Müəllimlərin işə qəbulu elektron qaydada aparılacaq
8-9 sentyabr tarixlərində 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu aparılacaq.
Nazirlikdən Trend-ə verilən məlumata görə, bu ilin sentyabrından etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi tərəfindən proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.
Müvafiq prosesdə iştirak etmək üçün müəllimlərin işə qəbulu üzrə builki müsabiqəyə qatılan namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Bu tura həmçinin ötənilki müsabiqədə iştirak etmiş namizədlər də qatıla bilər. Onlar miq.edu.az saytı vasitəsilə yenidən qeydiyyatdan keçdikdən sonra vakant yeri seçərək ərizələrini təsdiqləməlidirlər. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər iki vakant yer seçmək hüququna malikdirlər.
Müddətli müqavilə ilə işə qəbul zamanı həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə isə musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri üzrə 42, digər fənlər üzrə 48 bal müəyyən edilib.
Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif üzrə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət