Slimfit
  1. ARXİTEKTURA

Möminə Xatun türbəsi

Möminə Xatun türbəsi
Sakura

Möminə Xatun türbəsi — Məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq…

Möminə Xatun türbəsi — Məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biri. Naxçıvan şəhərinin tarixi mərkəzində — Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir.

Əcəmi Naxçıvaninin dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Naxçıvan memarlıq məktəbinin, bədii memarlıq səviyyəsinin gözəl nümunəsi kimi şəhərin mərkəzində yüksəlir.

 

Tarixi

 
Baştağın və minarələrin görünüşü

Türbənin uca gövdəsini yuxarıda qapayan yazıda – abidənin baş kitabəsində yazılmışdır: "...bu türbəni dünyanın elmli, adil məliki, böyük qalib Şəmsəddin Nüsrət əl islam və əl müslimin Məhəmməd Cahan Pəhləvan|Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz ...dünyanın və dinin cəlalı, islamın və müsəlmanların namusu Möminə xatunun xatirəsinə tikməyi əmr etdi!..." Memarlıq tarixi tədqiqatçısı Əjdər Ələsgərzadə baştağ çərçivəsinin üstündə abidənin tikilmə tarixinin "məhərrəm 582" (miladi 1186)–cı ilin yaz çağı olduğunu aydınlaşdımışdır. Türbə yaxınlığında olmuş baştağın kitabəsindəki məlumata və tarixi qaynaqlara görə belə bir nəticəyə gəlinmişdir ki, "...türbə Məhəmməd Cahan Pəhləvanın ölümündən bir az öncə bitmiş, baştağ isə onun ölümündən sonra tikilmişdir. Şübhəsiz ki, Məhəmməd Cahan Pəhləvanın özü də bu türbədə dəfn edilmişdir". Tədqiqatçı Cəfər Qiyasi bu fikrə onu da əlavə edir ki, yerli əhali arasında abidənin "Atabəy Günbəzi" adlandırılması türbənin Atabəylərin soy türbəsi olduğuna nişanədir.

 

Memarlıq xüsusiyyətləri

Memar Əcəmi bu türbəni Yusif Küseyir oğlu Türbəsindən 26 il sonra inşa etmişdir. Ona görə də bu sənət əsərində memarın ustalığının, müdrikliyinin artması ilə yanaşı sifarişçinin nüfuzu və böyüklüyü də əks olunmuşdur. Möminə xatun türbəsinin ümumi quruluşu – sərdabə və qüllə, kompozisiyanın inkişaf yolu, memarlıq tutumlarının düzümü öncəki türbədə olan sayaq, dəyişməz qalır. Bununla birgə memar yeni, zəngin ifadə vasitələri ilə bu əsərinə bənzərsiz, daha yüksək bədii görkəm vermişdir.

Möminə xatun türbəsinin tərtibatında Əcəmi qülləli türbələrə xas olan bütün xüsusiyyətləri özünün əvvəlki əsərlərindən də daha aydın və parlaq ifadə etmişdir. Bu türbə Yusif-ibn Küseyr türbəsindən yaınız özünün ölçüləri və bədii baxımından zəngin tərtibatı ilə fərqlənmir. Onun memarlıq həllində kompozisiya priyomları, memarlıq forma və üsulları daha mükəmməl inkişafa malik olmuşdur.

Türbə, kiçik tikililər arasında xüsusi seçilən, təxminən 25 metrlik onbucaqlı həcmə malikdir. XIX əsrin və XX əsr əvvəllərinin rəsm və fotoşəkilləri onun vaxtilə böyük bir ansamblın tərkib hissəsi olmasını təsdiq edir. Türbə qırmızı dioritdən olan qaya daşları ilə örtülmüş postament (altlıq) üstündə ucaldılmışdır.

   Türbənin yan kəsimi və təməl planı

Mömünə Xatun türbəsi öz sələfindən ilk öncə ölçü böyüklüyü və plan biçiminin mürəkkəbliyi ilə seçilir. Türbənin sərdabəsi planda onbucaqlıdır. Aşırımı on metrə yaxın (Yusif Küseyir oğlu Türbəsində 5,2 m) sərdabəni yastı kərpic günbəzlə örtmək olmazdı. Örtülsəydi günbəzli sərdabə uca üst qüllə üçün dayanıqlı özül yaratmazdı. Bu səbəbdən Əcəmi alt qatın möhkəmliyinə xüsusi fikir vermiş, 38 il əvvəl Qırmızı Günbəd sərdabəsində işlədilən konstruktiv fəndi inkişaf etdirmişdir – ucaltdığı sərdabənin ortasında qalın onüzlü dayaq qoymuşdur. Dayağın üzləri yan tərəflərə sivri tağbəndlərlə birləşdiyindən göbələkvari bütöv və dayanıqlı örtük konstruksiyası yaranmışdır.

Göbələkvari dayağın gözəlliyini və işlənmə effektini daha da artırmaq məqsədi ilə memar onun tinlərindən qarşı künclərə kərpic qabırğalar – nervürlər atmışdır. Bu qabırğalar ulduzvari karkas yaratmışdır. Bu karkas da biçimcə abidəni bəzəyən və riyazi ahəngdarlığa əsaslanan naxış quruluşları ilə bir köklüdür. Karkasların araları saya naxışlı kərpic hörgüsü ilə üzləndiyindən konstruksiyanın tektonik gözəlliyi daha aydın duyulur.

Mömünə Xatun türbəsinin sərdabəsində yerli gələnəklərə dayanan bir konstruksiyanın təkamül prosesi sanki başa çatır. Bu prosesin ən sürətli mərhələsi Atabəylərin hakimiyyəti dövründə keçir – Qırmızı Günbəd Türbəsi – Gilan Türbəsi – Mömünə Xatun Türbəsi. Bu da Azərbaycan tarixində həmin dövrün elmi – bədii yüksəlişinin zirvəsi idi.

Təkcə Azərbaycan memarlığında deyil, ümumən İslam memarlığında ən uca və incə kompozisiyalı türbələrdən biri olan Mömünə Xatun türbəsinin belə uzunömürlüyü ilk olaraq onun mühəndis həllinin bitkinliyi ilə bağlıdır. Memar Əcəmi öz şah əsərində təkcə bədii təfəkkürün dərinliyi, zövq incəliyi deyil, eləcə də geniş riyazi biliyə və zəngin yaradıcılıq təcrübəsinə əsaslanan mühəndislik dühası nümayiş etdirmişdir. Abidənin dayaq sistemi, xüsusilə sərdabəsinin quruluşu ilə tanışlıq əyani göstərir ki, memar öz çağında "mühəndislər başçısı" adını layiqincə almışdır.

Türbənin yerüstü qülləsinin plan biçimi bayırda onbucaqlı, içəridə dairəvidir. Araşdırmalar göstərmişdir ki, onbucaqlı plan seçilməsi təsadüfi deyildir. Mömünəxatun türbəsinin plan-məkan quruluşu bütövlükdə onluq prinsipi üzrə qurulmuşdur. Bu da böyük mütənnasiblik və ahəndarlıq yaradan qızıl bölgünün əsasıdır.

Sərdabə və bayır üzlərdən fərli olaraq, Əcəmi qüllənin interyerində mürəkkəblikdən uzaq olmuş, sayalığa və bütövlüyə üstünlük vermişdir. İç məkanın uca silindrik tutumu sferokonik günbəzlə örtülüdür. Onun əyri səthlərində bünbəzdəki bacaya qalxan dolama pilləkənin izləri qalmışdır. Bu göstərir ki, Mömünə Xatun türbəsində günbəzlərarası məkana qalxmaq üçün Xərrəqan türbələrindəkindən fərqli olaraq açıq pilləkən qurulmuşdu. Ola bilsin ki, interyerin silndrik hissəsində suvaqla örtülü hissələr divar rəsmləri ilə bəzədilibmiş. İnteryerdə son dövrün suvağı altından abı rəngli yazı zolağının çıxması onun divar səthlərində əvvəllər müəyyən bəzək işləri olduğuna inam yaradır.

Türbənin hündür olmayan kürsülüyü onüzlü biçimdə olub, cilalanmış iri diorit lövhələri ilə üzlənmişdir. Onun üzərində üyni biçimçi qüllənin uca kərpic tutumu yüksəlir. Üst piramidal örtüyü uçulmuş türbənin indiki yerüstü ucalığı 25 metrə yaxındır. İlkin halında isə onun hündürlüyü 35 metr olmuşdur.

Əcəmi Yusif Küseyir oğlu üçün ucaltdığı türbədə o çağın memarlıq təcrübəsində geniş yayılan səkkizüzlü gövdə işlətdiyi halda, Mömünə Xatun türbəsi üçün az tuş gəlinən onüzlü prizma seçmişdi. Buna bənzər biçim Gürgandakı Kabus Günbədidir (1006) ki, onun çox uca silindrik kütləsini 10 qabırğa dikinə bölmüşdür. Mömünə Xatun türbəsindən 10 il öncə Marağada tikilmiş Dairəvi Günbəd Türbəsində isə iç məkan onüzlüdür.

Əcəmi türbənin bayır tutumunu onüzlü etməklə güclü komozisiya vertikallığı və geniş tərtibat imkanları əldə etmişdir. Memar yuxarıya yönəlməni başqa fəndlərlə də gücləndirmişdir, künc dayaqlar qalın və gözəçarpan olduğundan üzlərdəki tağçalar dar, dərin və çox uca alınmışdır. Sivri stalaktit quruluşu ilə tamamlanması bu tağçalara daha dinamik və incə biçim vermişdir. Onların vertikal ritmi türbənin gövdəsində güclü dikinə hərəkətlilik törədir. Buna görə də xatirə abidəsi olduğundan daha uca, incə və əzəmətli görünür.

Gövdənin prizmatik kürsü üzərinə qaldırılması, şiş piramidal günbəzlə tamamlanmasını beləcə mürəkkəbləşdirməklə sənətkar memarlıq biçimlərinin yuxarıya qalxımını xeyli yüngülləşdirmişdir. Bununla yanaşı bu zaman qüllənin bütün memarlıq ayrıntılarında bədii bitkinlik konstruktiv məntiqiliyə əsaslanmışdır. Gözəl memarlıq, məkan və mühəndis həlli olan yeraltı sərdabə möhkəm özül kimi bütün abidənin dayanıqlılığını təmin etməkdə əsaslı rol oynamışdır. Türbənin ümumi mühəndis həllinin möhkəmliyini isə uca gövdənin tinlərinin yaratdığı karkas quruluşu və ikiqatlı günbəz örtüyü (iç sferonik, dış piramidal) tamamlanmışdır.

Ucalıq, incəlik Mömünə Xatun türbəsində yüngül, keçici kövrəkliyə endirnməyib epik, monumental vüsətin, şahanə böyüklüyün açılışına xidmət edir.

 

Fasadı

Möminə Xatun türbəsinin yuxarı hissəsində yerləşən kitabəli friz
Türbənin giriş baştağı və memarın adı yazılmış kitabəsi

Türbənin qülləvari prizmatik tutumunun təmiz həndəsi gözəlliyini pozmamaq üçün memar giriş qapısı olan şərq üzünü xüsusi tutum və bəzəklərlə o biri üzlərdən kəskin ayırmamışdır. Qülləyə düzbucaqlı giriş qapısı dayaz sivri tağça içərisinə salınmış, onun üstündə kərpicdən kufi xətti ilə "Bənna Əcəmi Əbu Əkr oğlu" kitabəsi yığılmışdır. Bunları içinə alan saya baştağ kompozisiyasının üstündə, tinləri birləşdirən düzbucaqlı çərçivədə eyni xəttlə türbənin tikinti tarixi yazılmışdır.

Sivri tağçaların yanları naxışlı incə sütuncuqlarla (diametri 15 sm), yuxarısı iri pətək gözləri ilə qapanmış, iç səthləri bir-birini təkrar etməyən mürəkkəb həndəsi naxışlarla üzlənmişdir. Səthlərə yüksək estetik görkəm verən bu dürlü naxış çeşinləri düz cizgi gözəlliyi, ümumi həndəsi harmoniya prinsipləri, anlam və quruluş dolğunluğu ilə bir kökə bağlıdır. Ona görə naxış kompozisiyalarının müxtəlifliyi məkan bütövlüyünü pozmadan abidənin görüşündə dəyişgənliyi və dinamikanı artırır.

Üzlərdəki sivri tağçaların bəzəyində işlədilmiş parlaq göy-firuzəyi kaşılı kərpiclər bişmiş kərpicin ümumi qırmızımtıl koloriti fonunda təsirli vurğular, qovşaqlar əmələ gətirir. Bu vurğular mürəkkəb naxış çeşnilərinin qavranılmasını asanlaşdırıb, rəng həllini zənginləşdirməklə yanaşı tağçaiçi səthlərə məxsusi incəlik və vizual dərinlik gətirir.

Onüzlü gövdənin tinləri yuxarıda birləşərək üzlərdəki sivri tağçaları П şəkilli çərçivə içərisinə alır. Əcəmi bu çərçivələri başdan-başa incə epiqrafik naxışlı – düzbucaqlı hərflərin dik elementlərinin bir-birnə sarınaraq mürəkkəb hörmələrə çevrildiyi ecazkar bədiiliyi olan kufi xəttli yazılarla örtmüşdür. Kərpicdən yığılan bu yazı yelənlərinin yerliyi çox incə işlənmiş bitkisəl gəc naxışlardır. Bu kitabələri oxumuş Ə. Ələsgərzadə belə nəticəyə gəlmmişdir ki: "Onüzlü türbənin bütün üzləri kənarlardan Yasin surəsinin mətni ilə haşiyələnmişdir. İki dəfə təkrar olunmaqla bu surə, bir dəfə bir üzdən beş üzə, o biri dəfə altı üzdən on üzəcən davam edir. Hər üzdə yazı sağda aşağıdan başlayıb yuxar qalxır, sonra yuxarıda üfüqi davam edir və soldan aşağı enir."

Yasin surəsi ilə haşiyələnmiş üzləri lap yuxarıda başqa bir yazı qurşağı birləşdirir. Bu, türbənin sifarişçisini və kimin xatirəsinə inşa edilməsini göstərən əsas kitabədir. İstər abidənin tutum kompozisiyasında yerinə, istər hərflərinin iri ölçülərinə (qurşağın ündürlüyü 98 sm-dir), istərsə də materialına və rənginə görə bu kitabə başqalarından seçilir və onun üstün mövqeyi bütün vasitələrlə gözə çarpdırılmışdır.

Kitabənin yazılarının yerliyi bir qədər seyrək hörülmüş adi bişmiş kərpiclərdir. Bu qırmızımtıl cod yerlikdə iri göy kaşı hərflərin parıltılı və sığallı biçimləri daha aydın görünür. Həm kərpiclərin seyrək hörgüsü, həm də hərflərin iriliyi və göylüyü yazı qurşağının uzaq məsafədən yaxşı baxılmasına hesablanmışdır.

İri və xırda qrafik elementlərin ahəngdar düzümü, sətir sırasından yuxarıya qalxan vertikal hərflərin təntənəli ritmi, yerliyin boş sahələrinə düşən dekorativ biçimli işarələr, faktura və rəng təzadı baş kitabəni təkcə məzmunlu monumental xəttatlıq örnəyinə deyil, həm də gözəl naxış kompozisiyasına çevirmişdir. Yusif Küseyir oğlu türbəsində böyük olmayan gövdəni yazı qurşağı ilə tamamlayan Memar Əcəmi Mömünə Xatun türbəsində kitabə qurşağının üstündə tacvari stalaktit kəməri vermişdir. Kompozisiyanın təntənəli biçiminə uyğun gələn, sivri tağçaların stalaktik sonluqlarının məntiqi inkişafı olan bu kəmər səkkizüzlü uca piramidal günbəzə də gözəl keçid yaradır.

Azərbaycanın qülləvari türbələrində karniz qurşağı olaraq stalaktitlərə ilk dəfə Mömünə Xatun türbəsində rast gəlinir. Onun yüksək plastik biçimi memarlıq surətinə özümlü təntənə gətirir. Bununla da, Əcəmi mövcud biçimi onun ideya-bədii dəyərini gücləndirən yerdə işlədir. Mütəxəssislər isə bunu cəsarətli sənətkar tapıntısı kimi qiymətləndirirlər.

Möminəxatun türbəsinin bütün üzlərində stalaktitlərlə bəzənmiş tağlar vardır. Stalaktit və tağlar adi və kaşılı kərpicdən düzəldilən ornamentlərlə örtülmüşdür. Türbənin üzərində kitabələrdən ibarət memarlıq bəzək elementləri diqqəti cəlb edir.

Möminə xatun türbəsinin üzərindəki ornament bəzəkləri sənətkarın tükənməz fantaziyaya malik olduğunu göstərir. Bütün səthlərin ornamenti müxtəlifdir, təkrara yol verməmişdir. Lakin onun məharəti ondadır ki, müxtəlifliklə bərabər bütün ornamentləri eyni səciyyədə yaratmış və beləliklə, abidənin ümumi vəhdətini saxlaya bilmişdir.

Səthlərin həndəsi ornamentinin əsasını çoxuclu ulduz və ondan gedən süvari xəttlər təşkil edir. Burada 5,6,8 uclu ulduzlara və 6,8 bucaqlı quruluşlara təsadüf edilir.

Türbənin ancaq qərb səthi başqa şəkildə həll edilmişdir. Burada səth iki yerə bölünmüş, aşağı hissəsində giriş qapısı baştağ şəklində həll edilmiş, yuxarı hissəsində, başqa səthlərdə olduğu kimi ornamental bəzəklər verilmişdir. Memarın adını və abidənin inşaat tarixini göstərən kitabələr türbənin qərb səthində, portaldan yuxarıda göstərilmişdir. Möminə xatun türbəsinin yuxarı hissəsindəki qurşaq bütün səthləri əlaqələndirir. Orada yerləşdirilmiş kufi xəttin firuzəyi kaşı yerli üzərində olması bu kitabə qurşağını binanın əhəmiyyətli bir kompozisiya elementinə çevirir.

Dövrün heç bir abidəsində Mömünə Xatun türbəsində olan sayaq kitabələr çox və uğurla işlədilməmişdir. Türbədə olan kitabələrin ümumi uzunluğu, araşdırıcıların hesablamalarına görə 500 metrə yaxındır.

Mömünə Xatun türbəsi iri ölçüləri, monumental biçimləri, dinamik silueti ilə böyük bir memarlıq kompleksinin dominantı idi. Türbəni örtən mürəkkəb naxış şəbəkələrinin arasındakı ən kiçik boşluq belə gəclə doldurulub içində bitkisəl naxışlar yonulmuşdur. Bu səbəbdən türbənin bayır səthləri parlaq Naxçıvan günəşi altında bir-birindən gözəl, bir-birindən zəngin kölgə tülünə bürünür, bu tülün çeşni və tonları gün ərzində günəşin hərəkətinə uyğun olaraq saysız dəyişir. Mömünə Xatun türbəsinin bədii memarlıq surətində şahanə əzəmət və böyüklüklə insan ölçüsü və lirik incəlik heyrətləndirici uyarlıqdadır.

Möminə Xatun türbəsinin on səthinin doqquz tağçasının şəkilləri bir-birindən tamamilə fərqlənən həndəsi ornamentlərə malikdir. Türbəyə giriş yolu olan onuncu səthin tağçasında doqquz səthdən birinin şəkli təkrar edilir. Yusif Küseyir oğlu Türbəsindən fərqli olaraq, Möminə Xatun türbəsindəki mayolika səthdə daha yaxşı yerləşdirilmiş və onu canlandırmağa xidmtə etməkdədir. Türbənin səthlərinin və frizin fiqurlu hörgüsü, əsasən, epiqrafik forma daşıyır. Azərbaycan memarlığında bunun analogiyasını Bərdə türbəsi və Qarabağlar türbəsində görmək mümkündür.

 

İnteryeri

  Türbənin zirzəmisi

İnteryeri qapayan günbəzin kərpic sıralarından olan yerliyində perpendikulyar oxlar üzərində qoyulmuş dörd dairəvi xonça medalyon (diametri 1,5 m) gözə dəyir. Gəc üzərində oyma üsulu ilə yaradılmış bu gözəl dekorativ sənət örnəkləri bitkisəl naxışlar fonunda çəkilən kufi xəttli ulduzvari kompozisiyalardan ibarətdir. Kompozisiyaların hamısının özəyini "Allah" sözü təşkil edir. Bu özəyi bir-biri ilə kəsişərək 6, 8 və 10 bucaqlı dekorativ biçimli ulduzlar əmələ gətirən adlar çevrələyir. Burada Allah (c.c.), Ömər, Osman, Əli sözləri yazılmışdır. Görünür memar öz adını da bu adlarla birləşdirmişdir. Onu da qeyd etmək lazımdır ki, I xəlifə Əbubəkrin adının memarın atasının adı ilə eyni olması onu belə mürəkkəb kompozisiya yaratmağa sövq etmişdir.

 
Türbənin gümbəzaltı hissəsində yerləşən medalyonlardan biri

Dairəvi xonçalar XII yüzilin nadir gəctəraşlıq əsəridir. Eyni tarixi dövrün əsəri olan Xərrəqan türbəsinin iç tağça əyrilərinin ortasında da dairəvi medalyonlar çəkilmişdir. Çoxu quş və əjdaha təsvirləri olan bu xonçalar içərisində ortası dekorativ biçimli 6 və 8 bucaqlı ulduzlarla doldurulmuş olanları da vardır. Həm də bu ulduzlar çalkeçir yolu ilə standart ayrıntılardan yaradılmışdır. Mömünə Xatun xonçaları bu əski türk gələnəklərinin inkişaf etmiş və tam islamlaşmış biçimidir. Əcəmi günəş və planetlərin rəmzi olan bu dairəvi xonçaları interyerin ən uca yerinə – günbəz əyrisi içərisinə qaldırmış, yarıqaranlıq türbə interyerini "işıqlandırmışdır".

Medalyonlar abidənin ilk tədqiqatçısı Y. Yakobstal tərəfindən qeyd edilməmişdir. Y. Yakobstal türbəni təsvir edərkən qeyd olunan medalyonlar haqqında danışmır.

Naxçıvan türbələrindəki kitabələr haqqında M. Hartmanın tərtib etdiyi və Y. Yakobstalın əsərinə əlavə edilmiş oçerkdə də medalyonların adı çəkilmir. 1939–1940–cı illərdə abidənin daha dəqiq tədqiqi ilk dəfə medalyonların fotoşəkillərini çəkməyə imkan vermişdir.

Tanınmış epiqrafçı Ə. Ələsgərzadə də medalyonların kitabələrini oxumağa cəhd etmişdir: "Girdə günbəzin daxili səthində dörd iri medalyon var. Bu medalyonlar günbəzin şimal-şərq, cənub-şərq, cənub-qərb və şimal-qərb tərəflərində yerləşdirilmiş və daxili ornamentlərlə doldurulmuşdur. "

1956–cı ildə bərpa işləri ilə əlaqədar olaraq bu medalyonların fotoşəkilləri çəkilmişdir. Bu medalyonların quruluş sxemini memar T. Bağırzadə tərəfndən qrafik surətdə təhlil edilmişdir.

 

Tədqiqi və təsirləri

  Məscid. Bəhruz Kəngərli

Monumental, əzəmətli bir tikinti olan Möminə Xatun türbəsi Naxçıvana gələn səyyah və tacirlərin diqqətini çoxdan bəri özünə cəlb etmiş və abidə bir çox əsərlərdə öz əksini tapmışdır. Hələ XIX əsrin əvvəllərində Naxçıvana gələn Dübua de Monper abidəyə diqqət yetirmiş və onun kitabələrinin üzünü çıxararaq Peterburqa, akademik Frenə göndərmişdir. O zamandan bəri müxtəlif alim və şərqşünaslar türbənin özü və kitabələri haqqında bir çox əsərlər nəşr etdirmişlər.

Məlumdur ki, XII əsrdən çox sonra da Əcəminin Naxçıvanda yaratdığı abidələr müxtəlif sənətkarlara nəinki ölkə daxilində və hətta, Azərbaycanın sərhədlərindən kənarda da bir nümunə olaraq qalırdı. Əcəmi Əbubəkr oğlunun yaxın Şərq ölkələrində təsirini göstərməyə məşhur alman şərqşünası Ernist Ditsin "Türk sənəti tarixi" əsərində irəli sürdüyü mülahizə çox yaxşı nümunə ola bilər. O, Anadolu türklərindən olan məşhur Memar Sinanın yaradıcılığından bəhs edərkən deyir ki, Memar ibn-Sinanın İstanbulda tikdiyi bəzi türbələr, şübhəsiz ki, Naxçıvan türbələrinin təsiri nəticəsində əmələ gəlmişdir. Memar Sinanın Naxçıvan abidələri ilə necə tanış olduğunu izah edərkən Dits qeyd edir ki, Memar Sinan ordu mühəndisi sifəti ilə XVI əsrdə yeniçərilərin səfərlərində iştirak etmiş və Naxçıvanda olmuşdur.

Türkiyə tədqiqatçıları da bunu qəbul edirlər. Memar Vədat Dalokay "Toplumcu Sinan" adlı məqaləsində Sinanın İstanbuldakı Xosrov Paşa türbəsindən bəhs edərkən "Atabəylərdən qalma bir nəfəs gəlir" yazmışdır.

Möminə Xatun türbəsi 1995-ci ildə dövriyyəyə buraxılmış 50000 manatlıq əskinazın üzərində

  Azərbaycan poçt markası. 1997 

    Azərbaycan poçt markası. 2016

 

Qalereya

Türbə Atabəylər Memarlıq Kompleksinin bir hissəsi şəklində
  Türbə 1896-cı ildə
    Türbə Naxçıvan xan sarayı ilə bir yerdə
   Möminə Xatun türbəsinin həyətində at və qoyun daş heykəlləri
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR