Moldovada böhran: prezident Dodon vəzifəsindən kənarlaşdırılıb
Moldovanın Konstitusiya Məhkəməsi (KM) prezident İqor Dodonu vəzifəsindən kənarlaşdıraraq Baş nazir Pavel Filipi dövlət başçısı səlahiyyətlərinin icraçısı təyin edib.
Məhkəmə bu qərarın Demokratik Partiyadan olan bir qrup deputatın sorğusu əsasında qəbul edilməsini prezidentin parlamenti buraxmaq barədə fərmanı imzalamaqdan və KM-nin qərarını yerinə yetirməkdən imtina etməsiylə izah edib.
KM-nin qərarında Pavel Filipə parlamenti buraxmaq tapşırılmışdı və bazar günü o, parlamenti buraxıb.
Prezident səlahiyyətlərinin icraçısı parlamentin buraxılması və erkən seçkilərin keçirilməsi barədə fərman imzalayıb.
Pavel Filip bildirib ki, yaranmış vəziyyətdə başqa çıxış yolu qalmayıb.
İqor Dodon RIA Novosti agentliyinə bildirib ki, məhkəmə qərarı "hakimiyyətin daha da qəsb edilməsinə" yönəlib.
Vəzifəsindən kənarlaşdırılmış prezident Facebook səhifəsində yazıb ki, hakimiyyətin sülh yolu ilə ötürülməsi prosesində vasitəçilik etmək üçün beynəlxalq ictimaiyyətə müraciət etmək istəyir.
Pavel Filip eləcə də vətəndaşları bazar günü Demokratik Partiyanın təşkil etdiyi tədbirlərdə iştirak etməməyə çağırıb.
Ötən gün Moldova parlamenti yaydığı bəyanatında ölkəni "ilhaq olunmuş dövlət" elan edib.
Şənbə günü Avropa İttifaqı ölkə rəsmilərini sakitliyə və təmkinliyə çağırıb.
Daha əvvəl Moldovanın Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərara əsasən, seçkilərin nəticələri elan olunduqdan sonra üç ay ərzində parlament yeni hökümət təşkil edə bilmədiyi halda ölkə prezidenti parlamenti buraxmalı və erkən seçkilərin tarixini elan etməli idi.
KM-nin qərarına əsasən üç ay müddəti iyunun 8-də bitib.
Buna baxmayaraq, hakim Sosialist Partiyasından və sağçı ACUM blokundan olan deputatlar şənbə günü parlamentin iclasını keçirərək bu qurumun rəhbərliyini seçib, strukturunu və işçi orqanlarının tərkibini təsdiq ediblər.
Bundan əlavə, parlament Baş nazir Maya Sandu başda olmaqla yeni hökumətin tərkibini təsdiqləyib.
Konstitusiya Məhkəməsi isə elə həmin gün bu qərarı qanunsuz elan edib.
Bazar gününə keçən gecə Demokrat Partiyasının tərəfdarları Kişinyovda bəzi nazirlik və hüquq-mühafizə orqanlarının binaları qarşısında çadırlar qurublar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət