Slimfit
  1. MARAQLI

Müasir almanın vətəni haradır?

Müasir almanın vətəni haradır?
Sakura

Müasir almanın vətəni haradır?

Rusiyalı alim Malus sieversii-nin yediyimiz almanın əcdadı olduğunu müəyyənləşdirən zaman, Qazaxıstan meşələri bu meyvə ilə zəngin idi.

İndi isə meyvə təhlükə altındadır.

Qışın soyuqqanlılığı artıq Tyan-şan dağ silsiləsinin zirvələrini ağuşuna alıb və küləklər uca ağacları çılpaq qoyub.

"Çox soyuqdur," Trekking Club Qazaxıstanın bələdçisi Aleksey Raspopov avtomobilindəki termometrə işarə ilə deyir.

Biz, Qazaxıstanın ikinci ən böyük şəhəri Almatıdan çıxırdıq.

Turgen dərəsinə doğru maşınla təxminən iki saat yol qət etdikdən sonra, ayaqla davam etdik.

Dırmanmaq çətin olmasa da, kəskin külək barmaqlarımdakı hissiyyatı getdikcə zəiflədir və Raspopova bura ilə bağlı verdiyim sualları ağzımdan alıb aparırdı.

"Hər şey çox dəyişib," o, Sovet İttifaqı dağıldıqdan sonra baş verən dəyişikliklərə - artan çirklənmə və əriyən buz səthinə - nəzərən deyir.

Bir vaxtlar Qırğızıstana qədər uzanan Tyan-şan dağlarının Trans-İli Alatau hissəsinin ətəyini bəzəyən yabanı alma və ya Malus sieversii ilə dolu meşələrin qırılması dəyişikliyin canlı nümunəsidir.

Tanınmış rus alimi Nikolay Vavilov ilk dəfə 1929-cu ildə Malus sieversii-ni almanın əcdadı kimi müəyyənləşdirən zaman, regionun meşələri qalın idi və bar bol idi.

"Şəhərin ətrafında dağ ətəklərini örtən yabanı almaları görmək mümkündür," o dövrdə Qazaxıstanın paytaxtı olan Almatıya ilk səfərində Vavilov yazırdı.

"İnsan öz gözləri ilə, becərdiyimiz almanın mənşəyinin bu gözəl ərazi olduğunu görə bilər."

Vavilov bu sözlərini, genetik müxtəlifliyin yüksək səviyyədə olduğu yerlərin, növlərin "mənşəyinin mərkəzi" olması ideyasına əsasən demişdi.

Onun yediyimiz almaların Almatıdan dünyaya yayılması ilə bağlı müşahidələri artıq müasir genetika sayəsində təsdiqini tapıb.

"Nə vaxtsa insanlar yaxşı və məhsuldar ağacların toxumları, kökləri, budaqları və ya tinglərini götürüb başqa yerlərdə əkməyə başlayıblar," ABŞ Kənd Təsərrüfatı Departamentindən (USDA) bitki fiziologiyası üzrə tədqiqatçı Gayle Volk deyir.

"Bəzi hallarda isə bu ağaclar başqa regionlarda yetişən yabanı alma ilə hibridləşdirilib - calaq olunub. Beləliklə, seleksiya prosesi davam edib."

Zənn edilir ki, meyvənin daha uzaqlara çatmasına səbəb, İpək Yolu olub. Və Şimali Amerikaya Avropa müstəmləkəçiləri tərəfindən aparılıb.

Almanın kökünü Almatı ilə elmi şəkildə bağlayan ilk şəxs olmasına baxmayaraq, onun regiona təsirini müşahidə edən birinci adam Vavilov olmayıb.

"Almatı əvvəllər Alma-Ata adlandırılırdı," Raspopov mənə deyir.

"Mənası 'almaların atası' deməkdir," o, uşaq yumruğu boyda yamyaşıl almanı mənə uzadaraq əlavə edir.

Turşməzə olduğu qədər şirin və xırtıldayan bu almanı o, yaxınlıqdakı budaqlardan dərməmişdi.

Bu boş budaqların barı fərqli ölçülü, dadlı və formalı olur və Raspopov-un dediyinə görə, onları yemək olmaz.

Amma onun mənə uzatdığı alma calağa məruz qalan növdən idi.

"Qazax xalqı, Almatı camaatı alma ilə fəxr edirlər. O, buradan yaranıb."

Bunu şəhər boyu hiss etmək mümkün idi. Alma şəkili ilə bəzənən reklam lövhələrində Almatının "min rəng şəhəri" şüarı da yer alır.

Qazaxıstanın ən böyük muzeyi sayılan Kastayev Dövlət İncəsənət Muzeyində almalar yağlı boya rəsmlərindən tutmuş dəmir heykəllərə qədər hər yeri bəzəyir.

Daha böyük və daha ictimai mənada binaların fasadlarında alma freskaları yer alır.

Şəhərin ən məşhur yerlərindən biri olan Kok Tobe dağının qarşısındakı alma-şəkilli nəhəng qranit fontan yerləşir.

Qonaqları dağın başına aparan kanata gedəndə içi plastik almalarla doldurulmuş Sovet dövründən qalma sarı maşına baxmaq üçün səbirlə gözlədim. Qeydiyyat nömrəsi yerində isə 'I love Almaty' (Almatını sevirəm) yazılmışdı.

Şəhərin Yaşıl Bazarında yerləşən fermerlər bazarında soyuğa baxmayaraq, yerlilər alış-veriş edirlər.

Hündür piramida şəklində üst-üstə yığılan almalar bütün bazarı bəzəyir. İstənilən piştaxtaya yaxınlaşan zaman bir dilim almaya qonaq olursan.

Malus sieversii müasir almanın əcdadı olduğu kimi, Yaşıl Bazar da qazax mətbəxinin sıfır nöqtəsidir.

Hər piştaxta ölkəni kulinariya tarixini əsasını təşkil edən bir inqrediyent və ya elementi əks etdirir.

Bir zamanlar köçəri həyat tərzi sürən qazaxların ən yaxşı qidası sayılan at əti üçün ayrıca guşə var.

Sonra Koreya ədviyyatları və məhsulları ilə zəngin başqa bir hissə var. 1910-cu ildə Coson sülaləsi parçalanqıdan sonra, Rusiyaya köçən və 1937-ci ildə Stalin tərəfində Sovet Rusiyasından məcbur deportasiya edilən koreyalılar Mərkəzi Asiyaya yerləşirlər.

Bir də hər yerdə üstü bol şüyüdlə örtülən sonsuz növdə tutmalar satılır.

Ölkənin ən əsas yeməklərini hazırlamaq üçün lazım olan hər şeyi burada tapmaq mümkündür.

Məsələn, Mərkəzi Asiyada düyüdən hazırlanan plovu götürək. Qazaxıstanda quzu əti, yerkökü və soğanla bişirilən bu ənənəvi təam, süfrəyə alma formasında təqdim olunur.

Regionda Malus domestica (almanın indiki halı) fəxrlə qəbul edilsə də, Qazaxıstanın yabanı almaları qulaqardına vurulub.

Malus sieversii hazırda Təbiətin Qorunması üzrə Beynəlxalq İttifaqın (ICUN) Qırmızı Siyahısına nəsli kəsilməkdə olan növ kimi salınıb.

Qalan meşələr üçün potensial təhlükələr sırasına yaşayış və kommersiya tikililərinin artımı, mal-qara fermerliyi və meşələrin qırılması daxildir.

Bu yaxınlarda İtaliyanın Slow Food Fondu tərəfindən Trans-İli Alatau dağ ətəklərində qalan meşələri qorumaq naminə bir sıra addımlar atılıb (meşəyə girmək üçün ziyarətçilər icazə almalıdır).

 

Bu layihə Cultures of Resistance Network tərəfindən maliyyələşdirilir.

"Slow Food yavaşlamaq və yedikərimizə diqqət etməyin sadəcə həyat tərzi seçimi olmadığını bizə yenidən xatırladır," Cultures of Resistance Network-ün direktoru Iara Lee deyir.

"Məqsəd diqqəti gəlir əsasında ətraf-mühitə ziyan vuran və ya dağıdan korporativ fermerliyə alternativ aqroekologiya modellərinə yönəltməkdir. İndi alternativ modellərə daha çox ehtiyacımız var."

Vavilovun Almatıya ilk səfərində insanını destruktiv təbiətini öncədən müəyyən edib-etməməsini təsəvvür etmək çətindir.

Lakin bu uzaqgörən alim, Malus sieversii-ni qorumaq naminə tumlarının toplanmasını təmin etmişdi.

O, həmin tumları Leninqradda (indiki Sankt-Peterburq) yerləşən dünyanın ən birinci gen bankında öz 250 minlik tum, meyvə və köklər kolleksiyasına əlavə edib.

1941 və 1944-cü illərdə Leninqradın mühasirəsi zamanı gen bankında işləyən bəzi botaniklər oradakı tumları yeməkdənsə, acından ölməyə üstünlük veriblər.

Vavilov özü də hakimiyyət tərəfindən sürgün edildiyi qulaqda acından ölüb.

Nə yaxşı ki, onun irsi bu günə qədər yaşayır. Artıq Vavilov adına Bitki Sənayesi İnstitutu (VIR) adlandırılan gen bankı Rusiyada yeganə bənzəri müəssisəsidir.

"Biz bitkiləri Vavilovun nəzəriyyələri və yanaşmaları əsasında toplayır, qiymətləndirir, qoruyur və istifadə edirik," institutun çovdar, arpa və yulaf genetikası resursları şöbəsinin rəhbəri İqor Loskutov deyir.

"Biz genetik müxtəliflik və genetik eroziyanın qarşısını almaq üzrə işləyirik. VIR təkcə Rusiya üçün yox, bütün insanlıq üçün mühüm əhəmiyyət daşıyır."

Volk da onunla razılaşır: "Öz təbii və doğma təbiətində yabanı növlər həmişə daha əhəmiyyətlidir, amma gen bankları vəhşi növləri əlçatan edir və gözlənilməz hallarda bir növ ehtiyat qüvvə rolunu oynayır."

Arzu edirəm ki, Almatının yabanı alma meşələri üçün gözlənilməz hal heç vaxt yaşanmaz.

Müasir almanın doğulduğu yerdə Vavilovun işi, onun cəsarətli həmkarları və müasirlərinin işi adını tarixə alma ilə cüt yazdıran şəhər üçün bir qeyddir sanki.

Onların işini təntənəli şəkildə qeyd etmək üçün mən küçələrin birindəki bir piştaxtaya yaxınlaşıb, yaşıl-qırmızı rəngli alma aldım.

Ləzzətli idi.

 

Mənbə: Virtualaz.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR