması ilə Azərbaycan xalçaçılığında keyfiyyətcə yeni mərhələnin başlandığını deyə bilərik. Dövlətimizin başçısının böyük uzaqgörənliklə qəbul etdiyi dövlət proqramları həm xalqımızın milli dəyərlərindən sayılan xalçaçılığın yaşadılmasına, milli mədəniyyətimizin dünyada daha geniş şəkildə təbliğinə, həm də xalçaçılığın ölkəmizin iqtisadi inkişafının əsas hərəkətverici qüvvələrindən birinə çevrilməsinə öz töhfəsini verəcək.

Prezident İlham Əliyev xalçaçılıq sənətinin iqtisadi əhəmiyyətindən danışaraq deyib: “Azərbaycan xalçası çox yüksək keyfiyyətə malikdir və onun satış qiyməti də yüksəkdir. Beləliklə, həm ölkə daxilində, həm də xaricdə satılan xalçalar Azərbaycan iqtisadiyyatına töhfə verəcək, ölkəmizə valyuta gələcək və qeyri-neft sektorumuz da inkişaf edəcək”.

Göründüyü kimi, Prezidentin xalçaçılıqdan gözləntiləri çoxdur. Belə ki, xalça ixracı nəticəsində həm milli dəyərlərimiz, ölkəmizin tarixi, mədəniyyəti təbliğ olunur, həm də respublikamıza valyuta gəlir. “Azərxalça” Azərbaycan xalçalarının kütləvi şəkildə ixracına nail olmaq üçün beynəlxalq əlaqələrini genişləndirir. Xalçaçılıq üzrə ixtisaslaşmış beynəlxalq qurumlarla, şirkətlərlə, o cümlədən nüfuzlu nəşrlərlə əlaqələr yaradılır. “Azərxalça”nın ilk məhsulları 2017 və 2018-ci illərdə Almaniyanın Hannover şəhərində keçirilmiş ənənəvi DOMOTEX beynəlxalq xalça satış-sərgisində, ötən il sentyabrın 10-13-də ABŞ-ın Nyu-York şəhərində keçirilən Rug Show-da təqdim edilib. Londonda nəşr olunan “HALI” jurnalı 190-cı sayından etibarən öz səhifələrində “Azərxalça”nın fəaliyyətini ənənəvi xalı toxuma üsulunun bərpaçısı və təbliğatçısı, əl ilə toxunan xalçaların kütləvi istehsalçısı, Cənubi Qafqazda qədim xalçaçılıq ənənələrinin daşıyıcısı kimi işıqlandırır. Bundan başqa, Almaniyanın nüfuzli “Carpet XL” jurnalında “Azərxalça”nın məhsulları reklam olunur.

Xalça emalatxanalarında istehsal olunan məhsulların dünya bazarına çıxarılmasını təmin etmək məqsədilə ABŞ və Yaponiyada fəaliyyət göstərən şirkətlərlə danışıqlar aparılıb, ilkin razılıq əldə olunub.

Dövlət daim sizi dəstəkləyəcək

Azərbaycanda xalçaçılığın inkişafı böyük bir tarixi dövrə hesablanıb. Ona görə də “Azərxalça”nın fəaliyyəti genişləndirilir, filiallarının sayı artırılır. Prezident xalçaçılarla budəfəki görüşündə də hər zaman onların yanında olduğunu bildirdi, Azərbaycan xalçasına, beləliklə milli dəyərlərimizə hər zaman sahib çıxacağını bir daha bəyan etdi. İsmayıllı filialının açılışında ölkə rəhbərimizin dediyi “Dövlət daim sizi dəstəkləyəcək” sözü bu sahənin gələcək inkişafından, görüləcək nəhəng işlərdən xəbər verir: “Biz xalçaçılığın inkişafı ilə bağlı çox ciddi tədbirlər görürük. Bölgələrdə xalça fabriklərinin yaradılması bu işlərin bir hissəsidir. Bu, son müddət ərzində açılan sayca beşinci fabrikdir. İlin sonuna qədər daha beş fabrik açılacaq. Ümumiyyətlə, nəzərdə tutulur ki, ölkəmizdə 30 xalçaçılıq fabriki yaradılacaq və minlərlə insan, xüsusilə qadınlar işlə təmin olunacaqlar. Bu fabriklərdə çalışanlar da qadınlardır. Biz qadınlar üçün də iş yerləri yaradırıq. Burada istehsal olunan, toxunan xalçalar həm ölkə daxilində, həm də xaricdə satılacaq və beləliklə, Azərbaycan öz ixrac məhsullarını dünyaya daha da geniş formada təqdim edəcəkdir. Xalçaçılıq sənətinin gələcəkdə yaşaması üçün sizin əməyiniz, zəhmətiniz, istedadınız əsas rol oynayır. Mənə verilən məlumata görə, bu fabrikdə 150-yə yaxın insan işlə təmin olunub. Gələcəkdə işlər yaxşı gedərsə, bu fabriki böyütmək də olar ki, bu işə daha çox qadın cəlb olunsun”.

Bu, gələcəkdə bir rayonda bir neçə xalça istehsalı emalatxanasının yaradılacağı barədə xalçaçılara daha bir sevindirici xəbəri idi. Bu, həm də Azərbaycanın bədxahlarına verilən ciddi mesajdır. Azərbaycan milli dəyərlərinə, tarixi ənənələrinə sahib çıxmaq, belə fabriklər yaratmaq qüdrətindədir. “Azərxalça”nın İsmayıllı filialının açılışından cəmi bir gün sonra ölkə rəhbəri İsmayıllı xalçaçılarını sevindirdi. Dövlət başçısının müvafiq Sərəncamı ilə İsmayıllıda daha bir xalça istehsalı emalatxanası yaradılacaq.

Bu fakt onu deməyə əsas verir ki, müstəqil Azərbaycan xalçaçılıq sənəti yeni üfüqlər fəth etməkdədir.

 

Mənbə: Azertag.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR