Muğam Mərkəzində “Baku Summer Jazz Days” festivalının açılışı olub
Beynəlxalq Muğam Mərkəzi çoxsaylı musiqi layihələri həyata keçirir. Bu sıradan muğam-caz, etno-caz layihələri də tamaşaçı rəğbəti qazanaraq diqqət çəkir.
Trend-in məlumatına görə, Bakıda hər il ənənəvi olaraq keçirilən Bakı Beynəlxalq Caz Festivalı da məhz Muğam Mərkəzin səhnəsindən tamaşaçılarla görüşə gəlir.
Bu dəfə isə Beynəlxalq Muğam Mərkəzi “Baku Summer Jazz Days” Festivalına ev sahibliyi edir.
10-15 iyun 2019-cu il tarixlərində paytaxtımızda üçüncü dəfə “Baku Summer Jazz Days” Festivalı keçirilir. İyun ayının 10-da Beynəlxalq Muğam Mərkəzində festivalı dünyaca məşhur trubaçalan, bəstəkar, şoumen Erik Truffaz açdı. Həmin gün cazmen öz kvarteti ilə birlikdə çıxış etdi.
8 yaşından səhnədə olan musiqiçi, həm də bəstəkar kimi orijinal əsərlərin müəllifidir. O caz-rokdan dram-n-beysə kimi janrları qarışdırmaqla, elektron səs effektlərini tətbiq etməklə tamaşaçı qarşısına yeni musiqi ilə çıxaraq təkrarolunmaz kompozisiyaları ilə onları valeh edir. Bənzərsiz əsərlərini dəyərləndirən əsas məqam isə Erik Truffazın özünəməxsus tanınan çalğı üslubudur.
Bakının caz ənənəsinə özünəməxsus rəng qatan bu çoxşaxəli beynəlxalq layihə “Premier Art Management” Prodüser Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Gənc olmasına baxmayaraq, festival artıq dinləyicilərin rəğbətini qazanaraq öz pərəstişkarlarını tapmağa müvəffəq olub.
“Baku Summer Jazz Days” Festivalı çərçivəsində konsertlər Beynəlxalq Muğam Mərkəzində, həmçinin şəhərimizin açıq meydançalarında və xiyabanlarında keçiriləcək.
Biletləri ASAN xidmət mərkəzlərindən, şəhərin bütün kassalarından, Gənclik Mall və 28 Mall ticarət mərkəzlərindən həmçinin www.iticket.az. saytından əldə etmək olar.
Festivalın növbəti konserti Beynəlxalq Muğam Mərkəzdə 12 iyun tarixində reallaşacaq. Həmin gün BMM-in səhnəsində Adam Ben Ezra triosu (İsrail) çıxış edəcək.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət