Moskva metrosunda virtual kitablar olacaq
2018-ci ilin sonuna qədər Moskva metropoliteninin bütün stansiyalarında və qatarların vaqonlarında virtual kitab rəfləri yaradılacaq.
AZƏRTAC bu barədə RİA “Novosti” agentliyinə istinadla xəbər verir. Rusiya paytaxtı meriyasının məlumatında vurğulanır ki, sərnişinlər həmin kitabları onlayn rejimdə və ya öz mobil qurğularına pulsuz köçürərək oxuya biləcəklər.
Qeyd edilir ki, bu məqsədlə gələcək oxucular smartfon kamerasının və ya xüsusi proqram əlavəsinin köməyi ilə seçdikləri bu və ya digər kitaba istinadların şifrlənmiş QR-kodlarını skanlamalı olacaqlar.
Metrodakı elektron kitabxanadan həm moskvalılar, həm də RF paytaxtının qonaqları istifadə edə bilərlər. Hazırda həmin kitabxanada Aleksandr Puşkindən Cek Londona qədər rus və dünya ədəbiyyatı klassiklərinin 100-dən çox əsəri toplanıb.
Bundan əlavə, Moskva metropolitenində pulsuz kitab mübadiləsi servisi inkişaf etdirilir. Oxucular “Canlı ünsiyyət” adlanan xüsusi rəfdə xoşladıqları kitabı oradan götürmək və ya öz kitablarını həmin rəfə qoymaq imkanı əldə edəcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət