Müsahibə zamanı edilən 5 önəmli səhv
Müsahibə işə qəbul prosesinin ən önəmli mərhələsidir. Bu mərhələdə namizəd bilik və bacarığının üzə çıxarılması üçün şans qazanır. Lakin əksər vaxt namizədlər bu vəziyyətdən istifadə edə bilmir, özünün bilik və bacarıqlarını təqdim etməkdə və ümumiyyətlə müsahibə prosesində çətinlik çəkir. Müsahibə zamanı aşağıdakı səhvləri etməkdən çəkinməyə çalışın. Çünki bu səhvlər, həqiqətən potensial namizəd olsanız belə işə götürülmə şansınızı azaldır.
1. Peşəkar olmayan xarici görünüş.
Geyim, ümumiyyətlə insan haqqında qarşı tərəfdə rəy formalaşması baxımından çox önəmlidir. Müsahibəyə gündəlik geyimdə və sadə formada getməyiniz müraciət etdiyiniz vəzifənin sizin üçün o qədər də əhəmiyyətli olmaması mənasını verir. Müsahibəyə işgüzar tərzdə geyinin. Bu zaman sizi daha ciddi namizəd kimi qəbul edəcəklər. Çox parlaq rənglər və uyğun olmayan aksesuarlar yaxşı qarşılanan hal deyil.
2. Müraciət edilən işin və təşkilatın araşdırılmaması.
Namizədlərin əksəriyyəti müraciət etdikləri işin öhdəlikləri və ümumiyyətlə şirkətin hansı işlə məşğul olduğunu araşdırmır. Ola bilsin ki, bu hər zaman sizdən soruşulmasın, amma soruşularsa bu haqda bilməməyiniz qəbul edilməzdir.
3. Stress intervyu zamanı aqressivlik göstərmək.
Bəzən namizədin gərgin vəziyyətlərdə davranış tərzini və qərar vermə prosesini yoxlamaq üçün namizəd müsahibəyə çağırıldığı vaxtdan əlavə olaraq gözlədilir və ya müsahibə zamanı ilk baxışda ona normal görünməyən suallar verilir. Bu zaman namizədin peşəkarlıq səviyyəsinin yoxlanılması, yə’ni gərgin vəziyyətlərdə davranış tərzinin ölçülməsi üçün belə addımlara əl atılır. Əgər belə situasiyalarda aqressivlik nümayiş etdirilirsə deməli namizəd gərgin iş qrafikində işləmək üçün uyğun deyildir. Belə vəziyyətlərdə aqressivlik göstərmədən soyuqqanlı şəkildə vəziyyətdən çıxmaq lazımdır. Bu, əsasən satış və müştəri ilə birbaşa işləyəcək şöbələr üçün işçi müsahibələrində edilir. Çünki, şirkətlərin əsas gəlir mənbəyi müştərilər olduğundan, müştəri məmnuniyyəti hər zaman şirkətlər üçün öndə olmalıdır.
4. Həyacanı nəzarət altında saxlaya bilməmək.
Həyəcan nə qədər təbii proses olsa da, bir o qədər də nəzarət altında saxlamaq mümkündür. Bizi həyəcanlandıran hər hansı bir məsələ haqqında həddindən çox fikirləşməyimiz və itirmə vəziyyətini qəbul edə bilməməyimizdir. Müsahibələrdə məsuliyyətli olmaq lazım olduğu kimi, bir o qədər rahat olmaq lazımdır. Əsas odur ki, işə qəbul olunmasanız sizin olan bir şeyi itirməyəcəksiniz. Bir şeyin olmasını çox istəyə bilərik, amma bu çox istəyimiz bizim o şeyə çatmağımıza əngəl törədən amil olmamalıdır.
5. Bədən dilindən istifadə etməmək.
Bədən dili, yəni mimika və jestlər insanın fikrini danışmaq istədiyi sözlərdən daha yaxşı ifadə edər. Ona görə də, hərəkətsiz vəziyyətdə danışmaq əvəzinə söz və fikirlərinizi daha dolğun çatdırmaq üçün uyğun mimika və jestlərdən istifadə etməyiniz sizi daha axtarılan namizəd edər.
Müəllif: Nüsrət Xəlilov
Mənbə: Banco.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət