Dərc edildi: Baxış sayı: 625
Molla Nəsrəddin - Aşı mollanın, başı mollanın
Bir gün molla çayın kənarında əyləşmişdi, gördü ki, suyun üzü ilə çay axını bir neçə motal üzüb gəlir. Tez soyunub girdi suya, motalların ikisini tutdu, ikisi də ona yaxınlaşdı.
Molla əlindəkilərin hərəsini bir ayağına keçirtdi, yaxınlaşan iki motalı da tutdu. Gördü ki, uzaqdan bir motal da gəlir, əlindəkilərdən birini dişinə alıb onu da tutdu. Bu zaman suda bir motal da göründü. Ancaq molla nə qədər can atdısa, altıncı motalı tuta bilmədi.
Çaya gələn bir kişi əl uzadıb motalı tutanda, molla fısfısla dedi: - A kişi, motala şərikəm a!
Odur ki, deyiblər:
Aşı mollanın, başı mollanın,
altıdan beşi mollanın,
yerdə qaldı bir dənə,
onda da var işi mollanın.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət