Mübariz Məsimovun hüquqlarının müdafiə komitəsi müraciət yaydı
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların yaratdığı Mübariz Mənsimovun Hüquqlarının Beynəlxalq Müdafiə Komitəsi Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğana və Ədalət Nazirliyinə bəyanatla müraciət edib.
Bununla bağlı Toplum TV-yə Mübariz Məsimovun Hüquqlarının Beynəlxalq Müdafiə Komitəsi məlumat verib.
Bəyanatda deyilir: "Hörmətli Rəcəb Tayyib Ərdoğan! Türkiyə Respublikasının Adalet Bakanlığı! Öncə çox təəssüflə bildirmək istəyirik ki, tanınmış azərbaycanlı iş adamı, xeyriyyəçi, gənc nəslin maarifləndirilməsi üçün daim təhsil proqramlarını maliyyələşdirən "Palmali" Şirkətlər Qrupunun təsisçisi Mübariz Mənsimov artıq neçə gündür ki, Türkiyə Respublikasında həbs edilib. Məhz bu, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir araya gəlməsinə səbəb olub və biz Mübariz Mənsimovun Hüquqlarının Beynəlxalq Müdafiə Komitəsini yaratmaq məcburiyyətində qalmışıq. Komitə müstəqil qurumdur və heç bir dövlət, qurum, şəxs qarşısında siyasi, hüquqi, mənəvi öhdəliyi yoxdur. Bizim məqsədimiz ən qısa zaman ərzində Mübariz Mənsimovun azadlığına nail olmaq və onun öz fəaliyyətini bərpa etməsidir”.
Bəyanatda daha sonra deyilir: "Bildiririk ki, azərbaycanlı iş adamı Mübariz Mənsimov çirkin bir yalana məruz qalmışdır. Türkiyə Cümhuriyyətinə böyük yatırımlar etmiş bu iş adamı bütün fəaliyyəti boyunca xeyriyyəçiliyi təbliğ etmiş, Türkiyə və Azərbaycan qardaşlığının inkişafına çalışmışdır. Habelə o, yüzlərlə tələbəyə, saysız-hesabsız Azərbaycan və Türkiyə vətandaşına maddi-mənəvi yardım etmişdir”.
Sənəddə həmçinin Türkiyə rəhbərliyinə müraciətlə vurğulanır: "Biz, bu bəyanata imza atan şəxslər dünyanın ən müxtəlif ölkələrində yaşayan siyasi xadimlər, jurnalistlər, yazarlar, ictimai fəallar, sadə vətəndaşlarıq. Hesab edirik ki, bu bəyanata dünyanın bütün vicdanlı Azərbaycan vətəndaşları imza atarlar. Biz Sizdən Mübariz Mənsimova atılan çirkin yalanların ədalətlə araşdırılmasını, millət və dövlətlər qarşısında xidmətlərini nəzərə alaraq, onun istintaq zamanı azadlıqda qalmasını təmin etməyinizi xahiş edirik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox