Moskvanın ən məşhur mağazalar şəbəkəsinə azərbaycanlı rəhbərlik edəcək
Rusiya paytaxtının mərkəzində mağazalara sahib olan və hazırda kreditorlar tərəfindən təqib edilən “Mosxoztorq” şəbəkəsi artıq təsisçilərinə aid deyil. Dekabrın ortalarından şirkətin yeganə təsisçisi “Falcon Home Distribution” şirkətidir. 2019-cu ilin sentyabr ayından etibarən onun yeganə sahibi Azərbaycan vətəndaşı İlqar Səfərovdur.
RBK bu barədə hüquqi şəxslərin vahid dövlət reyestrinə əsasən xəbər verib.
Bundan əvvəl MXT MMC-nin 39,5 faizi pərakəndə satış qurucularından biri olan İlya Polyaçkova məxsus idi. Polyaçkov RBK-nın bu barədə sorğusuna cavab verməyib.
Bildirilir ki, 2019-cu ilin 12 dekabrında Bolqarıstanın paytaxtı Sofiyada qeydiyyatdan keçmiş “Falcon Home Distribution” şirkəti mebel, parça, ayaqqabı və digər malların satışı ilə məşğul olur.
2019-cu il ərzində “Mosxoztorq” səhmdarlarının tərkibi dəfələrlə dəyişib. Keçən ildən şirkət ödənişləri gecikdirməyə başladığı üçün MXT MMC məhkəməyə verilib. Hazırda şirkət 53 işdə 149,6 milyon rubl məbləğində (4114000 AZN) cavabdeh kimi çıxış edir.
Sentyabr ayının əvvəlindən etibarən Moskva Arbitraj Məhkəməsi MXT MMC-nin iflas iddiasına baxır. Üç fərdi sahibkar - Dmitri Mazur, İqor Muravlev və Dmitri Perepeçenov şirkətin ödəmə qabiliyyətli olmadığını tanımasını tələb edirlər.
Hələlik məhkəmə işi 2020-ci ilin 17 yanvarına qədər dondurub.
Ev əşyaları sahəsində ixtisaslaşan “Mosxoztorq” zənciri 2015-ci ildə kirayə qiymətlərinin aşağı olması səbəbindən Moskvanın mərkəzi və ən bahalı alış-veriş küçələrində mağazalar açmağa başladığı zaman məşhur olmuşdu.
Hazırda “Mosxoztorq” öz mağazalar şəbəkəsini azaltmağa davam edir: əgər keçən ilin dekabr ayında 65 mağazası var idisə, indi şirkətin saytında cəmi 11 mağazanın qaldığı bildirilir.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət